29 Sentyabr 2020 14:16
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi əməliyyatların dayandırılması ilə bağlı AŞPA və digər beynəlxalq təşkilatlar hər zaman bu cür çağırışlar edib. Burada iki məsələ əsas şərt kimi götürülməlidir. İlk növbədə, nə qədər xoş niyyət ehtiva etsə də, bunları obyektiv və regiondakı vəziyyəti düzgün qiymətləndirən çağırışlar kimi dəyərləndirmək olmaz.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Komitə sədrinin sözlərinə görə, işğalçı Ermənistanla Azərbaycanı bir konteksdə sülhə çağırmaq düzgün yanaşma deyil:

"Azərbaycan beynəlxalq təşkilatlara daxil olaraq, üzərinə müəyyən öhdəliklər götürüb. Ermənistan da bəzi beynəlxalq təşkilatlara üzvdür. Ancaq həmin təşkilatlar tərəfindən sülh prosesini pozan, provakasiyalar törədən, danışıqlardan yayınan Ermənistana təzyiqlər, xəbərdarlıqlar edilmir. Bu halda işğalçı ilə işğala məruz qalmış ölkəni bir müstəvidə sülhə çağırmaq düzgün deyil. Eyni zamanda beynəlxalq təşkilatların mövqeyi ilə bağlı məsələlərə də xüsusi diqqət yetirilməlidir. Elə təşkilatlar var ki, onlar bu məsələ ilə bağlı obyektiv yanaşma sərgiləyir. Bu cür təşkilatların yaymış olduğu bəyanatlar obyektivliyi əks etdirir. Amma sülh axtaran təşkilatlar öncə işğalçını görmək qabiliyyətinə malik olmalıdırlar. Bu təşkilatlar cinayətlərə və cinayət törədənlərə sərt mövqe göstərdikləri halda sülhdən danışmaq olar”.

Səməd Seyidov bildirib ki, Azərbaycan bu gün beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərini işğaldan təmizləyir:

“Faktiki olaraq həmin təşkilatların missiyasını Azərbaycan əsgəri beynəlxalq qanunlara uyğun olaraq regionda təmin edir. Həmçinin mövcud vəziyyətlə bağlı Azərbaycan tərəfindən bütün beynəlxalq təşkilatlara, ölkə parlamentlərinə müraciətlər də edilib. Spiker və deputatlarımız tərəfindən də ardıcıl olaraq vəziyyətlə bağlı müraciətlər ünvanlanıb. Proses davam etdikcə reallıqları olduğu kimi çatdırmaq məqsədilə bu cür müraciətlər ediləcəkdir. BMT, Avropa Şurası, Avropa parlamenti və başqa beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinə uzun müddət dırnaqarası yanaşıblar. ATƏT-in Minsk Qrupu bu məsələyə xüsusi diqqət yetirməyib. Paralel olaraq Minsk Qrupunun fəaliyyəti ilə bağlı ciddi təhlil aparılmaması da məhz Ermənistan tərəfindən belə bir azğınlaşmış davranışa səbəb olub. Ona görə də beynəlxalq təşkilatlardan provakasiyaları törədən tərəfə və işğalı həyata keçirmiş ölkəyə qarşı konkret addımların atılması ilə bağlı mövqe gözləyirik. Onların bu istiqamətdə fəalliyyəti davam etməyəcəksə, hazırkı sülh çağırışlarının heç bir əhəmiyyəti və təsiri olmayacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər