Yeni növ koronavirus infeksiyası ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ölkəmizdə xəstəliyin ilkin mərhələdə geniş yayılmaması uğurlu addımlar sırasındadır. Mübarizəyə başlandığı gündən əsas çağırış məsuliyyətli olmaq, sosial məsafəni gözləmək, tibbi maskalardan istifadə etmək olub və həmin məsələlər bu gün də öz aktuallığını qoruyur. Ehtiyac duyulmadığı təqdirdə evdən çıxmamaq əsas tələblər sırasındadır.
Bunu Teleqraf.com-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
O qeyd edib ki, koronavirus pandemiyasının qarşısının alınması üçün ölkədə həyata keçirilən bütün tədbirlər, görülən işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir:
“Koronavirusun həm insanların həyat tərzinə, həm də hər bir ölkənin iqtisadiyyatına böyük zərbə vurduğu halda, dövlət başçısı əhalinin sağlamlığının qorunmasının prioritetliyini önə çəkərək bu istiqamətdə zəruri olan bütün addımları atdı.
Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldular. Ölkədə istifadəyə verilən iki müəssisə tibbi maska ilə yanaşı, tibbi spirt, dezinfeksiya məhsulları, qoruyucu kombinezonlar istehsal edir. Məhz qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində karantin rejimində mərhələ-mərhələ yumşalmalar həyata keçirildi. Azərbaycan aparılan testlərin sayına görə də öz birinciliyini qoruyur. Ümumiyyətlə, testlərin aparılması hər bir ölkəyə geniş imkan yaratdı ki, xəstələrinin sayını müəyyənləşdirsin, onlara operativ tibbi xidmət göstərsin və eyni zamanda, özünü bu dəhşətli bəladan qorusun”.
Vüqar Rəhimzadə bildirib ki, məsuliyyətimizi artırmalı, nizam-intizam qaydalarına riayət etməli, hər kəs özünün həkimi olmaqla evdə qalmağa daha çox üstünlük verməlidir:
“Nəzərdə tutulan qaydaların pozulmasına görə cərimələrin tətbiqi də insan amilinə verilən dəyərdən, onların sağlamlığını təmin etmək üçün zəruri şəraitin yaradılmasından qaynaqlanır. Amma çalışmalıyıq ki, cərimələr deyil, məsuliyyətimiz sağlamlığımızın keşiyində dayansın. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın bütün müraciətlərində məsuliyyətli olmağa, evdə qalmağa çağırışlar əsas yer tutur. COVID-19-a qarşı vaksinin nə zaman hazırlanacağını, xəstəliyin tez və səmərəli müalicə üsulunun nə vaxt tapılacağını bu gün heç kim dəqiq deyə bilmir. Ona görə də heç bir halda sayıqlığımızı itirməməli, ümidverici rəqəmlər fonunda səhlənkarlığa yol verməməliyik. Əziyyətlə nail olduğumuz müsbət nəticələri sıfıra endirərək itirmək yolverilməzdir. Laqeydlik hər birimizə, yaxınlarımıza, ölkəmizə real təhlükə törədəcək. Hamımız yeni qaydalarla yaşamağı öyrənməliyik. Əslində, bu qaydalar elə də çətin deyil – məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əlləri yumaq”.
Baş redaktor qeyd edib ki, COVID-19-la mübarizədə vətəndaş məsuliyyəti əsasdır və tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə məsuliyyət qoyur:
“Maarifləndirmə işinin yüksək səviyyədə həyata keçirilməsinin prioritet olduğu çağırışı hər zaman gündəmdədir. Bu baxımdan hər bir vətəndaş üzərinə düşən məsuliyyəti dərk etməklə artıq pandemiyanın birinci mərhələsini az itki ilə başa vuran ölkəmizin yeni dalğaları yaşamamasına, xəstəliyin coğrafiyasının genişlənməməsinə öz dəstəyini göstərə bilər. Hər addımda rast gəldiyimiz reklam lövhələrində, avtobus və metrolarda səsləndirilən çağırışlar hər birimizdə məsuliyyət hissi yaratmaqla yanaşı, sabaha böyük inamla addımlamağımızı tələb edir. Özünütəcrid koronavirusla mübarizədə əsas amil olduğu halda, özünəqapanma, depressiyaya düşmə uğursuzluğa yol açar. Bunun üçün məsuliyyətli olaq, qaydalara riayət edək, özümüzə qapanmayaq, pozitiv olaq, evdə qalaq ki, koronavirusla mübarizənin qaliblərinə çevrilək”.