Milli Məclisin sabiq deputatı Çingiz Qənizadənin Yeni Azərbaycan Partiyasına üzv olması barədə informasiya yayılıb.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə yayılan məlumatın doğru olduğunu bildirib.
Çingiz Qənizadədən bu seçimin nədən qaynaqlandığını suallarına belə cavab verib:
“Mən niyə YAP-ı seçdim?.. Müasir demokratik Azərbaycan Respublikasının banisi və qurucusu olan ulu öndər Heydər Əliyevin ən istedadlı yetirməsi və davamçısı kimi İlham Əliyev yeni əsrin yeni lideri olaraq, Azərbaycanımızı inamla irəli aparıb, ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsini təmin edib. Onun ölkəmizə rəhbərlik etdiyi dövrlərdə çevik və qətiyyətlə qəbul etdiyi qərarlar nəticəsində dövlətimizin artan inkişaf tempinə nəzər saldıqda bütün xalqımız bugünkü müstəqil, qüdrətli və stabil Azərbaycana görə ulu öndər Heydər Əliyevə və İlham Əliyevə minnətdardır.
İlham Əliyevin dövlətimizə, xalqımıza və onun milli maraqlarına xidmət edən siyasətinin qayəsində duran əsas prinsiplərin - Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi, milli və dövlət maraqlarının təmin edilməsi, Azərbaycan dövlətinin iqtisadi qüdrətinin artırılması və xalqımızın sosial rifahının yaxşılaşdırılmasına yönələn addımları, bu istiqamətdə vermiş olduğu sərəncamlar, fərmanlar, qəbul edilmiş Dövlət proqramları, Strateji Yol xəritələri və s. kimi bütün işlər bizə bugünkü qüdrətli və dünyada artıq söz sahibinə çevrilmiş Azərbaycan dövlətini bəxş edib. Cənab Prezident - Azərbaycan Respublikasının Ali Baş Komandan kimi 17 il bundan öncə xalqımıza vermiş olduğu daha bir sözü və ən müqəddəs işi layiqincə yerinə yetirdi. Cəmi 44 gün ərzində Qarabağı işğaldan azad edərək, xalqımızın 30 illik həsrətinə son qoymuş oldu”.
Çingiz Qənizadə YAP-a üzv olmaq üçün Prezidentə müraciət etdiyini də bildirib:
"Mən hüquq üzrə fəlsəfə doktoruyam. Demokratiya və İnsan Hüquqları Komitəsinin sədriyəm. Ölkəmizin ictimai-siyasi həyatında aktiv fəaliyyətimlə seçilsəm də, heç bir siyasi partiyanın üzvü deyiləm. Prezidentin uzaqgörən siyasətini və gördüyü bütün işləri həmişə dəyərləndirmişəm. Onu da qeyd edim ki, mənim ictimai-siyasi fəaliyyətimi yüksək qiymətləndirərək, cənab Prezident 2017-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakıma görə “Şöhrət” ordeni ilə təltif edib. Lakin 44 günlük Azadlıq və Vətən müharibəsi zamanı İlham Əliyevin Ali Baş Komandan və Prezident kimi qətiyyətini, uzaqgörən siyasi taktikalarını və nəhayət bir Sərkərdə kimi qürurverici keyfiyyətlərini bir daha gördükdən sonra məndə belə bir sual yarandı: niyə İlham Əliyevin rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının üzvü olmayım?
Odur ki, mən partiya sıralarına qəbul olunmağım üçün YAP-ın sədri, ölkə Prezidenti İlham Əliyev cənablarına məktubla müraciət etdim. Bundan sonra prosedur qaydalar başlanıldı. Prosedura uyğun olaraq, Binəqədi rayonu ərazisində yaşadığım nəzərə alınaraq, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının Aparatı ərazi ilk partiya təşkilatı İdarə Heyətinin 09.02.2021-ci tarixli iclasının qərarı ilə partiya sıralarına qəbul edildim. 10 fevral 2021-ci il tarixdə isə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının İdarə Heyətinin iclasında partiya sıralarına üzvlüyüm təsdiq edildi. Beləliklə, mən bundan sonrakı siyasi fəaliyyətimi Yeni Azərbaycan Partiyası sıralarında davam etdirəcəyəm". (Modern.az)