16 İyun 2020 16:32
11 751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər və müdafiə nazirinin Türkiyə səfəri zamanı Liviya ilə yanaşı Suriya məsələsinin də müzakirə edilməsi gözlənilən idi. Ancaq səfər təxirə salındı. Açıq deyə bilərik ki, Türkiyə son zamanlar Liviyada qalibiyyətə yaxınlaşan general Xəlifə Haftarın qarşısını aldı və əvəzində Liviya milli etimad hökuməti müəyyən irəliləyişlərə nail ola bildi. İndi tərəflər daha çox razılaşma haqqında düşünür. Sadəcə bu razılaşmanın hansı formada əldə edilməsi məsələsi qalıb və görünür ki, bunun üçün dəqiqləşdirmələrə ehtiyac var. Hesab edirəm ki, Rusiya dövlət rəsmilərinin Ankara səfərinin təxirə salınmasına da bu konteksdən baxmaq lazımdır.

Bu fikirləri Teleqraf.com-a deputat Rasim Musabəyov Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqunun iyunun 14-də Türkiyəyə planlaşdırılan səfərlərinin qəfil təxirə salınmasının səbəblərini şərh edərkən deyib.

Deputatın fikrincə, Rusiya və Türkiyə münasibətlərinin açıq toqquşma vəziyyətinə gəlməsində nə Ankara, nə də Moskva maraqlıdır: “Bəli, Liviyada Haftarın arxasında ruslar, Sərrac hökumətinin arxasında isə türklər durur. Biri var arxasında durmaq, dəstək göstərmək, biri də var ki, tərəflərdən birinin tam qalib çıxmaq ehtimalı yarananda digər tərəfdən səhnə arxasında olan oyunçu açıq şəkildə ortaya çıxmalıdır. Bu isə faktiki Türkiyə-Rusiya qarşıdurmasına əsas yarada bilər. İndiki halda Türkiyə də, Rusiya da bunu istəmir. Deməli, razılıq olmalıdır. Razılıq isə asan bir iş deyil. Əvvəl Ankaraya ekspertlər səfər etmişdi. Ola bilsin ki, hazırlanıb ortaya çıxarılan razılaşma tərəfləri qane etmir. Bu səbəbdən də səfər təxirə salındı. Lakin böyük ehtimalla razılaşma əldə olunacaq”.

Sabiq dövlət müşaviri “Rusiya və Türkiyə Liviyada nəyi bölə bilmir” sualına da aydınlıq gətirərək deyib ki, söhbət nüfuz genişləndirilməsindən gedir: “Rusiya nüfuz dairəsini genişləndirmək istəyir. Amma bura zamanında Osmanlı imperiyasının bir hissəsi olub. Rusiya nüfuzunu zamanında türk imperiyasının tərkibində olan yerlərdə artırmaq niyyətindədir. İndi Türkiyə gedib Ukraynada nüfuzunu artırmağa və ruslara qarşı iş görməyə başlasa, bu rusların xoşuna gələrdimi? Məncə, yox. Amma Rusiya gəlib Suriyada nüfuzunu artırır. Bəyəm bura sənin ərazindir? Böyük dövlət iddiasını bir tərəfdən nümayiş etdirmək istəyir, digər tərəfdən iqtisadi maraqları var. Nəhayət Rusiya hər tərəfə əl atmaqla ABŞ başda olmaqla Qərb ölkələrinin “Yaxşı, postsovet məkanı sənindir, get nə istəyirsən et” cavabını almaq istəyir. Onlar isə Rusiyaya "yox" deyirlər. O mənadakı bunu sənə heç kəs peşkəş edəsi deyil”.


Müəllif: Cavad

Oxşar xəbərlər