30 Sentyabr 2020 11:05
1 295
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İşğalçı Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları son dövrlərdə xüsusilə intensivləşmişdi. Bunun bir sıra səbəbləri var idi. Hər şeydən öncə Azərbaycan artıq yeni siyasi reallıq formalaşdırmağı bacarmasıdır. Bu yeni siyasi reallıq ondan ibarətdir ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar münaqişənin tənzimlənməsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü ifadə edirlər. Belə olan halda Ermənistanda narahatlıq yaradan başlıca məqam ondan ibarətdir ki, danışıqlar masası arxasında da Azərbaycan öz maraqlarını müdafiə etmək imkanına malikdir və danışıqların da nəticəsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından ibarət ola bilər”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib.

Deputat bildirib ki, Ermənistan Azərbaycanın cavab reaksiyasını dünya ictimaiyyətinə aqressiv rolda təqdim etmək niyyətindədir:

“Lakin Azərbaycan tək səngərdə deyil, informasiya meydanında da kifayət qədər səmərəli vuruşmağı bacardığını göstərdi. Ermənistanın nə səngərdə, nə də informasiya meydanında təxribatları hər hansı bir nəticə vermədi. Azərbaycan bu təxribatların qarşısını qətiyyətlə aldı. Sentyabrın 27-də Ermənistanın növbəti təxribatlarına cavab olaraq Azərbaycan əks-hücum əməliyyatlarına başladı. Qısa zaman kəsiyində bir sıra yaşayış məntəqələrini və strateji yüksəklikləri azad etdi. Bu, hər şeydən öncə ona dəlalət edir ki, həqiqətən də bizim bu günə kimi səsləndirdiyimiz fikirlərimiz əsassız deyildi. Yəni biz həmişə vurğulayırdıq ki, danışıqlar nəticə verməsə, Ermənistan işğalçılıq siyasətindən əl çəkməsə, Azərbaycan hərbi yolla öz torpaqlarını işğaldan azad edəcək. Biz artıq bunun şahidi oluruq, Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edir”.

Elşad Mirbəşiroğlu qeyd edib ki, Ermənistan özünün işğalçılıq siyasətinin qurbanına çevrilib:

“Aydın məsələdir ki, müharibəni aparmaq üçün kifayət qədər geniş iqtisadi resurslara malik olmaq lazımdır. Ermənistanın davamlı müharibə aparması üçün heç bir iqtisadi resursu yoxdur. Bu günə kimi Ermənistanın kənardan almış olduğu dəstək olmasaydı, daha qısa zaman kəsiyində Azərbaycan qarşısında kapitulyasiya edərdi. Lakin nəzərə almaq lazımdır ki, Ermənistan vaxtı ilə kənardan kifayət qədər ciddi dəstək alıb, silah-sursat, arsenal formalaşdıra bilib. Buna baxmayaraq Azərbaycan ordusunun qarşısında tab gətirə bilmir. 30 ilə yaxın müddətdir Azərbaycan torpaqları işğal altındadır. Düşmən həmin ərazilərdə öz mövqelərini gücləndirmək üçün kifayət qədər vaxta malik olub. Ona görə də hesab edirəm ki, ordumuzun azad etdiyi hər bir qarış ərazi tarixi qələbədir və tariximizə qızıl hərflə yazılacaq. Azərbaycan ordusu artıq erməni ordusunun qalib ordu obrazını darmadağın etməyi bacardı. Müvafiq olaraq Azərbaycan xalqında məğlub xalq sindromu da aradan qalxdı. Hesab edirəm ki, bu, bizim ən böyük qələbələrdən biridir. Eyni zamanda müharibədə psixoloji qələbənin qazanılması hərbi qələbənin yarısına bərabərdir. Azərbaycan artıq bu psixoloji qələbəni qazandı. Təbii ki, Azərbaycan bütün imkanlardan istifadə edərək, Ermənistanın işğalçılıq siyasətinin bütün nəticələrinin aradan qaldırılması üçün çalışır və bu səylərini davam etdirəcək".

Millət vəkili əlavə edib ki, Azərbaycanın yeganə istəyi işğal altında olan bütün ərazilərimizin azad olunmasıdır:

"Prezidentin mövqeyi, hədəfi zorla öz ata-baba yurdunu tərk etməyə məcbur edilmiş azərbaycanlıları öz tarixi torpaqlarına geri qaytarmaqdır. Biz istər hərbi, istərsə də siyasi yolla olsun bu hədəfə çatacağıq. Əsas odur ki, nəticə Azərbaycanın ədalətli maraqlarına, mövqelərinə uyğun gəlsin. Qətiyyətlə bildirirəm ki, Azərbaycan bu yoldan dönməyəcək və hədəfinə uğurla çatacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər