10 İyul 2020 09:05
2 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ATƏT-in Minsk qrupunun həmsədrləri gah nala, gah da mıxa vurmaqla məşğuldurlar. Artıq uzun müddətdir bu mənzərə ortadadır - keçirilən görüşlərin yeganə məqsədi Minsk qrupunun fəaliyyətdə olduğunu görüntüləməkdən ibarətdir”.

Politoloq Elçin Mirzəbəyli belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı sonuncu görüş də heç nə ilə yadda qalmadı. İllərdir vəziyyət belədir. Niyə xüsusən də nazirlər səviyyəsində keçirilən görüşlər ən azı həll prosesində aktivlik yaratmadı?

- Əslində aktivliyin yaranması üçün heç bir əsas yoxdur. Həm Ermənistandakı vəziyyət, həm də Nikol Paşinyanın yürütdüyü siyasət Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesin intensivləşməsinə imkan vermir. Bura qədər olan davranışlar da prosesin pozulmasına yönəlmişdi. Bura bir sıra faktorlar daxildir. Cənab prezident də Azərbaycan televiziyalarına verdiyi müsahibədə bu məqamlara toxundu. Bunlardan biri mütəmadi olaraq separatçı rejimin danışıqlara tərəf kimi cəlb olunması iddiası ilə bağlıdır. Ermənistan rəhbərliyinin bu istəyinə hər dəfə Azərbaycandan sərt şəkildə qarşılıq verilir. İkinci amil, Şuşada törədilən təxribatla əlaqədardır. Ermənistan tərəfindən Azərbaycan sərhədlərində mütəmadi olaraq törədilən təxribatları da bura aid etmək olar.

Prinrip etibarilə, Ermənistan hakimiyyətinin davranışları imkan vermir ki, danışıqlar prosesində hansısa formada intensivləşmə baş versin. Təəssüf ki, bu prosesdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin də “böyük xidmətləri” var. Çünki Ermənistanın hər dəfə danışıqlar prosesinin pozulmasına yönəlmiş addımlarına onlar tərəfindən göz yumulub. Bu kimi fəaliyyətlərinə cavab olaraq, Ermənistan rəhbərliyinə qarşı beynəlxalq hüquq mexanizmlərinin tələb etdiyi addımlar atılmır. Yəni ən azı Ermənistana diplomatik səviyyədə təzyiqlər edilmir, sanksiyalar tətbiq olunmur, əksinə, işğalçı ilə işğala məruz qalan arasında fərqlərin qoyulmamasına cəhdlər göstərilir.

Azərbaycan prezidentinin də dediyi kimi ATƏT-in Minsk qrupunun həmsədrləri gah nala, gah da mıxa vurmaqla məşğuldurlar. Artıq uzun müddətdir bu mənzərə ortadadır - keçirilən görüşlərin yeganə məqsədi Minsk qrupunun fəaliyyətdə olduğunu görüntüləməkdən ibarətdir. Düşünürəm ki, bu səpkidə olan görüşlərin keçirilməsinə də ehtiyac yoxdur.

- Qeyd etdiyiniz kimi Azərbaycan Prezidenti İlham Əliyev də danışıqların nəticəsiz olduğunu dedi. Hesab etmək olarmı ki, ölkə başçısı bununla nəticəsiz danışıqlar dövrünün arxada qaldığı mesajını verdi?

- Hesab edirəm ki, bu, birmənalı olaraq həm Ermənistana, həm də ATƏT-in Minsk qrupunun həmsədrlərinə verilən mesajdır. Yəni Azərbaycan sülh prosesinə nə qədər sadiq olsa da, artıq nəticəsiz və heç bir effekti olmayan, faktiki olaraq, Minsk qrupu həmsədrlərinin vaxt keçirdiyi danışıqlar prosesini uzatmağa ehtiyac yoxdur. Cənab prezident çıxışında başqa bir məqama da diqqət çəkdi, BMT-nin nizamnaməsinə istinad etdi.

Bilirsiniz ki, Minsk qrupunun həmsədrləri hər belə görüşdən sonra münaqişənin hərbi yolla həllinin mümkün olmadığını elan edirlər. Amma bunun qarşılığında işğalçıya – Ermənistana qarşı heç bir təzyiq yoxdur. Azərbaycan prezidenti BMT nizamnaməsinə istinad etməklə, Azərbaycanın müdafiə və öz torpaqlarını işğaldan azad etmək hüquqlarının olduğunu xatırlatdı. Hesab edirəm ki, bu, çox açıq və ciddi bir mesajdır. Bu, bir daha göstərdi ki, Azərbaycan dövləti danışıqlar prosesini burada fundamental nəticələrə yönəlməmiş məqamlar yer aldıqca davam etdirməyəcək və adekvat tədbirlərə əl atacaq.

- Hansı tədbirləri görə bilər?

- Adekvat addımların atılmasının müxtəlif səbəbləri var. Bunlardan biri ilk növbədə lokal əməliyyatların keçirilməsi ilə işğalçı Ermənistanın təmas xəttindən geriyə oturdulması ola bilər. Son olaraq da genişmiqyaslı hərbi əməliyyatlara başlamaqla işğal edilmiş ərazilərin azad olunması... Belə davam edəcəksə, Ermənistan və ona təzyiq etməyə borclu olan, onu sülhə məcbur etməyən dövlətlər və beynəlxalq hüququn subyektləri bu reallıqla barışmaq məcburiyyətində qalacaqlar.

- Ermənistan rəhbərliyi anons verdi ki, İsraildə səfirlik açacaq. Bildirildi ki, İsraildə səfirlik açılacaqsa, bu, Qüdsdə olacaq. Sizcə, bu niyyət və mesaj nəyə hesablanıb?

- Bu, ABŞ-a yarınmaq xarakterli bir yanaşma tərzidir. Amma məsələnin ölçüləsi və nəzərə alınası tərəfləri var. Mən Ermənistanın belə cəsarət sahibi olduğunu düşünmürəm. Əgər belə bir qərar veriləcəksə, bunun fəsadları Ermənistan üçün indikindən ağır olacaq. Azərbaycan-İsrail münasibətləri hər kəsə bəllidir. İki ölkə arasında ciddi və sıx münasibətlər var. Azərbaycanda yaşayan yəhudi icması xalqımızla qaynayıb-qarışıb, həmişə ortaq dəyərləri paylaşıblar. Buradan köçən yəhudilər də öz vətənləri ilə əlaqələrini qoruyub-saxlamağa çalışırlar. Amma Ermənistanda nəinki yəhudi, hansısa bir icmanın bir-iki nəfərdən artıq nümayəndəsini tapmaq mümkün deyil. Ermənistan faktiki olaraq mono-dövlətdir.

Səfirliyin açılması cəhdinə gəldikdə, bu da təxribatçı addımdır. Əslində Ermənistan İsraillə münasibətlərində inkişafa nail ola bilməyəcəyini yaxşı bilir. Çünki Ermənistanın özü İsrail üçün hansısa formada əhəmiyyət kəsb etməyən dövlətdir. Burada mühüm bir məqam da var. Əgər Ermənistan səfirliyin açılması ilə bağlı Qüdsü seçərsə, buna İranın münasibəti maraqlı olacaq. Təəssüflər olsun ki, son günlərdə İran tərəfindən idarə olunan dairələr, qruplar və “Qum saatı” ilə işləyən bəzi adamlar Azərbaycanın düşünən insanlarını aktiv şəkildə hədəf alıblar. Az qala Azərbaycanda hər kəsin İsrailin casus şəbəkəsinə daxil olduğunu iddia edirlər.

Ümumiyyətlə, Ermənistan-İsrail münasibətlərinin inkişafı üçün perspektiv yoxdur. Bu nə tarixi, nə iqtisadi, nə də ortaq maraqlar baxımından mümkündür. Bu addımlar təxribat xarakterlidir. Qənaətimə görə, Qüdslə bağlı hansısa formada qərar qəbul olunarsa, Ermənistanın bütün Yaxın Şərq bölgəsindəki dövlətlərlə münasibətləri pozulacaq. Pozulmasa belə, həmin dövlətlər Ermənistana münasibətdə aşırı riyakarlıq edə bilməyəcəklər və şübhəsiz ki, onunla əlaqələrinə yenidən baxmaq məcburiyyətində qalacaqlar. Buna görə də, bu ideyanın ciddi perspektivinin olduğunu düşünmürəm.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər