18 Avqust 2020 22:00
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğalçı Ermənistan ilk dəfə deyil ki, Azərbaycanda iri yaşayış məntəqələrini vuracağı ilə hədələyir. Bu təbii ki, münaqişənin hazırkı səviyyəsində Ermənistanın işğalçılığının davamlılığını göstərir. Eyni zamanda ATƏT-in Minsk Qrupunun da fəaliyyətsizliyi bir daha nümayiş olunur.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, siyasi şərhçi Elşad Mirbəşiroğlu deyib.

Millət vəkili bildirib ki, hazırda münaqişənin dinc yollarla tənzimlənməsi ideyası dəstəklənir:

“Belə bir şəraitdə ATƏT-in Minsk Qrupunun mövcudluğunun mahiyyəti nədən ibarətdir? İşğalçı Ermənistan davamlı təxribatlar törədir. Azərbaycan tərəfinin ikinci böyük şəhəri olan Gəncəni vuracağı ilə hədələyir. Bunlar göz önündə olduğu halda Minsk Qrupu sözdə də olsa, etiraz bildirmir. Belə hallar iki məqama diqqət tələb edir. İlk növbədə Ermənistanı danışaraq yola gətirmək olmur, işğalçı mövqeyində israrlıdır. İkinci məqam isə Ermənistan özünü ATƏT-in fəaliyyətsizliyi fonunda tam cəzasızlıq şəraitində hiss edir. Bu cür yanaşmalar nəticə etibarı ilə müharibə ehtimalını daha da artırır"..

Deputat qeyd edib ki, Azərbaycan tərəfi münaqişənin dinc yolla tənzimlənməsi istiqamətində bütün iradəsini ortaya qoyub:

“Beynəlxalq instasiyalardan isə tələbimiz olduğu kimi qalır. Çünki bu qurumlar hələ də məsələyə ikili standartlarla yanaşırlar. Belə olan halda Azərbaycan tərəfindən münaqişənin dinc yollarla həll olunmasına inam alt-üst olur. Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatına cavab olaraq cəmiyyətin orduya dəstəyi də bunun bariz nümunəsi idi. Düşmənin işğalçılıq siyasətini davam etdirməsi regionda ciddi fəlakətin yaxınlaşmasına şərait yaradır. Ölkəmiz böyük hərbi və diplomatik gücə malikdir. Dövlətimizin səbrini sona qədər sınağa çəkmək çox təhlükəlidir. İşğalçı Ermənistanın Gəncə təhdidləri beynəlxalq instansiyaların ciddi yanaşmalarına səbəb olmalıdır. Əks halda vəziyyətin nəzarətdən çıxma ehtimalı böyükdür”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər