İstənilən problemlə mübarizədə ən münasib, ən səmərəli üsul qabaqlayıcı tədbirlərin görülməsidir. Həyatın istənilən sahəsində preventiv, profilaktik icraatlar daha çox səmərə verir. Bu ona görədir ki, daha çox zərərlə müşayiət edilən problemin, situasiyanın özü ilə deyil, hələ həmin problem, həmin situasiya meydana çıxmadan səbəblərlə mübarizə aparmaq az zəhmətlə, məhdud imkanlarla istənilən nəticəni təmin edə bilər.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında AMEA Şərqşünaslıq Institutunun aparıcı elmi işçisi, İlahiyyat İnstitutunun dosenti, fəlsəfə doktoru Elvüsal Məmmədov deyib.
Dosent bildirib ki, koronavirus pandemiyası ilə mübarizədə bu xəstəliyin yayılmasının qarşısını almaq əsas məqsəd olmalıdır:
“Belə bir deyim var: qorunmağa xərclənən qəpik-quruş müalicəyə sərf edilən qızıl-gümüşdən daha çox səmərə verir. Bu bir tərəfdən, xəstəliyin “ömrünün qısalması”na, digər tərəfdən, karantin səbəbi ilə fərdi və ictimai müstəvidə özünü göstərən psixoloji gərginliyin, maddi problemlərin aradan qaldırılmasına səbəb olacaq. Nəticənin şirinliyi üçün səbəblərin acılığına dözmək lazımdır. Çətindir, amma başqa çıxış yolu da yoxdur. İslam dinində göstərilir ki, şəriətin əsas məqsədi insanların mənafeyini qorumaq, baş verə biləcək mümkün zərəri onlardan uzaqlaşdırmaqdan ibarətdir. Fərdi və sosial müstəvidə hərtərəfli inkişafı təmin etmək məqsədilə islam dininin əsas mənbələrində göstərilir ki, şəriət insanların dinini, canını, ağlını, nəslini, var-dövlətini qorumaq üçün mövcuddur. Bu beş əsasın mühafizə edilməsini təmin edən hər bir şeyi, atılacaq hər addımı müsəlman alimləri fayda, yaxud mənafe adlandırırlar. Zərər isə sadalan bu beş əsası zərbə altında saxlayan istənilən addımdır. Bu baxımdan sağlamlığa zərər vuracaq istənilən addım, hətta ibadət “canın qorunması” prinsipi əsasında qiymətləndirilir, odur ki islam hüququnda xəstələrə, yaşlılara, süd verən analara oruc tutmaq, su ilə təmas nəticəsində ağırlaşması mümkün xəstəliklər zamanı dəstəmaz almaq vacib hesab olunmur”.
Fəlsəfə doktoru eləcə də kollektiv ibadət, yaxud kütləvi dini mərasim xəstəliyin yayılmasına rəvac verəcəyi təqdirdə onların keçirilməməsinin vacibliyinə dair islam hüququnda hökmlər, fitvaların mövcud olduğunu diqqətə çatdırıb:
“Yoluxucu xəstəliklərə münasibətdə profilaktikanın əhəmiyyəti Peyğəmbərin belə bir hədisində öz əksini tapmışdır: “Əgər ətrafınızda vəba xəstəliyinin yayıldığını bilsəniz, olduğunuz yeri tərk etməyin. Həmçinin başqa yerdə vəba xəstəliyinin yayıldığı xəbəri sizə çatarsa, həmin yerə getməyin”. Bu baxımdan mömin müsəlmanlar xəstəliyin yayılmaması üçün profilaktik qaydalara əməl etməlidirlər”.