“Ermənistan parlamentində hakim “Mənim addımım” blokunun təmsilçisi Anuş Beqloyan Avropa İttifaqı, Azərbaycan, Gürcüstan, və Türkiyə nümayəndələrinin iştirakı ilə “Cənubi Qafqaz: Yeni təhlükələr və yeni imkanlar” mövzusundaa keçirilən videokonfransda erməni xalqının əsasən revanşçı əhval-ruhiyyədə olmadığını bildirib. Sitat: “Ermənistan cəmiyyəti və hakimiyyəti kifayət qədər yaxşı başa düşür ki, bir müddət öncə baş verən hadisələr regionda təhlükəsizliyin və etimadlı münasibətlərin yaranmasına xidmət edə bilər”.
Siyasi ekspert Elçin Mirzəbəyli Teleqraf.com-a bildirib ki, hazırda Ermənistanda, aralarında millətçilərin də olduğu müxtəlif siyasi qruplar var və onlar istədikləri bəyanatı verə bilərlər: "Amma mən hər kəsi Ermənistanın hakim partiyasının, hökumətinin, baş nazirin ofisinin, parlamentin bəyanatlarını dinləməyə çağırıram. Onlar aydın şəkildə bəyan edirlər ki, revanşizm və qisas almaq məqsədi daşıyan istənilən hərbi fəaliyyəti nə Ermənistan, nə də erməni xalqı istəmir. Erməni xalqı kim birincidir, kimin tarixi əraziləri olub kimi əbədi müzakirələrə qayıtmadan irəliyə baxmalıdır. Ona görə ki, bildiyiniz kimi, erməni xalqının nümayəndələri tarixi xülasələrdən və qədim yazıçılarıdan nümunə gətirməyi yaxşı bacarırlar. Mən buna qayıtmağı istəmirəm. Çünki 30 il bununla məşğul olmuşuq və nəticədə müharibə baş verib”.
Elçin Mirzəbəyli qeyd edib ki, daha öncə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan və Ermənistan parlamenti sədrinin müavini Lena Nazaryan da oxşar tezislərlə çıxış ediblər:
“Nazaryan bəyan etmişdi ki, ermənilərin bir hissəsinin Qarabağ müharibəsində məğlubiyyətə görə revanş götürmək arzusu reqressiv və ziyanlıdır və bunun əvəzində Azərbaycanla uzunmüddətli və hətta daimi sülh əldə etmək lazımdır.
Əslində revanşçı qüvvələrin Ermənistanda dəstək görmədiyi göz qabağındadır. İnsanlar “birləşmiş müxalifət”in təşkil etdiyi, Köçəryan-Sarqsyan klanının isə pərdəarxası dəstək verdiyi etiraz aksiyalarına qoşulmaq istəmirlər. Paşinyan isə revanşçı qüvvələrin əl-qolunu bağmaq üçün “Məhkəmə Məcəlləsi”nə əlavə və diyişiklikləri müzakirəyə çıxarıb. Dəyişikliklər, əsasən həbs-qəti imkan tədbirinin seçilməsi ilə bağlı hakimlərin sayının artırılmasına xidmət edir.
İndiki şəraitdə revanşçı qüvvələrin yeganə şansı növbədənkənar parlament seçkiləri və bu seçkilərin Nikol Paşinyanın baş nazirliyi ilə keçiriləcəyi perspeltivi ilə barışmaqdır. Çox güman ki, həbs-qətimkan tədbiri seçən hakimlərini dayının artırılmasından sonra, Nikol Paşinyanın seçki dövründə öz postunda qalmasına imkan verən dəyişikliklər, yaxud yeni konstitusiya qanunun qəbul edilməsi gündəmə gələcək. İndiki şəraitdə, hakimiyyətin etiraz aksiyaları ilə dəyişdirə biləcəyi isə real görünmür”.