“Rusiyada böhran özünü var gücü ilə yaxın 2-3 aydan sonra göstərməyə başlayacaq. Bunun əlamətlərindən biri də hələlik pərdə arxasında gedən hakimiyyətdaxili siyasi mübarizənin qismən açıq müstəviyə keçməsi olacaq. Artıq bu gün hakim elitada baş vermiş parçalanmanın ilkin əlamətləri görünməkdədir”.
Politoloq Ərəstun Oruclu belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Qaradərili Corc Floydun qətli ətrafında başlayan etirazlar ABŞ daxilində kənardan da hiss ediləcək bir gərginlik yaradıb. Sizcə, bu etirazlara səbəb olan əsas faktor bu qətl idimi?
- Minnesota ştatında afroamerikalı Corc Floydun polis tərəfindən qətlə yetirilməsi nəticəsində başlanan və artıq bir neçə gündür davam edən etirazlar, məncə, ABŞ cəmiyyətində uzun müddətdir yetişməkdə olan böhranın təzahürlərindəndir. Etirazlar Floydun qətlinə cavab olaraq başlasa da, bunun kütləviliyi və davamlılığı problemin köklərinin daha dərində olmasının əlamətidir. ABŞ cəmiyyəti son 20 ildə həm siyasi, həm də sosial-iqtisadi baxımdan xeyli dəyişib, siyasi isteblişment isə bu dəyişikliklərlə nəinki ayaqlaşa bilməyib, heç bunu istəmir də. Nəticədə siyasi isteblişmentlə xalq arasında bağlar xeyli zəifləyib və cəmiyyətdəki gərginliyin əsas səbəblərindən biri budur.
Pandemiyanın yaratdığı işsizlik, yoxsullaşma da prosesə öz töhfəsini verib. Corc Floydun qətli isə bir növ barıt çəlləyinə düşən qığılcım rolunu oynadı. Zaman-zaman irqi ayrı-seçkilik zəminində baş verən bu tip hadisələr ABŞ-da az qala adi hal olsa da, onların hər biri daim müəyyən ictimai reaksiya doğurur. Amerika cəmiyyətində fəallar, xüsusilə də liberal kəsim istənilən zəmində ayrı-seçkiliyə həssas yanaşır və bu da anlaşılandır. Diskriminasiya, ksenofobiya olduqca rəngarəng ABŞ cəmiyyəti üçün ən ciddi təhdid, hansısa məqamda isə bəlkə də dağıdıcı faktor ola bilər.
Amma, eyni zamanda bu tip yanaşmalar təəssüf ki, hələ də aktualdır, çünki bir sıra hallarda fərd olaraq, insanların daxilindən gələn hisslərdən qaynaqlanır. Yəni, kimsə üzdə irqçi görünmək istəmir, çünki bu, alqışlanan mövqe, yanaşma deyil, ona görə də bu cür ayırıcı yanaşmaları insanlar öz daxilində saxlayır ki, bunlar da müəyyən anlarda özünü büruzə verir. Sadəcə dediyim kimi, bu dəfəki hadisə etiraz potensialının yüksək olduğu dönəmə təsadüf etdiyindən belə böyük miqyas aldı. Etirazlar cəmiyyətin iradəsinin nəticəsidir və bu gün də heç bir mərkəzləşmiş idarəçilik, təşkilatçılıq əlamətləri olmadan spontan davam etməkdədir. Eyni zamanda, məncə, bu etirazlar həm də ABŞ cəmiyyətindəki illərdir yığılıb qalmış sosial-iqtisadi və digər problemlərin təzahürüdür.
- Amerikada polisin sərt olduğu deyilir. Bu belədirmi, niyə orada polisə vətəndaşlarla sərt davranmaq üçün geniş səlahiyyətlər verilib, yoxsa bu təkcə afroamerikalılara münasibətdə belədir?
- Bəli, ABŞ polisi bəzi situasiyalarda kifayət qədər sərt davranır və bunun da həm tarixi, həm də digər səbəbləri var. Əsas səbəblərdən biri də budur ki, ABŞ əhalinin silahlı olduğu ölkədir və belə ölkədə polis özü də daim stress və risk altındadır. Görünür, bu da zorakılığa sövq edən səbəblərdən biridir. Digər tərəfdən, qanun qarşısında hamı bərabər olsa da, polis zorakılığı özünü daha çox qaradərili əhaliyə münasibətdə göstərir. Həmin əhali qrupuna daxil olan insanlara qarşı polis zorakılığı halları təəssüf ki, həm sayca digər qruplardan daha çoxdur, həm də faiz nisbətində orta statistik göstəricilərdən yüksəkdir. Bunun isə çoxsaylı sosial, iqtisadi, hüquqi, tarixi və s. səbəbləri var. Qaradərili əhali arasında yoxsulluq və işsizlik səviyyəsi yüksək olduğundan bu əhali qrupundan olanların hüquqi xidmətlər əldə etmək imkanları da məhduddur. ABŞ-da hüquqi xidmət bahalı olduğundan yoxsul əhali üçün hər zaman əlçatan olmur.
- Etirazlar Tramp hökumətinin sonunu gətirə bilərmi? Ümumən, ABŞ üçün qarşıdakı seçkilərdə iştirak edəcək hansı namizəd daha əlverişlidir – Bayden, yoxsa Tramp?
- Öncə onu qeyd edim ki, etirazların belə böyük miqyası almasında və indiki həddə çatmasında Prezident Trampın şəxsi “xidmətləri” var. O, prezidentlik uğrunda yarışa qatıldığı ilk gündən ayırıcı, irqçi, ksenofob və bu kimi qəbildən olan bəyanatlarla cəmiyyətdə latent şəkildə mövcud olan həmin tendensiyaların aktiv fazaya keçməsinə stimul verdi. Trampın populizmi bir çox hallarda ifrat sağçıları da kölgədə qoyur və bunları edən ABŞ kimi rəngarəng cəmiyyəti olan ölkənin prezidentidir.
ABŞ prezidenti etirazlar başlayan ilk gündən də öz üslubuna və baxışlarına sadiq qalaraq, hər gün bir neçə məsuliyyətsiz addımlar atdı ki, bu da hərarəti bir qədər də artırdı. Bu günlərdə Tramp bütün amerikalıların prezidenti olmadığını özü sübut elədi. Bu da onun yenidən seçilmək şansını xeyli azaltdı. ABŞ universitetlərindən birinin keçirdiyi son rəy sorğusunda 52% respondent Baydenə, 41% isə Trampa üstünlük verib. Bu, hazırda mövcud olan vəziyyətdir və unutmayaq ki, bu, etirazların kulminasiya nöqtəsində olduğu gün keçirilmiş sorğuların nəticələridir. Əlbəttə ki, ümumi situasiya Donald Trampın xeyrinə deyil. Pandemiya və onun doğurduğu iqtisadi böhran nəticəsində ölkədəki işsizlərin sayı 40 milyonu keçib və müxtəlif proqnozlarda vəziyyətin hələ xeyli müddət bu səviyyədə qalacağı göstərilir. Yəni, bugünkü vəziyyət qalacaqsa, Trampın seçkidə qalib gəlmək şansları minimum olacaq. Qaldı ABŞ üçün kimin daha əlverişli olmasına, burda rəylər çox müxtəlifdir. Mən düşünürəm ki, istənilən demokrat prezident Donald Trampdan daha əlverişlidir.
- Bəs ABŞ-ın əzəli rəqibi Rusiyanı nə gözləyir? Demək olar ki, pandemiya Amerikada olduğu kimi Rusiya daxilində də gərginliyə səbəb olub.
- Rusiyadakı vəziyyətlə bağlı sizinlə artıq danışmışıq və əvvəl dediklərimə bunu əlavə edə bilərəm ki, Rusiyada böhran özünü var gücü ilə yaxın 2-3 aydan sonra göstərməyə başlayacaq. Bunun əlamətlərindən biri də hələlik pərdə arxasında gedən hakimiyyətdaxili siyasi mübarizənin qismən açıq müstəviyə keçməsi olacaq. Artıq bu gün hakim elitada baş vermiş parçalanmanın ilkin əlamətləri görünməkdədir, amma düşünürəm ki, problem var gücü ilə böhran pik nöqtəyə çatanda üzə çıxacaq. Bu gün hakimiyyətə can atmaq və hətta onu əldə etmək sabahkı böhrana görə məsuliyyəti üzərinə götürmək deməkdir, ona görə də hələlik heç bir tərəf tələskənlik etmək istəmir. Rusiyadakı daxili gərginliyin çaxnaşma həddinə çatacağını düşünmürəm, çünki bu halda Rusiya SSRİ-nin aqibətini təkrarlaya bilər. Bu isə bütün tərəflər üçün ağır məğlubiyyət demək olardı. Ona görə də mübarizənin daha çox pərdə arxasında gedəcəyini və yalnız onun qaliblərinin önə çıxacağını düşünürəm.
- Sizcə, pandemiya ənənəvi qlobal güclərin - Çin, Rusiya və ABŞ-ın hegemon gücünü zəiflədə bilərmi?
- Əlbəttə, pandemiyanın dediyiniz 3 qlobal gücün hər birinə bu və ya digər tdərəcədə neqativ təsiri olacaq. Məncə ən çox zərər çəkən onsuz da ağır iqtisadi durumda olan Rusiya olacaq və bu da o deməkdir ki, yaxın 2-3 onillikdə rəqabət əsasən ABŞ-la Çin arasında gedəcək, Rusiya isə yəqin ki, bu rəqabətdən yararlanmağa və dirçəlməyə çalışacaq. Təbii ki, regional güclər də meydana çıxacaq və onlar artıq görünməkdədir. Avropa Birliyi ilə ABŞ arasında münasibətlər Trampın bölücü siyasətindən əvvəlki məcrasına qayıtmazsa, bu birlik də ayrıca qlobal güc olmaq iddiasını ortaya qoyacaq və bunun üçün də yetərincə potensialı var. Bundan əlavə Hindistan və Braziliya kimi ölkələrin də rolunun artacağı istisna deyil. Gördüyümüz kimi, post-pandemiya dövrü əvvəlkindən nəzərə çarpacaq dərəcədə fərqli olacaq.
- Yaxın gələcək üçün Ermənistan-Azərbaycan münaqişəsi haqda gözləntiniz nədir, bu “ağır daş”ı tərpətmək mümkün olacaqmı?
- Təəssüf ki, hələlik bu məsələdə irəliləyiş olacağını demək mümkün deyil. Çünki ortada nə münaqişə tərəflərinin siyasi iradəsi görünür, nə də münaqişənin həllində vasitəçilik edən ölkələrin istəyi. Amma biz istənilən halda münaqişənin həllinə çalışmalıyıq və bu yolda bütün mümkün variant və vasitələri nəzərdə saxlamalıyıq, çünki söhbət bizim torpaqların taleyindən gedir. Zaman bu məsələdə Azərbaycanın əleyhinə işləyir. Hazırda Qərb ölkələrindəki araşdırmaçılar arasında münaqişəni tərəflərin mübahisəsinin nəticəsi kimi təqdim eləmək tendensiyaları artmaqdadır. Yəni, işğalçı ilə işğala məruz qalanı eyni statusda təqdim eləməyə çalışırlar. Düzdür, hələlik bu, beyin mərkəzləri və digər institutlar səviyyəsində olan yanaşmadır, amma onun yaxın zamanlarda siyasi-diplomatik ritorikaya da daxil olacağı istisna deyil.