Ölkəmizi gözləyən çox ciddi təhlükələrdən biri də müəyyən qrupların sosial şəbəkələr üzərindən Azərbaycan dövlətinə qarşı etimadsızlıq yaratmaq cəhdidir. Bir neçə gün əvvəl polislə bağlı yaranmış vəziyyətdə bunun şahidi olduq. Dövlətin addımları ilə bu təxribatın qarşısı alındı, polis üzr istədi və digər işlər görüldü.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa deyib.
F. Mustafa bildirib ki, indi də Dağıstan sərhədində baş verənlərdən istifadə edərək təxribat yaratmağa cəhd edirlər: “Bu cür təxribatların davamı da ola bilər”.
Deputat təkliflə çıxış edərək qeyd edib ki, karantinə nəzarət səhiyyə sisteminə verilsin: “Digər tərəfdən təklif edirəm ki, karantin rejimini polisin üzərinə qoymayaq. Bütün dünyada bu işi səhiyyə sistemi görür. Hesab edirəm ki, 2 həftəlik karantin rejiminə də tam ciddi şəkildə əməl etməliyik. Lazım olarsa, Milli Məclisin də iclasını dayandıra, onlayn şəkildə keçirə bilərik”.