Onlayn formada planlaşdırılmış “Böyük yeddiliy”in sammiti sentyabrda nəzərdə tutulub və ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, zirvə görüşünü canlı şəkildə keçirmək niyyətindədir. Tramp şəxsən rusiyalı həmkarı Vladimir Putini də dəvət edib. Onun belə qərar verməsi bir sıra amillə bağlıdır, Tramp hazırda seçkiqabağı kampaniyasına qoşulub və əsas məqsədi seçicilərin dəstəyini qazanmaqdır. Paralel olaraq ona xarici dəstək də lazımdır. Aparıcı dövlətlər, o cümlədən Rusiyanın dəstəyi Tramp üçün hazırkı şəraitdə olduqca vacibdir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov deyib.
Onun fikrincə, Putin Trampın dəvətini qəbul edəcək:
“Sanksiyaların boyunduruğundan çıxmaq istəyən Moskva sammitə qoşulub, beynəlxalq münasibətlər sisteminə qovuşmaq niyyətindədir. Bu, Putin üçün mühüm məqamdır. Lakin ortada ciddi problem də var. Tramp qarşıya Çinə qarşı koalisiya yaratmaq məsələsini qoyur və bununla bağlı Çinin partnyorları olmayan ölkələri, müəyyən dərəcədə düşmənçilik edən Cənubi Koreya, Hindistan və Avstraliyanı ora dəvət edir”.
Fikrət Sadıxov qeyd edib ki, bu məsələ ilə əlaqədar Rusiya ilə ABŞ və digər dövlətlər arasında ciddi ziddiyətlər olacaq:
“Rusiya heç vaxt Çinə qarşı geniş koalisiyaya qoşulmayacaq. Gündəlikdə bu məsələ dayansa da, Putin Vaşinqtona gedə bilər, amma Rusiya Prezidentinin sammitdə iştirakı o demək deyil ki, mütləq koalisiyaya qoşulacaq və Çinə qarşı addım atacaq. Əksinə əlindən gələni edəcək ki, belə koalisiya yaranmasın”.
Politoloq ABŞ-da prezident seçkiləri öncəsi keçiriləcək sammit çərçivəsində Putinin Birləşmiş Ştatlara səfəri ətrafında yarana biləcək spekulyasiyalara da münasibət bildirib:
“Rusiyanı öncəki seçkilərdə müdaxiləyə görə ciddi şəkildə tənqid edirdilər. Tənqid edənlər Demokratlar Partiyası və Konqres idi. Onlar Rusiyanı seçkilərə gizli müdaxilədə günahlandırır. İndi söhbət Putinin G7-nin sammitində iştirak üçün rəsmi səfərindən gedir. Düşünmürəm ki, Rusiya dövlət başçısının rəsmi şəkildə G7 sammitində iştirak üçün ABŞ-a səfəri seçki kampaniyasına müdaxilə edəcəyi kimi qiymətləndirilsin. Müəyyən dairələr geniş şəkildə yenidən o kampaniyanı başlaya və Putinin Trampa açıq dəstək verdiyini söyləyə bilərlər. Ancaq Putinin itirəcəyi heç bir şey qalmayıb. Rusiya onsuzda sanksiya içərisindədir və bundan əlavə Kremlə qarşı hansı tədbirlərin görüləcəyi məlum deyil. Hər halda Putini Trampın yenidən seçilməsi tam qane edir”.