Ölkəmiz regiona yeni nəfəs gətirən layihələrin həyata keçirilməsində maraqlıdır. Azərbaycan həmçinin böyük iqtisadi perspektiv vəd edən yataqların işlənməsində dərin təcrübəyə malikdir. Müstəqillikdən öncə, sovet dönəmində ölkəmiz neft sənayesinə görə qabaqcıl mövqedə idi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
Onun sözlərinə görə, Azərbaycan neft sənayesinin tərəqqisində Ulu öndər Heydər Əliyevin mühüm xidmətləri olub:
“Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illərdə Xəzərdə yeni neft-qaz yataqlarının kəşfi, istismarı həyata keçirilib. Ölkəmizin neft emalı, neft-kimya sənayesinin yenidən qurulması üçün mühüm addımlar atılıb. Azərbaycan-Türkmənistan arasında imzalanan memorandum da indiki reallıqda böyük səmərə verəcək. Razılaşmaya əsasən bundan sonra “Dostluq” yatağında karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və mənimsənilməsi birgə həyata keçiriləcək. Maraqlı məqamlardan biri isə yatağa “Dostluq” adının verilməsidir. İki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsidir”.
Eldəniz Səlimov qeyd edib ki, cənab Prezident İlham Əliyevin neft-qaz hasilatı, nəqli, enerji potensialının yüksəldilməsi, yeniliklərin olacağını bildirmişdi:
“Yeniliklərdən olan bu Memorandumun imzalanması artıq reallaşıb. Bu yatağın birgə işlənməsi Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın ixrac kəmərləri vasitəsilə daşınacaq. Ixracatçı olan Azərbaycan tranzit ölkə kimi də əhəmiyyəti artacaq”.
Millət vəkilinə görə, razılaşma Xəzərin sülh, mehriban qonşuluq, dostluq dənizi olması faktını möhkəmləndirib:
“Xəzər dənizində əməkdaşlıq və qarşılıqlı etimad mühitini güclənir. Bu il Türkmənistanın təşəbbüsü ilə Xəzəryanı dövlət başçılarının Zirvə Toplantısı keçiriləcək. Memorandumun imzalanması Xəzəryanı dövlətlərin əməkdaşlığını daha da genişləndirəcək”.