Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi ilə bağlı əks-hücum əməliyyatları xalqımızın maraqlarını, dövlətimizin nüfuzunu daha da gücləndirib. Cənab Prezident İlham Əliyevin son günlər verdiyi müsahibələr, etdiyi çıxışlar, apardığı fikir mübadiləsi dövlətimizin, xalqımızın iradəsini, əzmini nümayiş etdirir. Eyni zamanda Ali Baş Komandanın çıxışlarında humanist, insan haqlarına hörmət edən, beynəlxalq qanun çərçivəsində öz davranışını təşkil edən bir şəxsiyyət olduğu da bir daha təsdiqlənib.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov bildirib.
Komitə sədrinin sözlərinə görə, Gəncə hadisələrindən sonra daxilimizdə bir ağrı, nifrət olduğu halda biz xalq olaraq bunu döyüş meydanında göstərdik: ”Cənab Ali Baş Komandan Ordumuzu məhz bu istiqamətə yönləndirdi. Azərbaycanda erməni vətəndaşlarına qarşı heç bir ayrı-seçkilik yoxdur və indiyə qədər də olmayıb. Bakıda da hazırda erməni əsilli vətəndaşlar yaşayır, erməni kilsəsi fəaliyyət göstərir. Ona görə də dövlətimizin apardığı dava mülki ermənilərlə deyil".
Səməd Seyidov vurğulayıb ki, Azərbaycan torpaqlarımızı işğal edən erməni caniləri, faşistlərlə mübarizə aparır: "Hazırda da Azərbaycanda müxtəlif xalqlar, o cümlədən ermənilər yaşayır. Ermənilərin Azərbaycanda dinc yaşayışına və fəaliyyətinə heç bir qadağa yoxdur”.
Səməd Seyidovun hesab edir ki, Minsk Qrupunun təklif etdiyi planı, BMT-nin masası üzərində olan qətnamələri Azərbaycan özü icra etdi: “Bunu bizdən başqa icra edən olmadı. Azərbaycan bunu özü təmin edibsə, tələblərimiz, fikirlərimiz və mövqeyimiz ortadadır. Beynəlxalq təşkilatlar hansısa bir təklif verdiyi halda bununla bağlı araşdırma ola bilər. İndiki reallığı isə Azərbaycan özü yaradıb. Torpaqlarımız azad edilib. Bu, tamamilə fərqli bir məsələdir. Son hadisələr onu göstərdi ki, Azərbaycan döyüş meydanında əldə etdiyi uğurlarla, iradəsi ilə beynəlxalq səviyyədə bu məsələnin həllinə münasibəti kəskin şəkildə dəyişdirib”.
Komitə sədri vurğulayıb ki, dövlət başçısının mövqeyi, dünyaya verdiyi mesajlar aparıcı ölkələrdən biri olan Rusiya və onun prezidenti tərəfindən təsdiqini tapdı: “Ona görə də, cənab Putinin bu yanaşmasından sonra hansısa bir şərh verməyə ehtiyac yoxdur”.
Deputatın zənnincə, Vaşinqton görüşü də, Azərbaycan milli maraqlarına uyğun baş tutacaq”.