Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlinin qoyulması Azərbaycanın neft-qaz sənayesində yeni mühüm hadisədir. Azərbaycanın enerji sektorunda belə bir layihənin icrasına başlanması uğurlu enerji siyasətinin nümunəsi hesab edilir. Ölkəmizdə nəhəng investisiya layihələri uğurla həyata keçirilir. Enerji sektorunda yeni axtarışlar və sərmayə planları davam etdirilir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, neft sənayesində xüsusi yerə malik olan “Abşeron” yatağı ölkəmizin karbohidreogen ehtiyatlarında önəmli paya malikdir.
Millət vəkili bildirib ki, ehtiyatları 350-360 milyard kubmetr həcmində qiymətləndirilən "Abşeron" yatağı daxili tələbatın və ixrac potensialının güclənməsinə mühüm töhfə verəcək: “Yataq üzrə işlərə başlanılması neft istehsalında yeni bir mərhələyə start verilməsi deməkdir. Bu yataq “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz” və digər strukturlar kimi zəngin enerji mənbəyidir. Azərbaycan artıq neftçıxarma sənayesində ən müasir texnologiyaları, avadanlıqlar tətbiq edilir.
Dənizdə və quruda yerləşən bütün istehsalat-quraşdırma sahələrində tətbiq edilən qurğular yerli istehsal hesabına təmin olunur. Artıq neçə ildir ki, neft sənayesində ən ağır dayaq blokaları və platformaların tikintisi 100 faizi ölkə daxilində həyata keçirilir”.
Komitə üzvü qeyd edib ki, bu işlər Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda beynəlxalq standartlara uyğun icra olunur: “Bir müddət əvvəl “Qarabağ” dayaq bloku da Azərbaycanda istehsal olunub. “BOS Shelf” yerli şirkət kimi ən yüksək dünya standartlarına uyğun müasir texnologiyalardan istifadə edərək bloklar inşa edir”.
Aydın Hüseynov bildirib ki, “Əsrin kontraktı”nın imzalanmasından 26 il keçməsinə baxmayaraq, Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır: “Hazırda TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır və hazırda Türkiyə bazarında Azərbaycan qazı birinci yerdədir. “Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək.
İki ildən sonra “Qarabağ” yatağından ilk neft hasil olunacaq. “Qarabağ” yatağında neft ehtiyatları daha çoxdur və hasilatımızın sabit saxlanması üçün bunun böyük əhəmiyyəti var. Bu layihələr sırasında isə “Abşeron” layihəsi Azərbaycanın dünyada qaz ölkəsi kimi strateji mövqeyini gücləndirəcək”.
Millət vəkili vurğulayıb ki, son illər bir sıra mühüm qaz layihələri üzrə beynəlxalq müqavilələr imzalanıb: “Məlum olduğu kimi, “Abşeron” yatağı üzrə kontrakt “Şahdəniz” qaz-kondensat yatağı üzrə kontraktdan sonra imzalanıb. İqtisadi əhəmiyyətinə görə çox mühüm yer tutur. Bu layihə Azərbaycanın artıq neft ölkəsindən qaz ölkəsinə çevrilməsində çox mühüm əhəmiyyət kəsb edir.
Respublikamız TANAP və TAP kəmərləri ilə Avropanın zəngin və etibarlı enerji təminatçısı hesab edilir. “Abşeron” yatağı bu enerji sisteminin tərkib hissəsi kimi uzun illər dünyanın enerji xəritəsində yer tutmaqıa ölkəmizin layiqli yerini möhkəmləndirəcək”.