9 Sentyabr 2020 18:46
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Azərbaycan Media Platformasının yaradılması olduqca strateji əhəmiyyətli bir qərardır və hər iki dövlətin, əslində isə bir millətin maraqları baxımından olduqca uzunmüddətli perspektivlərə hesablanıb.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, məsələ ondadır ki, postmodernist cəmiyyətlərin əsas səciyyəvi xüsusiyyətlərindən biri onun informasiya cəmiyyəti olmasındadır:

“Hazırda qloballaşan dünyada da inteqrasiyanı və maraqları təmin edən əsas platformalardan biri kimi informasiya platforması çıxış edir. Belə olan halda qlobal informasiya məkanında daha böyük və daha effektiv platformaya sahib ola bilmək elə daha güclü olmaq deməkdir. Üstəlik, iki qardaş ölkənin vahid media platforması həm də hər iki ölkənin mediasının ənənəvi olaraq güclü olduğu platformalarda da onları gücləndirəcək və inteqrasiyasını sürətləndirəcək.

Məsələn, Azərbaycan mediası adətən rusdilli media mühitində özünü rahat hiss edə bilir və qardaş ölkənin informasiya maraqlarını bu platformaya daşıya bilər. Türkiyə mediası isə ingilis və fransızdilli media platformasında ənənəvi yerə malikdir və o da həmin platformada Azərbaycanın informasiya maraqlarının yerinə gətirilməsini təmin edə bilər. Bu isə artıq təkcə informasiya mübadiləsi hadisəsi deyil, medianın timsalında daha üstün yumşaq gücə sahib olmaq deməkdir. Yəni Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin haqlı olaraq dediyi kimi, televiziyadan kino sektorunadək bütün sahələr üzrə birgə layihələrin həyata keçirilməsi, mütəxəssis mübadilə proqramlarının hazırlanması, eləcə də texnologiya sahəsində əməkdaşlığın hər iki ölkəyə qarşı həyata keçirilən qaralama kampaniyası ilə mübarizədə də əhəmiyyətli rolu olacaq”.

Hikmət Babaoğlu hesab edir ki, bu, hələ məsələnin hamısı deyil: “Çünki Türkiyə-Azərbaycan Media Platforması düşünüldüyü kimi reallaşdırıldığı təqdirdə özünə yeni-yeni tərəfdaşlar da cəlb edəcək. Məsələn, növbəti mərhələdə bu platformaya Türk Şurasına üzv olan digər qardaş ölkələrin də mediası qoşula bilər. Eyni zamanda ortaq maraqları olan digər dövlətlər – Gürcüstan, Ukrayna, Macarıstan kimi ölkələr də bu platformada tərəfdaşlıq edə bilərlər”.

Milli Məclisin deputatının fikrincə, bunun üçün bir sıra məsələlərə kiçik korrektələr də edilməlidir:

“Çünki ortaq media platformasının yaradılması bunu zəruri edir. Bunlardan biri ortaq türk dilinin sürətlə formalaşmasına mane olan baryerlərin aradan qaldırılmasıdır. Məsələn, türk film və dizilərinin Azərbaycan televiziyaları və kinoteatrlarında tərcümə edilərək verilməsi doğru deyil. Eləcə də nail olmaq lazımdır ki, Türkiyədə Azərbaycan filmləri yayımlansın və bu, tərcüməsiz, uzaqbaşı altyazı uyğunlaşdırılması ilə verilsin. Beləliklə, ortaq media platformasının ortaq dili də formalaşsın ki, ortaq məqsədlərimizin daha sürətlə və daha effektiv şəkildə realllaşmasını təmin etsin.

Əgər buna nail ola bilsək, inanın ki, qısa müddətdə dil, ictimai diplomatiya, ədəbi-bədii mühit, mədəniyyət və mənəviyyat, turizm, texnologiyalar, elmi-texniki tərəqqi kimi sahələrdə elə perspektivlər yaranacaq ki, bunlar sözün əsl mənasında bir millət dediyimiz millətin ən yeni tarixində növbəti təkamül hadisəsini yaradacaq. Ona görə də Türkiyə-Azərbaycan Media Platformasının yaradılmasını yalnız alqışlamaq olar”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər