Son günlər cənab Prezidentin vəzifələrə təyin etdiyi şəxslərə verdiyi tapşırıqlar cəmiyyət tərəfindən müsbət qarşılanır. Təyin edilənlər isə işlədiyi sahədə özünü müsbət tərəfdən tanıdan şəxslərdir və buna görə yüksək etimada layiq görülüblər. Bu təyinatlara qarşı birbaşa çıxmasalara da, bəziləri qüsur axtarmağa cəhd edir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
O qeyd edib ki, son təyin edilənlərdən ən çox hücuma məruz qalan isə YAP Gənclər Birliyinin sədri olan Seymur Orucovdur:
“Ayrı-ayrı bucaqlardan onun haqqında “kompromat” yaymağa, ictimai fikirdə işə başlamamış onun haqqında neqativ rəy yaratmağa çalışırlar. Ən son “şedevr kompromat” isə onun ingilis dilində çıxışı olan videonun yayılması və onun bu xarici dili yaxşı bilməməsinin vurğulanmasıdır. Tamamilə razıyam, Seymur ingilicə nəinki Harvard səviyyəsində, heç Malta dialektində də danışa bilmir. Ancaq bir məqam var ki, Seymur Ağstafaya ingiliscə danışmağa yox, rayonda ölkə rəhbərinin nümayəndəsi vəzifəsini yerinə yetirməyə göndərilib. Ona ingilis dilində düzgün tələffüzə görə deyil, rayonun sosial-iqtisadi inkişafını təmin etməsinə, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, sahibkarlığa dəstəyinə görə qiymət veriləcək”.
Aydın Mirzəzadə qeyd edib ki, o, yeni nəsil idarəçiliyin nümunəsinin yaradılmasında şəxsi nümunə olmalıdır:
“Seymura qarşı hücum təsadüfi deyil, əsas hədəf cənab prezidentin siyasi kursu, Yeni Azərbaycan Partiyasıdır. Seymurun YAP sıralarında formalaşması partiyanın potensialını, Azərbaycan gənclərinin Heydər Əliyev yoluna inamını göstərir. Seymur kimi gənclərimiz yüz minlərlədir, onlar müstəqil Azərbaycan mühitinin yetirmələridir və etimadı doğruldacaqlar. Seymur isə qarayaxmalara əhəmiyyət vermədən sadəcə olaraq işləyir. Prezidentin etimadını doğrultmağa çalışır, Ağstafada yeni mühit yaratmaq üçün çalışır. İnanırıq ki, bu onda alınacaq. İngilis dilini yaxşı bilməsə də”.