Ermənistan bu gün Azərbaycana qarşı bütün vasitələrdən istifadə edir. Artıq onun həm texniki imkanları, həm də şəxsi heyəti, Qarabağda döyüşmək istəyən əsgəri, zabiti tükənib. Bu gün ermənilər həmin regionda yaşamaqdan da imtina edirlər. Buna görə də xarici ölkələrdə əsasən müxtəlif cinayət törətdiklərinə görə axtarışda olan insanları Qarabağdakı hərbi əməliyyatlara cəlb edirlər.
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib.
O qeyd edib ki, böyük pullar verilməklə onların Azərbaycana qarşı döyüşlərdə iştirakı təmin olunur:
“Düzdür, çoxları bundan imtina edir, amma bir çoxları razılaşırlar. Onların bu gün Azərbaycanın işğal olunmuş torpaqlarına göndərilməsinə icazə verən, imkan yaradan, buna göz yuman dövlətlər düşünməlidirlər ki, həmin insanlar başqa dövlətlərdə cinayət törətmiş insanlardır. Onların ora toplanması təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz və digər ətraf bölgələr, eləcə də beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaradır. Bunu hər bir dövlət, beynəlxalq təşkilat anlamalıdır, terrorla mübarizə aparan dövlətlər başa düşməlidir. Axı onların koalisiyaları var. Terrorla mübarizə istiqamətində müqavilə bağlamış, şərtlərlə razılaşmış dövlətlər var. O dövlətlər terrorçuların öz ərazilərindən hərəkət etməsinə qadağa qoymalıdır. Onları cinayət məsuliyyətinə cəlb etməlidirlər. Çünki onlar bu məsələdə məsuliyyət daşıyırlar”.
Cəlil Xəlilov qeyd edib ki, buna baxmayaraq ermənilər bütün vasitələrdən istifadə edir, onları Qarabağa toplamağa və Azərbaycana qarşı döyüşməyə təhrik edirlər:
“Buna baxmayaraq, çoxları bundan imtina edir. Bilirsiniz, onlar həmin əraziləri tanımırlar, relyefə bələd deyillər, pula aldanırlar. Ancaq düşünmürlər ki, ermənilərin bu gün o muzdlulara pul ödəmək imkanı yoxdur. Xaricdən edilən yardımı isə insanların rifahının yaxşılaşmasına, sosial vəziyyətinin düzəlməsinə yox, məhz bu cür terror işlərinin təşkilinə yönəldirlər”.
Qeyd edək ki, Azərbaycan Ordusunun sülhə məcburetmə əməliyyatına başlaması ilə Ermənistan silahlı qüvvələri hərbi texnika, eləcə də canlı qüvvə baxımından çoxsaylı itkilərə məruz qalıb. İndiki halda muzdlu döyüşçülər və terrorçuları cəbhə zonasına daha intensiv şəkildə cəlb etməklə Ermənistan hərbi-siyasi rəhbərliyi orduda şəxsi heyətlə bağlı itkilərin yerini doldurmağa çalışır.
Muzdlu döyüşçüləri cəlb etməklə Ermənistan təkcə Azərbaycan üçün deyil, eləcə də bir çox digər dövlətlər, beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaradır. Dünya birliyi buna qarşı qətiyyətli addımlar atmalıdır.