Malayziya Parlamentində Malayziya-Azərbaycan Respublikası Dostluq Qrupu cari ilin 12 iyul tarixindən Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə başladığı hücum cəhdləri ilə bağlı ölkəmizə güclü dəstək ifadə edən bəyanat qəbul edib.
Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyindən Teleqraf/com-a verilən məlumata görə, Parlamentlərarası Dostluq Qrupunun üzvləri adından qrupun sədri Datuk Rozman Bin Datuk Haji Isli tərəfindən 24 iyul tarixində imzalanmış bəyanatda Ermənistan silahlı qüvvələrinin təcavüzkar addımları pislənib, Azərbaycanın müstəqilliyinə, eləcə də ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək ifadə olunub.
Bu səpkidə Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun cari ilin 18 iyul tarixində qəbul edilmiş kommünikesinə istinad edilərək, Ermənistan-Azərbaycan münaqişəsinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri çərçivəsində həll edilməli olduğu bildirilib, ərazi bütövlüyünün təmin edilməsi cəhdlərində Azərbaycan Respublikası ilə həmrəylik vurğulanıb. Həmçinin İslam Əməkdaşlıq Təşkilatının 14 iyul 2020-ci il tarixli bəyanatından bəhs edilərək, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması tələbi səsləndirilib və bu münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə həllinə dəstək ifadə olunub.
Bəyanatla əlaqədar Azərbaycan Respublikasının Malayziyadakı səfiri Qaley Allahverdiyev qanunverici Datuk Rozman Bin Datuk Haji İslinin timsalında Malayziya-Azərbaycan Respublikası Dostluq Qrupunun üzvlərinə təşəkkür edərək, belə bir dəstəyin təsadüfi olmadığını, qardaş Malayziya xalqının və Hökumətinin Azərbaycanın ərazi bütövlüyü məsələsində birmənalı mövqeyinin qətiyyətlə davam etdirildiyini qeyd edib. Səfir Q.Allahverdiyev iki dövlət arasında dostluq və yaxın əməkdaşlıq münasibətlərinin qarşılıqlı etimada, hörmətə, o cümlədən, Azərbaycan və Malayziyanın ali siyasi institutlarının bu istiqamətdə nümayiş etdirdiyi güclü və prinsipial iradəyə əsaslandığını vurğulayıb.