13 Yanvar 2021 17:31
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Tramp tərəfdarlarının Konqres binasına hücumu dünya mətbuatının əsas gündəm mövzularından biridir. Bu hadisələrdən daha əhəmiyyətlisi isə yanvarın 11-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin görüşüdür. Hər iki tarixi hadisə bir-biri ilə heç bir cəhətdən oxşar və əlaqəli deyil. Amma ölkəmizdəki radikal və anti-milli qüvvələrin ifşası üçün ciddi bir müqayisədir. Vaşinqtondakı olaylara ilk dəqiqədən dünya ölkələri, beynəlxalq təşkilatlar, politoloqlar, siyasətçilər müxtəlif rəylər bildirdilər. Baş verənlərə sözsüz ki, heç kəs sevinmir. Belə bir olayın cüzi hissəsi Azərbaycanda baş versəydi, ermənipərəstlər və erməni diasporunun maliyyələşdirdiyi qərəzli beynəlxalq təşkilatlar bunu inqilab adlandırar, hələ üstəlik ona əlavə rəng də qatardılar. Əslində Vaşinqton olayları o qədər dolaşıq və qarışıqdır ki, ona ancaq göy qurşağı adı vermək olar. Başqalarına külək arzulayanda, özündə fırtına baş verər - deyib atalarımız. Bütün bunlara baxmayaraq, əminik ki, ABŞ dövləti və ABŞ demokratiyası baş vermiş bu qaranlıq olaylardan çox güclüdür və tezliklə hər şey yoluna düşəcək, qazanan isə Amerika xalqı olacaq.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, təəccüblüsü Amerikada ermənipərəst konqresmenlərlə iş birliyində olan radikal və anti-milli azərbaycanlıların susqunluğudur:

“Yaxınlıqlarında baş verənlərə susqunluq göstərdikləri halda, min kilometrlərlə uzaq məsafədəki yerlərdə gedən proseslərlə bağlı dayanmadan danışırlar. Onsuz onların rəyi ABŞ-da, Avropada, Azərbaycanda əhəmiyyətsiz, gərəksiz söz yığını kimi qəbul edilir. Amma bu qüvvələr yerli-yersiz Azərbaycan hakimiyyətinin hər bir işinə və ölkədə baş verənlərə qara şüşədən baxmağa çalışırlar. Qaranlıq otaqda, qara pişik axtarırlar. Ekspertlər cənab Prezident İlham Əliyevin Moskva görüşündən məmnun, erməni baş nazirin isə əhvalı pozulmuş halda qayıtdığını xüsusi vurğulayırlar. Buna baxmayaraq yenə də anti-milli qüvvələr bu görüş haqqında yersiz, yalan rəy bildirməyə çalışırlar. Azərbaycanda radikal müxalifətin görüşlə bağlı ajiotajı, erməni diasporunun Moskva görüşü ərəfəsindəki aksiya və etirazları ilə harmoniya təşkil edir. Bu, hər iki qüvvənin anti-azərbaycan, anti-turkiyəyə qarşı vahid mərkəzdən idarə olunduğunu sübut edir. Paşinyan və Azərbaycan müxalifəti danışıqların Minsk formatına daşınması məqsədi ilə bu mətləbləri ortaya qoyur. Ancaq radikal müxalifətin nəyə və kimə xidmət etdiyini ictimaiyyət, bütövlükdə xalq çox gözəl bilir. Bu qüvvələr heç olmasa, Azərbaycan tarixinin Zəfər səhifələrini yazanların bir gün onları mühakimə edəcəyindən qorxsunlar".

Millət vəkili qeyd edib ki, radikal müxalifətin Azərbaycanın yeni güzəştləri qəbul edəcəyi iddiası Moskva görüşünün nəticələri alt-üst oldu:

“Üçtərəfli görüş 10 noyabr sənədinin 9-cu maddəsinin icra mexanizminə yönəlib. Görüş regionda Ermənistanın kapitulyasıyasından sonra dayanıqlı, etibarlı təhlükəsizliyin, ticari, iqtisadi və kommunikasiya məsələlərinin müzakirəsinə həsr edilmişdi".

Məlahət İbrahimqızı əlavə edib ki, radikal müxalifətin Vaşinqtonda baş verən olaylara münasibət bildirməməsinin səbəbi isə məlumdur:

"Onlar SOROS kimi ermənipərəst təşkilatlara köləlik edərək, ağalarına bir daha sadiqlik göstərdilər. SOROS-a satılmış qüvvələr Azərbaycanı Tovuz hadisələrində, koronavirusla bağlı görülən tədbirlərdə də qeyri-demokratiklikdə günahlandırırdılar. Dünyanın heyran olduğu Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə də radikal müxalifət kəm gözlə baxır. Xalqın müqəddəs dəyərlərinə, şəhidlərin ruhuna toxunan anti-milli qüvvələr ermənipərəst açıqlamalar verməkdən utanmırlar. Vaxtilə radikal müxalifəti təhqir edib, satqın adlandıran Əli İnsanov da indi onların tərəfini tutur".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər