Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəsini təqdim edirik.
- Elman müəllim, Ermənistanda revanşist qüvvələrin olduğu məlumdur. Keçmiş prezident Robert Köçəryan da bu sırada dayanıb. O, "müharibədə ölkəyə rəhbərlik etsəydim, Ermənistan bu dərəcədə ağır məğlubiyyətə uğramazdı" kimi fikirlər səsləndirir. Necə düşünürsünüz, bu şəxsin iddiaları nəyə hesablanıb?
- Keçmiş Ermənistan prezidenti olan Robert Köçəryan cinayətkar, hərbi cani və qatildir. Bu şəxsin insanlıqda yeri yoxdur. Xocalı soyqırımının törədilməsinə rəhbərlik edən cəlladlardan biri də o olub. Köçəryan Dağlıq Qarabağda olanda, soyqırım törədəndə, torpaqlarımız işğal olunanda Azərbaycan Ermənistandakı indiki siyasi böhranı yaşayırdı. Ölkədə o dövrdə tam hakimiyyətsizlik hökm sürürdü. Özşbaşınalıq idi. Azərbaycan gücsüz dövlət idi. Ordu, rəhbərlik, vahid komandanlıq yox idi. Belə bir məqamdan istifadə edən Ermənistan və onun havadarları Azərbaycanın torpaqlarını işğal etdi. Köçəryan Ermənistana rəhbərlik etdiyi dövrdə Azərbaycanı müqayisə edir. İndi isə açıqlama verir ki, o, hakimiyyətdə olsaydı, Azərbaycan Ermənistan üzərində bu qədər əzici Qələbə qazana bilməzdi. Amma Köçəryan unudur ki, indiki Azərbaycan 90-cı illərin əvvələrindəki kimi deyil. Hazırda ölkəmiz iqtisadi inkişafına, hərbi gücünə, beynəlxalq mövqeyinə və diplomatik uğurlarına görə layiqli mövqeyi olan dövlətdir. Azərbaycanlıların qanına əli batmış bir şəxsin bu gün belə utopik xəyallar uydurması onun özünün cəllad təfəkküründən qaynaqlanır.
44 günlük müharibə dövründə Paşinyanın əvəzində Köçəryan hakimiyyətdə olsaydı, Azərbaycan Ordusu onun faşist ideologiyasına cavab olaraq İrəvanı da təmizləməli olacaqdı. Köçəryan bu haqda düşünsə, daha yaxşı olar. Amma Köçəryanlar, Sərkisyanlar, Paşinyanlar Azərbaycanın güclü siyasi iradəsi və hərbi gücü qarşısında bundan sonra bir saat belə duruş gətirə bilməz. Soyqırımı törətmiş cinayətkarlar Ermənistanda siyasi rəhbərliyə gətirilib. Ona görə də erməni xalqı ilk növbədə bu cür cinayətkar ünsürlərdən xilas olmalıdır. Köçəryan isə indiki halda məğlub erməni cəmiyyətinə revanşist hisslər aşılamaqla hakimiyyətə gəlmək istəyir. Onun bu situasiyada hansısa bir uğur qazanması isə mümkün deyil.
- Ermənistanda revanşizmlə bağlı fikirləri daha çox tirajlayanlar indiki halda siyasi hakimiyyət iddiasında olanlardır. Necə düşünürsünüz bu yanaşma erməni cəmiyyətinə nə vəd edir?
- Bu gün Ermənistanda revanşizmlə bağlı səslənən fikirlər populizmə əsaslanır. Bunlar sadəcə ara söhbətləridir. 44 günlük müharibədə Ermənistanın aldığı güclü zərbə müqabilində bir daha özünə gəlməsi mümkün deyil. Erməni ordusu deyilən bir anlayış qalmayıb. İqtisadi siyasi problemlər bu dövləti çökdürüb. Borc içində olan bir dövlətin vətəndaşlarının revanşizmlə bağlı danışması sadəcə təəccüb doğurur. Bu məsələ ətrafında siyasi şou yaratmaq istəyində olanlar növbəti dəfə yanılırlar. Bunlar Ermənistanda kimlərinsə, özünü cəmiyyətdə təəssübkeş göstərmək istəyən qüvvələrin çağırışlarıdır. Revanşist qüvvələr düşünmür ki, onlar hansı ordu ilə Azərbaycana qarşı döyüşəcək? Bunun haqqında çox güman ki, düşünüblər.
- Birgə yaşayışla bağlı müzakirlər gedir. Prosesin irəliyə aparılması üçün hədəflər necə müəyyənləşməlidir?
- Bu, dövlət siyasətindən kənarda olsa, mənim şəxsi fikrim odur ki, ermənisiz Azərbaycan olsun. Amma Azərbaycanda ermənilər yaşamaq istəyirlərsə, ölkə qanunlarına, konstitusiyasına hörmət edib onu qəbul etməlidir. Eyni zamanda Azərbaycana qarşı heç bir cinayətdə əli olmayanlar ölkəmizdə yaşamaq hüququ əldə edə bilər. Bu da sözsüz ki, illərlə bu ərazidə yaşamış ermənilərə şamil olunacaq. Sonradan bu ərazilərə köçüb gələn ermənilərin Azərbaycanda yaşamasına heç bir halda imkan verilməməlidir.
- 11 yanvar Moskva görüşündən sonra regionda kommunikasiyaların açılması müqabilində əməkdaşlıq məsələləri gündəmə gəlir. Əldə olunmuş razılaşmalardan sonra qarşılıqlı əlaqələrin inkişafını necə dəyərləndirmək olar?
- 10 noyabr və 11 yanvarda imzalanmış sənədlər Ermənistanın xeyrinədir. Əgər bu dövlət imza atdığı sənədə sona qədər səmimi olsa, onlar düşdüyü çətin və çıxılmaz durumdan çıxmaq imkanı əldə edər. Amma ermənilərin tarixin bir çox dönəmlərində səmimi olduqlarını görmək mümkün olmayıb. Buna baxmayaraq, Ermənistanda real vəziyyəti dəyərləndirə bilən siyasətçilər olsa, əməkdaşlıq üçün imkanlar mövcuddur. Bu yollar Ermənistanın bir dövlət kimi yaşaması üçün çox vacibdir. İşğal siyasətinə görə blokadaya salınmış bir dövlət üçün bu, yeganə çıxış yoludur. Onlar Azərbaycanla, Türkiyə ilə səmimi münasibətlər yarada bilsə, bundan ancaq fayda görə bilər. Əks təqdirdə olanları 44 günlük müharibə və ondan sonrakı dövrdə düşdükləri prosesə nəzərə salmaları ilə görə bilərlər.