Ermənistan indiki vəziyyətində Azərbaycan, Türkiyə və Gürcüstanla dost olub münasibətləri normallaşdırmasa, bir dövlət kimi gələcəkdə onun mövcudluğu şübhə altına düşəcək.
Bu fikirləri Teleqraf.com-a siyasi analitik Mehman Əliyev deyib.
O bildirib ki, real rəqəmlərdən çıxış edilsə, Ermənistanda cəmi 1,5 milyon əhali yaşayır.
Onun sözlərinə görə, sentyabrın 27-də əməliyyatlar başlayana qədər Xankəndi daxil olmaqla Qarabağ bölgəsində maksimum 65-70 min erməni yaşayıb: “Əlbəttə, müxtəlif rəqəmlər səsləndirilir. Rəsmi erməni statistikası deyə bilər ki, Qarabağda 200 min erməni yaşayıb. Necə ki, rəsmi statistikanı götürsək, Ermənistanda 3 milyon insan yaşayır, amma bunlar boş və saxta rəqəmlərdir. Ermənilər əsrlərlə öz dövlətlərini qurmaq üçün iş aparıb və buna nail olublar. Yəni gəlib Qafqazda dövlət yaradıblar. Xaricdən erməniləri indiki Ermənistan dövlətinin ərazisinə gətirib yerləşdiriblər, oradakı azərbaycanlıları qovublar. Həmçinin son 30 ilə yaxın müddətdə Qarabağda da xaricdən gətirilən erməniləri məskunlaşdırmaq siyasəti aparıblar. Həm də nəzərə almaq lazımdır ki, Ermənistan bu siyasətini uzun illər həyata keçirib. Üstəlik son 30 ildə ermənilər bizim ərazilərimiz hesabına öz torpaqlarını genişləndirməyə də nail olublar. Bunlar hamısı həqiqətdir. Bəs nəticəsi necə olub?”.
Mehman Əliyevin fikrincə, nəticə Ermənistan üçün fəlakətlidir: “Ermənilərin 100 illər boyunca həyata keçirdiyi bu siyasətin nəticəsi olaraq ermənilər Ermənistan Respublikasından qaçmağa, oranı tərk etməyə başlayıb: “İllərlə formalaşan siyasət birdən-birə dağılmağa başlayıb. Onda bu ərazilər nəyə və kimə lazımdır? Əgər sən bu ölkədən gedirsənsə və yaşamaq istəmirsənsə, bu ölkə kimə lazımdır? Bütün bu proseslər nəyin sayəsində yaşanıb? Ermənistanın blokadaya alınması və izolyasiyası nəticəsində... Əgər münasibətlər indiki kimi davam edəcəksə, Ermənistan daha da boşalacaq. Odur ki, indi yaranan situasiya Ermənistanı məcbur etməlidir ki, Azərbaycan, Türkiyə və Gürcüstanla normal qonşuluq münasibətləri qursun, konfliktlərdən qaçsın. Çünki onların nicatı bundan keçir. Əks halda Ermənistanı gələcəkdə bir dövlət kimi mövcudluğu şübhə altına düşəcək”.