3 Oktyabr 2020 11:26
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyan hakimiyyətə gəldikdən sonra işlənilmiş bütün prinsipləri məhv etdi.

Teleqraf.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Əslində, Ermənistanın baş naziri bizə qarşı ilkin şərtlər irəli sürüb. Yeri gəlmişkən, düşünürəm ki, bu da növbəti təxribatdır. Bir neçə ay öncə o, Azərbaycan üçün yeddi ilkin şərt irəli sürmüşdü. Əslində, o, öz gündəliyini bizə və Minsk qrupuna diktə etmək istəyirdi. Bu ilkin şərtlərdən biri də ondan ibarət idi ki, Azərbaycan “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalıdır. Bunu təkcə biz yox, həm də Minsk qrupu rədd etdi. Çünki bu, iyirmi ildən çox müddət ərzində hazırlanmış danışıqların formatını tamamilə dəyişir. Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Beləliklə, o, bizə qarşı ilkin şərtlər irəli sürür və biz onları rədd etdik. Onun bunu etmə səbəbi ondadır ki, o, danışıqların dayanmasını və status-kvonun dəyişməz olaraq saxlanmasını istəyirdi. Bizə gəldikdə, biz həmişə danışıqlara hazırıq. Biz heç vaxt danışıqlardan imtina etməmişik. Əvvəlki illərdə danışıqlar prosesində çətin vaxtlar yaşamışıq. Heç də hər şey rəvan getmirdi. Lakin Ermənistanın əvvəlki rəhbərləri ilə bizim prosesimiz olub və biz mərhələli yanaşmanı işləyib hazırlamışdıq. Əks halda, biz bu qədər uzun illər bu prosesdə iştirak etməzdik. Bu, faydasız vaxt deyildir. Hesab edirəm ki, biz çox böyük irəliləyişə nail olmuşduq. Mən bu prosesdə 2003-cü ildən bəri iştirak edirəm. Mən Ermənistanın iki sabiq prezidenti ilə işləmişdim. Biz irəliləyişə nail olduq, bu, asan deyildi. Bizdə çox müxtəlif fikirlər var idi, lakin biz mərhələli şəkildə irəliləyirdik və indiki məqamda əldə etdiklərimizi işləyib hazırlamışdıq. Paşinyan hakimiyyətə gəldikdən sonra nəinki ondan əvvəl olanları məhv etdi, o, ondan əvvəl sanki Ermənistanın mövcud olmadığı və indi yeni Ermənistanın yaradıcısı kimi davranmaq istəyirdi. O, işlənilmiş bütün prinsipləri məhv etdi. Buna görə bütün məsuliyyət onun və onun hökumətinin üzərindədir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər