14 Avqust 2020 18:00
1 704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyanın BBC televiziyasının “Hard Talk” proqramında aparıcı Stiven Sakur qarşısında çıxılmaz vəziyyətdə qalması, xoşagəlməz anlar yaşaması ilk növbədə jurnalist peşəkarlığı və jurnalistin erməni diasporu ilə bilavasitə bağlı olmaması ilə bağlıdır.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib.

O qeyd edib ki, Nikol Paşinyana normal, jurnalist etikasına uyğun və doğru-düzgün suallar verilib:

“Sadəcə olaraq Paşinyan yenə də ya suallardan yayınıb, ya da həmişə daşıdığı yalanları və nağılları danışıb. Bu, öz-özlüyündə onu göstərir ki, Ermənistanın mövqeyinin saxta olduğu artıq dünya ictimaiyyəti tərəfindən ifşa olunmağa başlayıb. Azərbaycan çalışmalıdır ki, Ermənistanın işğalı, təcavüzkar ölkənin həyata keçirdiyi etnik təmizləmələr, qətliam və qırğınlar barədə məlumatları dünyaya daha dolğun, daha çox çatdırsın ki, Ermənistan rəhbərliyinə belə suallar hər bir platformadan verilsin. Ermənistanın törətdiyi əməllərlə bağlı beynəlxalq təşkilatların kifayət qədər sənədləri var”.

Asim Mollazadə qeyd edib ki, bununla yanaşı çox ciddi, zəngin erməni təşkilatlarının, lobbi qurumlarının olduğu nəzərdən qaçmamalıdır:

“Erməni diasporu yalanlar, iftiralar yaymaqda çox peşəkardır. Buna görə də erməni yalanlarını ifşa etmək və erməni təcavüzünə son qoymaq üçün beynəlxalq ictimaiyyətin təzyiqlərinə nail olmaq istiqamətində çox ciddi işləmək lazımdır. Hələ çox işləməliyik”.

Müsahibə zamanı N.Paşinyanın növbəti yalanlar silsilə uydurmasına gəldikdə isə Asim Mollazadə deyib ki, Ermənistan rəhbərliyinin başqa cür danışığı yoxdur:

“Bunlar hər zaman miflərə inanıblar və başqalarını da buna inandırmağa çalışıblar. Guya ki, ermənilərin Qarabağda min illik tarixi var. Ermənilərin bu ərazilərdə tarixi 150-160 ildən artıq deyil. Rus imperiyası türklər arasında hasar qurmaq, bir maşa kimi istifadə etmək üçün erməniləri bura köçürüb. Onların bu bölgədə tarixləri çox qısadır. Bu barədə rus mənbələrində kifayət qədər məlumat var. Rus diplomatı və yazıçısı Aleksandr Qriboyedov bu barədə vaxtilə çox yazırdı. Digər rus məmurlarının da bununla bağlı yazdıqları var. Bütün bunlar tarixi faktlardır. Paşinyanın danışdıqları isə mifologiya və yalandır. Qoy o, yalan danışmaq əvəzinə bunları oxusun”.

Qeyd edək ki, Nikol Paşinyan BBC-nin “Hard Talk” proqramına müsahibə verib. Müsahibə zamanı proqramın aparıcısı Stiven Sakur Paşinyana çətin anlar yaşadıb. Aparıcı eyni sualları bir neçə dəfə versə də, onlara Paşinyandan cavab ala bilməyib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər