“Bildiyiniz kimi, dünən Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədov ölkə vətəndaşlarına müraciət edib, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı yayılıb. Son vaxtlar vətəndaşların əksəriyyəti karantin rejiminin tələblərinə əməl etmədiyinə görə ölkədə koronavirusla bağlı epidemioloji vəziyyət pisləşib, xəstəliyə yoluxanlar ilə sağalanlar arasında ciddi fərq yaranıb. Karantin rejiminin yenidən sərtləşdirilməsi qərara alınıb. Şənbə və bazar günləri Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Əhalidən xüsusi karantin rejiminin tələblərinə əməl etmək tələb olunub. Bununla əlaqədar mən də deputatlardan, parlament Aparatının və İşlər İdarəsinin əməkdaşlarından tələb edirəm ki, karantin rejiminin tələblərinə ciddi riayət etsinlər, müəyyən edilmiş yerlərdə hökmən tibbi maskalardan və digər qoruyucu vasitələrdən istifadə etsinlər, sanitariya-gigiyena qaydalarına əməl etsinlər”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova bu gün parlamentin növbədənkənar iclasında səsləndirib.
Spiker bildirib ki, iclasa qatılan media nümayəndələrinin də bu tövsiyyələrə əməl etmələri yaxşı olardı: “İyunun 3-də möhtərəm Prezidentimiz İlham Əliyevin Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər birimiz üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini dərk etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir. Hər kəs bilməlidir ki, Azərbaycan dövləti virusa qarşı mübarizədə bütün lazımi tədbirləri həyata keçirir. Möhtərəm Prezident İlham Əliyevin Ağcabədidə "ASAN Həyat" kompleksinin açılışında qeyd etdiyi kimi, Azərbaycan koronavirusa qarşı mübarizədə nümunəvi ölkədir. Beynəlxalq ictimaiyyət, o cümlədən, Ümumdünya Səhiyyə Təşkilatı da ölkəmizdə atılmış məqsədyönlü, səmərəli və cəsarətli addımlara yüksək qiymət verib. Bu tədbirlər onu göstərir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşları dayanır və onun sağlamlığı hər şeydən öndə gəlir.