8 İyun 2020 00:56
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp ölkəsində sosial şəbəkələrdə davranış qaydalarını tənzimləyən qanuna dəyişiklik edilməsilə bağlı fərman imzladı. Dəyişikliyə əsasən istənilən sosial şəbəkədə hansısa qanuna və hüquqa zidd məlumatın paylaşılmasına görə məlumatı paylaşanla yanaşı həmin saytın da məsuliyyəti müəyyən olunur. Bundan sonra ABŞ polisinin bir qara dərilinin işgəncəli şəkildə ölümünə səbəb olması ölkədə genişmiqyaslı nümayişlərin keçirilməsi üçün bir qığılcım oldu. Düşünürəm ki, bu hadisələrin də qarşılıqlı məntiqi əlaqədə baş verməsi ehtimalı çox yüksəkdir.

Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov belə deyib.

Bildirib ki, bütün dünyanı hörümçək toru kimi bürüyən, bir sıra hallarda dünya üzrə məlumat mübadiləsi sahəsində ciddi nizamsız və idarəolunmaz vəziyyət formalaşdıran, virtual informasiya diktaturasına rəvac verən sosial şəbəkələrin vətəni və himayəçisi kimi tanınan ABŞ-da, həm də dünya ölkələrinin rəhbərləri arasında sosial şəbəkələrin ən aktiv istifadəçisi kimi tanınan, ayrı-ayrı platformalar üzrə yüz milyonlarla virtual izləyiciyə malik olan Donald Trampın bu cür dəyişiklik təşəbbüsü ilə çıxış etməsi məsələnin ciddiliyindən xəbər verir. Öncə onu qeyd edim ki, ABŞ və onun müttəfiqi olan Qərb dövlətləri heç bir halda sosial şəbəkələrin tam şəkildə qapadılmasına imkan verməyəcəklər.

Siyasi şərhçi əlavə edib ki, sadəcə bütün texniki və digər sahələrdə baş verən yeniliklərin müsbət tərəfləri olduğu kimi müəyyən məqamlarda mənfi təzahürləri də baş verir. Bu gün ABŞ sosial şəbəkələrin məhz həmin mənfi tərəfləri ilə mübarizə apardığını düşünürəm. Sosial şəbəkələrin idarə olunmasına dövlət nəzarətinin olmaması ABŞ-ı və digər ölkələri dövlətlərin bir sıra sahələrdə, o cümlədən də informasiya sahəsində təhlükəsizliyinə müəyyən təhdidlər yaratmaqdadır.

X.Bəşirov vurğulayıb ki, D.Trampın dəyişiklik təşəbbüsü eyni zamanda onu da aşkar etdi ki, bir sıra hallarda ayrı-ayrı dünya dövlətlərini öz insanlarına münasibətdə söz və vicdan azadlığını pozmaqda, sosial şəbəkələrə əsassız məhdudiyyətlər yaratmaqda ittiham edən ABŞ-da dünyanın əkəsər ölkələrində olmayan, Sosial şəbəkələrdə davranış qaydaları (Communications Decency Act) haqqında ayrıca qanun mövcuddur.

“Düşünürəm ki, hazırda nəzərdə tutulan dəyişikliklə ABŞ höküməti sosial şəbəkələrə tam şəkildə dövlət nəzarətini təmin etməklə, həm gələcəkdə, bu platformardan dövlətin təhlükəsizliyinə yarana biləcək ən xırda təhdiddən belə sığortalanmağı, həm də, hazırda dünyada ən çox gəlir gətirən sahələrdən birinin gəlirlərini də kontrolda saxlamağı qarşısına məqsəd qoyub. ABŞ-ın görkəmli yazıçısı Mark Tven deyirdi ki, “Biz mətbuata azadlıq verdik, özümüz isə onun əsirinə çevrildik”. Daha sonra özünün müdrik kəlamları ilə fərqlənən M.Tven əlavə etmişdir ki, “Kim deyir ki, Amerika mətbuatı satılıqdır, əsla belə deyil. O, bir dəfə və həmişəlik olaraq artıq satılmışdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər