6 Avqust 2020 23:48
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

İKT-dən və sosial media platformalarından geniş istifadənin nə qədər müsbət tərəfləri olsa da, mənfi təsirləri də az deyil. Məsələn, bu amil düşmən tərəfə bizim elektron rabitə xətlərimizə ardıcıl hücumlar həyata keçirmək, mülki vətəndaşlarımıza birbaşa təsir etmək üçün fürsət verir desək, yanılmarıq.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya məxsusdur.

Onun sözlərinə görə, son günlər həm Azərbaycan-Ermənistan dövlət sərhədində, həm də xarici ölkələrdə baş verən qarşıdurma və toqquşmalarda Azərbaycan dövlətini, azərbaycanlıları günahlandıranlar nəticə etibarilə Ermənistan və havadarlarının ölkəmizə qarşı təcavüzkar siyasətini dəstəkləməyə xidmət edirlər. Virtual savaşda əsl hədəf qarşı tərəfin düşüncəsinə təsir etməkdir. Bu baxımdan sosial şəbəkələr təhlükəsizliyimiz üçün real imkanlar yaradır. Azərbaycana düşmən kəsilən şəxslər sosial media seqmentində yalan və böhtana əsaslanaraq, faktları təhrif etməklə “stəkanda fırtına” yaratmağa çalışır. Müdrik və qədirbilən xalqımız bu cür nankorların layiqli cavabını verib və verir.

Komitə sədri diqqətə çatdırıb ki, Almaniya, Fransa, ABŞ, Rusiya və Türkiyənin sosial media platformalarında qanunsuz məlumatların yayılması, paylaşımlar edilməsi ilə bağlı qəbul etdiyi qanunlara nəzər saldıqda aydın görürük ki, ölkəmizdə bu sahədə xeyli boşluqlar mövcuddur. Düşmənlərimiz bu boşluqdan istifadə edərək məkrli niyyətlərini həyata keçirirlər. Ölkənin daxilində baş verən məişət və cinsi zorakılıq hallarının, narkotik vasitə və psixotrop maddələr istifadəsinin, əxlaqsızlıq və yüngül həyat tərzinin, o cümlədən cəmiyyətimiz üçün təhlükə mənbəyi olan digər məsələlərin onlayn platformalarda aktiv təbliğ olunması təəssüf doğurur.

Deputatın sözlərinə görə, Almaniya qanunvericiliyində internetdə ölümlə hədələmə 3 ilədək, digər hədə-qorxular isə 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Bundan əlavə, cinayət tərkibli paylaşımların “bəyən”ilməsi də internet istifadəçiləri arasında geniş yayılarsa, məhkəmənin qərarı ilə ictimai barışığın pozulması halı kimi qiymətləndirilərək cəzalandırıla bilər. Nəhayət, təcili yardım fəaliyyəti göstərən həkim və digər tibb işçilərinə edilən verbal hücumlar 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Artıq bir neçə ildir ki, Türkiyədə internet məkanında baş verən qanunsuz fəaliyyətlərin qarşısının alınması yönündə hüquqi müstəvidə ciddi tədbirlər görülməkdədir. Qardaş ölkədə sosial mediada böhtan, təhqir və təcavüz kimi cinayətlərin qarşısının alınması qanunun tələbi olacaq. “Twitter”, “Facebook” və digər böyük sosial media platformaları ölkədə nümayəndəlik açmaq məcburiyyətində olacaq. Əks təqdirdə, 5 mərhələli sanksiyaya məruz qala bilərlər.

“İnkişaf etmiş Avropada, qardaş və qonşu ölkələrdə, digər dövlətlərdə internetin məziyyətlərini müşayiət edən çatışmazlıq və nöqsanlar, toplum həyatını zədələyən hallar qanunlara əlavə və dəyişikliklər edilməsinə gətirib çıxarıb. Düşünürəm ki, “qara piar”çılardan, qanunsuz çağırışçılardan sığortalanmaq üçün biz də dəyişikliklər etməyə məcburuq. Çünki belələrinin hücumlarından sığortalanmamışıq”, - deyə Qənirə Paşayeva diqqətə çatdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər