Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fərda müəllim, ABŞ-da hakimiyyətə gələn Co Bayden Trampdan fərqlidir və müşahidələr deməyə əsas verir ki, Trampın xarici siyasətinə əks bir siyasət izləniləcək. İndi ABŞ-da formalaşmaqda olan yeni administrasiyanın xarici siyasətlə bağlı məqsədləri haqqında nə demək mümkündür?
- Öncə bildirək ki, Trampın hakimiyyətə gəlişini sadəcə ənənəvi yeni administrasiyanın yaranması kimi qəbul etmək olmazdı. Əksinə, bu, müəyyən qədər ABŞ siyasətində yeni tendensiyanın yaranması idi və bu tendensiyanın arxasında ABŞ seçicilərinin böyük bir kütləsinin iradəsi dayanırdı. Aydındır ki, son zamanlar beynəlxalq müstəvidə siyasət aparmaq xeyli çətinləşir. Çünki müxtəlif güc mərkəzləri ortaya çıxır. Aparıcı qüvvə kimi yenə də özünü göstərmək üçün ABŞ-dan əlavə enerji, vəsait, iqtisadiyyatda ona üstünlük gətirəcək şəraitin yaradılması məsələsi durur. Burada Tramp siyasəti əslində ola bilsin ki, o qədər də aparıcı geosiyasi qüvvə kimi deyil, daha çox müxtəlif ölkələrin fəaliyyəti daxilində ən çox nüfuza sahib olan, vahid və kənarda dayanan və həm də öz milli maraqlarının arxasında duran bir siyasət prioriteti vardı. Göründüyü kimi Trampın hakimiyyətdən uzaqlaşması da adi prezidentin hakimiyyətdən gedişi kimi olmadı. Əksinə, sanki Tramp siyasi xəttini davam etdirir. Sanki müxalifət partiya fəalı kimi deyil, hansısa siyasi cərəyanın lideri kimi özünü göstərir. Bunu ABŞ siyasətində rəqabətdə olan iki siyasət istiqamətinin qarşıdurması kimi də qiymətləndirmək doğru olar.
Hakimiyyətə gələn yeni şəxs-Co Bayden ənənəvi ABŞ liderliyini gündəmə gətirməklə bağlı bəyanatlar verir və addımlar atır. Məsələn, Bayden Trampın bir sıra təşəbbüslərinə yenidən qayıdır, üstəlik Avropadan “Biz ABŞ-ın beynəlxalq siyasətə gəlişini və təşəbbüskarcasına siyasət aparmasını gözləyirik” mesajları eşidilir. Bu istiqamətdə Baydenin ola bilsin ki, Barak Obama tərəfindən əsası qoyulan siyasəti tam şəkildə deyil, müəyyən reallıqları nəzərə almaqla canlandıracağı gözləniləndir.
- Baydenin Yaxın Şərq siyasəti ilə bağlı proqnozlarınız nələrdir?
- Əlbəttə, mən Yaxın Şərq üzrə mütəxəssis kimi bəzi məqamlarla bağlı gözləntiləri deyə bilərəm. Bildiyiniz kimi Donald Tramp Yaxın Şərqlə bağlı bir çox ziddiyyətli təşəbbüslər ortaya qoydu. Bu təşəbbüslər əslində İsrailin yaratdığı gerçəklikləri rəsmiləşdirmək məqsədi güdürdü. İndi hakimiyyət dəyişikliyindən sonra bu məqamlar mənfi qarşılanmağa başlandı. Hətta deyərdim ki, Qərb ölkələri arasında bunlara ehtiyatla və anlaşılmaz hadisə kimi yanaşmalar müşahidə edildi. Biz hələ bilmirik ki, yenidən bu siyasətə nəzər salınacaq, yoxsa Trampın yaratdığı gerçəkliklər üzərindən xətt çəkiləcək, ya da hansısa prinsipləri nəzərə almaqla vəziyyət bir qədər yumşaldılacaq. Lakin bu ehtimal da var ki, Yaxın Şərq problemlərinin həlli üçün daha açıq sülh təşəbbüslərinin dəstəklənməsi mümkün olsun.
- ABŞ-Türkiyə münasibətlərində əməkdaşlıq görsək də, müxtəlif mərhələlərdə gərgin qarşıdurmaları da müşahidə edirik. Şərqi Aralıq dənizində baş verənlər və ona reraksiya, eləcə də S-400 kompleksləri ilə bağlı gərginlik buna əyani sübutdur. Sizcə, yaxın 4 il ərzində Vaşinqton-Türkiyə münasibətlərində hansı ssenarilər gözlənilir?
- Əvvəla, Türkiyə özünün regionda çox fəal və hərtərəfli imkanlı ölkə olduğunu sübuta yetirib. İstər coğrafi mövqeyi, istərsə də rəhbərliyin iddialı olması, habelə hərbi texnologiyalar və əsas oyunçularla sıx təmas qurması ilə özünəməxsus müstəqil siyasət həyata keçirir. Bununla da Türkiyə böyük nüfuz qazanıb.
ABŞ kölgəsində qalmaq nə Türkiyə üçün mümkün olacaq stereotipdir, nə də Vaşinqton siyasəti üçün. Yəni ABŞ-da bu gerçək vəziyyəti nəzərə almayan siyasi xətt ola bilməz. Türkiyəyə mümkün qədər təşəbbüskarlıq imkanları vermək, eyni zamanda daima təmasda olmaq bir növ onun gücündən yararlanmağa imkan yarandır. Mən Türkiyə ilə Amerika arasında siyasətin anlaşmazlıq şəraitində həyata keçirildiyini ehtimal etmirəm. Əksinə, ola bilsin ki, Rusiya siyasətinə qarşı alternativ siyasət yaratmaq məqsədi durur. Türkiyə ilə Rusiyanın yaxın təmasda olması ABŞ üçün əlavə siyasi imkanlar da yarada bilər. Belə məqamda açıq şəkildə güc göstərmək və əlini masaya vurmaq deyil, Türkiyənin indiki nüfuzunu nəzərə almaqla daha effektiv siyasi gedişlər etmək mümkündür.
- Bir çox beynəlxalq mütəxəssis bildiri ki, Bayden dövründə ABŞ-Rusiya münasibətlərinin ən kəskin mərhələsi yaşanacaq. Sizin proqnozunuz necədir?
- Məntiqlə belə olmalıdır və münasibətlərdə gərginləşmə gözləniləndir. İstər Baydenin seçki kampaniyası dövründə verdiyi bəyanatlar, istər sonrakı mərhələdəki addımlar, istərsə də Aleksey Navalnı məsələsində tutulan mövqe gərginləşmədən xəbər verir. Amma bu nəyə gətirəcək, biz gərginləşmənin son nəticəsi kimi nəyi ehtimal edə bilərik? Düşünürəm ki, ehtiyatlı, amma eyni zamanda yeni Bayden administrasiyanın Rusiyaya qarşı təzyiqinin artması ilə müşayiət olunacaq qarşılıqlı münasibətlərə şahid ola bilərik.
- Trampla müqayisədə Bayden dövründə Çinlə münasibətlər hansı səviyyədə olacaq?
- Əslində, bu mürəkkəb mövzudur, amma düşünürəm ki, burada Baydenin əsas məqsədi Çinlə Rusiyanın yaxınlaşmasının qarşısını almaq olacaq. Fikrimcə, Çinə qarşı açıq təzyiq və sanksiyalar gözləməkdənsə, əksinə hansısa iqtisadi yaxınlaşma və bu yolla Pekin-Moskva yaxınlaşmasının qarşısını almaq istəkləri ortaya çıxa bilər. Bax, belə bir planın olması daha məntiqli görünür. Başa düşürəm ki, burada Rusiya ilə münasibətlərdən fərqli olaraq daha ehtiyatlı siyasət aparmaq lazım gələcək.
- Donalt Tramp dövründə ABŞ-ın ənənəvi müttəfiqi olan Avropaya qarşı ögey münasibət özünü göstərdi. Eləcə də NATO daxilində münasibətlərdə gərginlik oldu. Co Bayden bu istiqamətdə hansı xətti əsas kimi tətbiq edəcək?
- Biz öncədən qeyd etdik ki, Trampın Qərblə bağlı siyasətinin ana xəttində “Bizim ölkəmizin öz maraqları var və heç kimin qarşısında öhdəliyimiz, məsuliyyətimiz yoxdur, sizin marağınız var ki, bizimlə dostluq edəsiniz” təşkil edirdi. Yəni Qərblə sıx təmasda olub, maraq dairələrini bölüşmək məsələsi kölgədə qalırdı.
Üstəlik, aydındır ki, ABŞ-ın beynəlxalq münasibətlərdə rəhbər və liderlik vəzifəsinə qayıdışı gözlənilə bilər. Bu halda daha yumşaq, daha razılığa yönəlik münasibət gözləməyə dəyər. İstər NATO, istərsə də Avropa ilə münasibətlərdə. Yəni yaxınlaşma qaçılmazdır və bunun belə olacağına da şübhə yoxdur.