24 İyul 2020 18:58
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 24-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a bildirilib ki, Səfir Mixail Boçarnikov görüş imkanı yaradıldığı üçün Milli Məclis sədrinə minnətdarlığını bildirib. Rusiyalı səfir əvvəlcə Sahibə Qafarovanı Milli Məclisin sədri seçilməsi münasibətilə təbrik edib. Azərbaycan-Rusiya əlaqələrinin möhkəm dostluğa əsaslandığını qeyd edən səfir iki ölkə arasında olan münasibətlərin müxtəlif sahələri əhatə etməsindən məmnunluğunu vurğulayıb.

Spiker Sahibə Qafarova mövcud münasibətlərin parlamentlərarası əməkdaşlığın gələcək perspektivi üçün çox yaxşı zəmin yaratdığını qeyd edib, humanitar sahədə əməkdaşlığın vacibliyini vurğulayıb.

Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-dən etibarən yaratdığı vəziyyətə xüsusilə toxunan Milli Məclisin sədri bildirib ki, bir çox beynəlxalq qurumlar və təşkilatlar Ermənistan tərəfindən törədilən bu təxribatı pisləyib.

Milli Məclisin sədri Ermənistan tərəfindən törədilən təxribata etiraz olaraq son günlərdə dünyanın müxtəlif ölkələrində dinc aksiyalar keçirən azərbaycanlılara qarşı ermənilər tərəfindən hücumların təşkil edilməsini kəskin şəkildə pisləyib.

Səfir M.Boçarnikov ATƏT-in Minsk qrupunun üzvlərindən biri kimi Rusiyanın problemin sülh yolu ilə həll edilməsində maksimum səy göstərdiyini bir daha qeyd edib.

Görüşün sonunda Rusiyalı diplomat Rusiya Federasiyası Federal Şurasının Federal Məclisinin sədri Valentina Matviyenkonun dəvətini xatırladaraq, ən qısa zamanda Milli Məclis sədrini Moskvada gözlədiklərini bildirib. Milli Məclis sədri Sahibə Qafarova öz növbəsində COVİD-19 pandemiyası səbəbindən hazırda bütün səfərlərin vaxtının dəyişdirilməsindən təəssüfləndiyini qeyd edərək, pandemiya bitdikdən sonra ilk səfərlərdən birinin məhz Rusiya Federasiyasına ediləcəyini vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər