Tovuzda ermənilərə Ordumuzun sarsıdıcı zərbələrindən sonra düşmən öz məğubiyyətini ört-basdır etmək üçün digər çirkin vasitələrə əl atmağa başladı. Azərbaycan Ordusunun şücaətinə və onun cəbhədə göstərdiyi qəhrəmanlığa dəstək olan soydaşlarımız dünyanın müxtəlif şəhərlərində dinc aksiyalar təşkil etdilər. Bu aksiyalarda Azərbaycanın zorla cəlb edildiyi münaqişə, ərazilərimizin 20 faizinin düşmən tərəfindən işğalı dünya ictimaiyyətinə bir daha açıq şəkildə çatdırıldı.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Deputat vurğulayıb ki, heç bir beynəlxalq hüquq normalarına uyğun olmayaraq torpaqlarımızın hələ də işğalda saxlanılması və işğalçı Ermənistanın Azərbaycana qarşı davamlı olaraq provakasiyalar təşkil etməsi artıq hər kəs tərəfindən pislənilir:
“Tovuz təxribatının ardınca işğalçı ölkə özünün üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından belə dəstək ala bilmədi. Bunun əskinə olaraq qardaş Türkiyə başda olmaqla Azərbaycana dost ölkələr açıq şəkildə dəstək olduqlarını bildirdilər. Düşmən növbəti dəfə güclü Azərbaycan Ordusu qarşısında məğlub duruma düşdü, eyni zamanda beynəlxalq müstəvidə ona qarşı fikirlər birmənalı olmadı. Bu günə qədər öz yalanları ilə beynəlxalq ictimaiyyəti aldatmağa çalışan erməni diaspor və lobbi təşkilatları çıxılmaz vəziyyətdə qaldılar. Məhz ona görə də soydaşlarımızın təşkil etdikləri dinc aksiyalara qarşı basqınlar, təzyiqlər etməyə başladılar”.
Deputatın fikirncə, ermənilər düşünmədikləri halda Azərbaycan xarici diplomatiyası və diasporunun gücü qarşısında aciz qaldı:
“Ermənilər öz lobbi təşkilatlarına arxalansalar da, beynəlxalq müstəvidə uduzmaqlarına başqa don geyindirməyə çalışdılar. Müşahidələrimiz də göstərdi ki, “Asala” terror təşkilatı kimi tanınan qruplaşmaların simvolları altında Amerikada, Belçikada soydaşlarımıza qarşı açıq güc tətbiq etməyə, səfirliklərimizə qarşı basqınlar etməyə cəhd göstərdilər”.
Aydın Hüseynov qeyd edib ki, bütün dünyada yaşayan soydaşlarımızın birlik, həmrəylik nümayiş etdirdiyi bir vaxtda bəzi qüvvələr də öz çirikin niyyətlərini gizlətmədilər.
“AXCP sədri Əli Kərimli, ABŞ-da qeyri-qanuni yollarla maliyyə fırıldaqları həyata keçirən Cəmil Həsənli, Sevinc Osmanqızı ermənilərlə bir cəbhədə dayanaraq xalqımıza, dövlətimizə qarşı kin-küdurət güdməyə başadılar. Sözsüz ki, hər zaman milli xəyanət və başqalarına xidmət müqabilində yaşayan bu cür insanlardan qeyri-bir yanaşma da gözlənilmirdi. Çünki bu cür insanlar ancaq Azərbaycan xalqına və dövlətinə qarşı olan nifrətləri müqabilində böyük dividentlər əldə edirlər. Cəmiyyətimiz hər zaman bu ünsürləri sözsüz ki, pisləyib və bu gün də həmin insanlara qarşı xalqımızın mövqeyi birmənalıdır”.