6 Avqust 2020 13:05
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Büdcədən ayrılan 465 milyon vəsait müdafiə və təhlükəsizlik xərcləri, o cümlədən pandemiya ilə mübarizəyə həsr ediləcək.

Teleqraf.com xəbər verir ki, bu fikirləri “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin parlamentdə müzakirəsi zamanı Maliyyə nazirinin müavini Azər Bayramov deputatların təklif və suallarına cavab verərkən deyib.

Nazir müavini bəzi deputatların su probleminə diqqət çəkdiyini xatırladaraq bildirib ki, prezidentin sərəncamı ilə su problemləri ilə bağlı dövlət komissiya yaradılıb: “Komissiya təkliflərini hazırlayıb təqdim edəcək. Bu istiqamətdə işlər aparılır və müəyyən xərclər nəzərə alınır. Dövlət büdcəsində nəzərə tutulan əlavə xərclər bölməsində “Azərsu”, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və digər qurumlara vəsait ayrılıb. Bir şeyi də diqqətə çatdırım ki, bu günədək “Azərsu” və digər müvafiq qurumlara ayrılan vəsaitlərin bir hissəsi istifadə olunmayıb”.

Bəzi deputatların təhsil mövzusunda təkliflər səsləndirdiyini deyən Azər Bayramov əlavə edib ki, ali təhsil ocaqlarının maliyyəsinin 80 faizi burada çalışan müəllimlərin əməkhaqlarının 80 faizini təşkil edir: “Dövlət büdcəsindən tələbələrin maliyyələşməsi üçün əlavə 40 milyon vəsait ayrılıb. Bu vəsaitin 13 milyon manatı artıq müvafiq istiqamətə yönəldilib. Bu məsələdə Təhsil Nazirliyi ilə məsləhətləşmələr aparılır. Təbii ki, bu vəsaitlərin təkcə ayrılması deyil, həm də şəffaflığın təmin olunması lazımdır”.

Nazir müavini sonda qeyd edib ki, Naxçıvana dövlət büdcəsindən 1,7 milyon manat pandemiya ilə mübarizəyə görə ayrılmayıb: “Siyavuş Novruzov və Səttar Mehbaliyev Naxçıvana ayrılan vəsaitlərin az olduğunu qeyd etdilər. Məlumat üçün bildirim ki, pandemiya ilə mübarizəyə ayrılan xərclər mərkəzləşdirilmiş şəkildə ayrılıb. Ona görə də Naxçıvana da pandemiya ilə mübarizə üçün maliyyə mərkəzləşmiş xərclərdən ayrılacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər