Cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfəri mənəvi, hüquqi, tarixi əhəmiyyət kəsb edir. Böyük Qələbə günündən cəmi bir həftə sonra Ali Baş Komandan və Birinci vitse-prezident Mehriban Əliyeva erməni təcavüzündən azad edilən ərazilərimizə səfər edib və orada yerli sakinlərlə söhbət edib. Bu bir daha göstərdi ki, haqq işi uğrunda mübarizəmizin əsas qəhrəmanı Azərbaycan xalqı, Lideri və Ordumuzdur. Cənab Prezident bu səfərlərdə bir sıra mühüm mesajlar verdi. Bunun da əsas məğzi ondan ibarət idi ki, Azərbaycan öz topaqlarının sahibidir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, xalqımız Lideri və Ordusu ilə birlikdə işğalda qalan ərazilərimizi azad edib:
"Azərbaycanın ərazi bütövlüyünün təminatı ilə regiona sülh, əminamanlıq gəlib. Çünki regionda sülhü və təhlükəsizliyi Azərbaycan təmin edəcək. Qarabağın son 30 ildə işğal altında qalmasına baxmayaraq, bu ərazinin sahibi Azərbaycan dövləti və xalqıdır. Artıq işğaldan azad edilmiş ərazilərimizdə sosial layihələrin icrasına başlanılıb. Şuşaya qədər uzanan bir yolun çəkilməsi və bununla bağlı verilən Sərəncamın böyük əhəmiyyəti var. 30 ilə yaxın düşmən tapdağında qalan Qarabağda Ermənistan tərəfindən heç bir quruculuq, abadlıq işləri görülməyib. Əksinə ermənilər işğaldakı ərazilərdə daşı-divarı belə söküb aparıblar”.
Millət vəkili vurğulayıb ki, torpaqlarımız işğaldan azad edildikdən bir neçə gün sonra cənab Prezident bu ərazilərin inkişafı üçün konkret addımlar atdı:
“Yol çəkilişi və digər zəruri infrastrukturun yaradılması burada aparılacaq genişmiqyaslı quruculuq abadlıq işlərinin başlanğıcıdır. Bundan əlavə yeni kəndlərin, qəsəbələrin, şəhərlərin salınması üçün mühüm dövlət proqramları icra olunacaq. Paralel olaraq hüquqi bazanın genişləndirilməsi üçün vacib işlər görüləcək. Böyük Qayıdış proqramının icrası üçün bütün zəruri addımlar atılacaq. Mərhələ-mərhələ insanlarımız öz yürd-yuvalarına qayıdacaq”.
Musa Quliyev cənab Prezidentin Ermənistanda hakimiyyətdə olan xunta rejiminə də mesajlarının önəmindən bəhs edib:
"Xocalı qatilləri, Azərbaycan xalqının cəlladları keçmiş erməni rəhbərləri S.Sərkisyan, R.Köçəryan da tarix qarşısında cavab verəcək. Bu gün Kəlbəcərdə yanğınlar, talanlar edənlər heç də düşünməsinlər ki, cəzasızlıqda qalacaqlar”.