3 Fevral 2021 09:05
3 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Artıq Minsk Qrupunun fəaliyyəti heç kimə lazım deyil. Həmsədrlər ötən otuz ildə səmərəsiz fəaliyyət göstərdilər və bu bitdi. Əlbəttə, buna baxmayaraq, həmsədrlərin fəaliyyətini yenidən bərpa etmək istəyirlər. Bununla göstərmək istəyirlər ki, Minsk Qrupu hələ də nəsə edə, çalışa bilər. Amma bu gün faktiki olaraq Minsk Qrupunun gedən proseslərə heç bir təsir imkanı və gücü yoxdur. Buna görə də bu missiyanı bitmiş saymaq olar. Çünki həmsədrlər indiyədək tərəflər arasında görüşlər təşkil etməkdən başqa heç bir iş görməyib”.

Politoloq Ramiyə Məmmədovanın Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Ağdamda Rusiya-Türkiyə birgə monitorinq mərkəzi fəaliyyətə başladı. Mərkəzin işə başlaması Türkiyənin bölgədə gedən proseslərdəki rolunu rəsmiləşdirdi. Bu amil Azərbaycana nə vəd edir, mövqeyimizi və digər məsələlərin həlli ilə bağlı tələblərimizi gücləndirəcəkmi?

- Azərbaycan ictimaiyyəti bunu uzun müddətdir gözləyirdi. Çünki bu ana qədər bölgədəki Rusiya sülhməramlılarının fəaliyyətindən narazılıq vardı. Bu narazılığı da onların özləri yaratmışdı. Biz onsuz da bilirdik ki, Rusiya sülhməramlılarının bu gəlişi ermənilərin lehinədir. Adının “sülhməramlı” olmasına baxmayaraq, indi də ermənilərə dəstək verirlər. Yəni üzərinə düşən vəzifələri və missiyanı yerinə yetirmirlər, ya da yetirə bilmirlər. Biz bunları rusiyalı hərbçilərin müşayiəti ilə Xankəndinə ermənilərin daşınmasında, sülhməramlı kontingentin komandiri Rüstəm Muradovun separatçı rejimin rəhbər şəxsləri ilə səmimi münasibətlərindən görürük. Üstəgəl sülhməramlıların faşist Qaregin Njdeyə Xocavənddə abidənin qoyulmasına səssiz qalması artıq səbir kasasını daşırır. Hesab edirəm ki, sülhməramlılar və onun komandiri bölgəyə gəlməzdən əvvəl nə baş verdiyini öyrənməli və müvafiq təlimatlar almalı idi. Onlar Azərbaycanın tarixini öyrənərək ora gəlməliydilər.

Təbii ki, baş verənlərin fonunda Türkiyənin monitorinq mərkəzində yer alması Azərbaycanın maraqlarına uyğundur. Mərkəzdə yerləşən Türkiyə hərbçiləri təkcə monitorinq aparmamalı, eyni zamanda sahəyə də çıxmalıdırlar. Gördüyünüz kimi, zaman-zaman sahələrdə müəyyən problemlər ortaya çıxır. Ermənistanın rəhbər şəxslərinin rus sülhməramlılarının müşayiəti altında əl-qollarını sallayaraq Xankəndinə gəlməsi və istədikləri açıqlamaları verməsi sual doğurur. Üstəgəl, bəzi ərazilərdə qalan silahlı erməni ünsürləri tərksilah edilmir, zaman-zaman qarşıdurma vəziyyəti yaradan təxribatlara əl atırlar. Halbuki anlaşmaya uyğun olaraq Rusiya sülhməramları həmin birləşmələri tərksilah etməli idi. Bu baxımdan Türkiyənin bölgədə atəşkəsə nəzarət missiyasında yer alması vacibdir. Ehtimal olunan təxribatların qarşısının alınması üçün birgə monitorinq mərkəzinin nə qədər təsiredici olacağını zaman göstərəcək.

- Şuşaya Azərbaycan prezidentinin xüsusi nümayəndəsi təyin edildi. Bu, bir yenilikdir. Hesab etmək olarmı ki, bu, həm də Xankəndi ilə bağlı atılmış bir addımdır, yəni gələcəkdə Xankəndi üçün də belə bir qərar verilə bilərmi?

- Bəli, Şuşa artıq işğaldan azad edilib, bu şəhər və digər ərazilərin mütləq hissəsi Azərbaycan ordusunun nəzarətindədir. Lakin Xankəndi, Xocalı və Xocavənd hələlik erməni silahlı birləşmələri və Rusiya sülhməramlılarının nəzarəti altındadır. Bu gün Şuşaya Azərbaycan prezidentinin xüsusi nümayəndəsi təyin olunub, Azərbaycan bayrağı asılıb. İndi əsas sual da budur ki, bəs Xankəndində Azərbaycan bayrağı nə vaxt asılacaq? Hələ də Xankəndi və digər ərazilərdə yaşayan ermənilər bununla barışmaq istəmirlər. Hələ də anlamırlar ki, ora Azərbaycan əraziləridir və onlar da Azərbaycan vətəndaşlarıdır. De-fakto və de-yure Azərbaycan ərazilərində yaşayırlarsa, bu ölkənin pasportu daşımalıdırlar və bizim bayraq altında olmalıdırlar. Amma ermənilər hələlik bunu qəbul etmirlər, qəbul etmək də istəmirlər.

Ermənilərin iki seçimi var; ya Xankəndi və digər əraziləri tərk edib Ermənistana getməlidirlər, ya da Azərbaycan vətəndaşlığını qəbul edib bu ölkənin bayrağı altında yaşamalıdırlar. Azərbaycan dövləti tərəfindən Xankəndində təyin ediləcək xüsusi nümayəndəni qəbul etməlidir. Amma ermənilər yenə də separatçı iddialarından əl çəkmirlər. Rusiya sülhməramlıları üçtərəfli sazişə uyğun olaraq, bölgədə olsa da bir çox hallarda xoşagəlməz hallar yaşanır.

Amma kimin nə düşünməsindən asılı olmayaraq, Şuşa və digər rayonlarda olduğu kimi, Xankəndinə də Azərbaycan dövlətinin xüsusi nümayəndəsi təyin olunmalıdır. Bunun nə vaxt baş verəcəyini zaman göstərəcək. Çünki hələlik ermənilər Azərbaycana qarşı separatçı ərazi iddialarından əl çəkməyiblər və buranı da öz əraziləri kimi qəbul edirlər. Amma Azərbaycanın diplomatik gedişlərinin ermənilərin bu pozucu fəaliyyətlərinin qarşısını alacağını, gec-tez ermənilərin yaranmış yeni reallığı qəbul edəcəyini düşünürəm.

- İran fəallaşıb, Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bölgə ölkələrində - Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyədə oldu. İran nəyə nail olmaq istəyir, əsas hədəfləri nədir?

- Son proseslərin fonunda bölgədəki rolu zəiflədikcə, İran fəallaşmağa, öz mövqeyini ortaya qoymağa çalışır. Zərif bu niyyətlə də Türkiyədə səfərdə oldu və Prezident Ərdoğanı da İrana dəvət etdi. Zərif Ankarada olarkən bildirdi ki, İran öz qonşuları ilə yaxın siyasi, iqtisadi və mədəni əlaqələrini gücləndirmək niyyətindədir. İran görür ki, bundan əvvəlki mərhələlərdə Cənubi Qafqazda Türkiyə faktoru yox idisə, amma bu gün bölgədə aktiv rol oynamağa başlayıb. Əlbəttə, İran Türkiyənin bu rolundakı Azərbaycanın önəmini də bilməmiş deyil. Bu, İranın özü üçün də bir siqnaldır.

Azərbaycan gücləndikcə, Güney Azərbaycan və İranda yaşayan 40 milyondan çox azərbaycanlı da müstəqillik ideyasını ortaya qoya bilər. Qarabağdakı son müharibə vaxtı da gördük ki, İranın işğalçı Ermənistana dəstək cəhdlərinə Güneydən hansı təpkilər verildi. Güneydən olan soydaşlarımız müharibə başlayandan axıradək Azərbaycana öz dəstəklərini nümayiş etdirdilər. Əlbəttə, belə bir fəallıq İranı ehtiyatlı olmağa sövq edir. 40 milyondan çox azərbaycanlının fəallaşmasının hansı anlama gəldiyini İran çox yaxşı başa düşür.

İran onu da yaxşı görür ki, Rusiya və Türkiyə Cənubi Qafqazda əsas geosiyasi oyunçulara çevrilib. İran bunun öz əleyhinə olduğunu düşünür. İran xüsusən də Türkiyənin bölgədəki fəallığına həm də məzhəb çərçivəsindən baxır. Çünki İran şiə, Türkiyə isə sünnilərin çox yaşadığı bir ölkədir. Başqa bir tərəfdən, Türkiyənin bölgədəki nüfuzunun genişlənməsi və Rusiya ilə birgə əməkdaşlığının Cənubi Qafqazda da inkişaf etməsi, İranın bu və digər regionlardakı rollarının zəifləməsi deməkdir. Belə ki, İran əlindəki təsir rıçaqlarını itirə bilər. Bu situasiyanın yaranması İranın bir çox geosiyasi və digər layihələrdən kənarda qalması və ya geri çəkilməsi deməkdir. İran bunu yaxşı başa düşdüyü üçün diplomatik fəallıq göstərməyə başlayıb.

Bir sözlə, İran Türkiyə və Rusiyadan geridə qalmamağa çalışır, bölgədə gedən proseslərdən müsbət dividendlər qazanmağa səy göstərir. Buna görə də İran Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmağı qarşısına məqsəd qoyub. İran indi “yaxşı qonşu” olmağa çalışır.

- ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfəri gözlənilir. Bəs həmsədrlər nə istəyir, bu, fəallıq mövcud reallığa – Azərbaycanın xeyrinə olan duruma bir etirazdırmı, yoxsa...?

- Artıq Minsk Qrupunun fəaliyyəti heç kimə lazım deyil. Həmsədrlər ötən otuz ildə səmərəsiz fəaliyyət göstərdilər və bu bitdi. Əlbəttə, buna baxmayaraq, həmsədrlərin fəaliyyətini yenidən bərpa etmək istəyirlər. Bununla göstərmək istəyirlər ki, Minsk Qrupu hələ də nəsə edə, çalışa bilər. Amma bu gün faktiki olaraq, Minsk Qrupunun gedən proseslərə heç bir təsir imkanı və gücü yoxdur. Buna görə də bu missiyanı bitmiş saymaq olar. Çünki həmsədrlər indiyədək tərəflər arasında görüşlər təşkil etməkdən başqa heç bir işə görməyib. Bundan sonra da Minsk Qrupunun hansısa müsbət bir işə imza atacağına inanmaq çətindir.

Minsk Qrupu primitiv bir formatdır. Azərbaycan öz ərazilərini işğaldan azad edib, Ermənistanla müharibəni bitirib, tərəflər arasında sənəd imzalanıb. Bundan sonra ATƏT-in Minsk Qrupu nə edə bilər?!


Müəllif: Mənsur Rəğbətoğlu