Füzuli şəhərində beynəlxalq aeroportun açılması planlaşdırılır. İl ərzində enmə uçuş zolağı hazır vəziyyətə gətiriləcək. Dövlət rəhbərinin bununla bağlı xüsusi tapşırığı var. Çünki bu məsələlərdə yubanmamalıyıq. Füzuli şəhərində aeroportun tikilməsi xüsusi əhəmiyyət kəsb edir. Xaricdən Şuşaya gələcək qonaqların Füzuli aeroportundan istifadə etməsi əsas hədəflərdəndir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun fikrincə, beynəlxalq aeroportun açılması Şuşa ilə əlaqələrin sıxlaşmasına imkan verəcək:
“Azərbaycanın mədəniyyət paytaxtında “Vaqif poeziya günləri"nin, “Xarı Bülbül” poeziya festivalının keçirilməsi tarixi ənənələrin yenidən dirçəldilməsinə imkan yaradacaq. Azərbaycan mədəniyyət paytaxtı kimi Şuşa ölkəmizin ictimai mədəni həyatında rolu artacaq. İşğal müddətində 60-dan artıq məscid və tarixi abidə ermənilər tərəfindən dağıdılaraq, vandalizmə məruz qalıb. Azərbaycan dini, milli, tarixi dəyərlərinə qarşı böyük vandalizm aktı baş verib. Cənab Prezident Zəngilanda olarkən dağıdılmış məscidin önündən beynəlxalq ictimaiyyətə mühüm çağırışlar edib. Barbarların, vəhşilərin, Azərbaycanın mədəni irsinə, İslam dəyərlərinə qarşı olan terroruna diqqəti çəkib”.
Elman Nəsirov Şuşada məscidlərin birində işğal dönəmində aparılan dırnaqarası təmirdən bəhs edib:
"Orada Azərbaycan xalqına məxsus tarixi, milli ornamentlər tamamilə silinərək, İslam dəyərlərinə erməni iz qatmağa çalışılıb. Əslində bu yolla ermənilər İslam dünyasına çirkin əməlləri müstəvisində “dost” görünməyə çalışıb. 60-da çox məscidi dağıdan erməni hansı halda İslamın “dostu” ola bilər. Onlar sadəcə olaraq belə bir fon yaratmağa çalışıb. Cənab Prezident bununla bağlı qəti mövqeyini bildirib. YUNESKO-Azərbaycan münasibətlərində bu amil diqqətdə saxlanılmalıdır. Amma çox təəssüf ki, bu təşkilata dəfələrlə edilən müraciətə etinasız yanaşılıb. Amma buna baxmayaraq, ermənilərin qondarma iddialarına reaksiya verilir. İşğaldan azad edilən ərazilərdə olan bütün abidələr Azərbaycan xalqına məxsusdur. İSESKO-nun nümayəndə heyəti Azərbaycana dəvət olunub. Onların əsl reallığın nədən ibarət olacağı ilə bağlı mövqelərində korrektələr olacağına ümid edirik”.