Teleqraf.com Milli Məclisin deputatı, iqtisadçı Rüfət Quliyevlə Azərbaycanda tütünçülüyün inkişafı, onun keyfiyyəti, xaricə satılması, ölkəyə xarici valyuta gətirməsi imkanları, eləcə də tütün məmulatları, onun istehlakı, qiymətinin bahalaşması və digər mövzuları müzakirə edib.
Onunla müsahibəni təqdim edirik:
- Rüfət müəllim, Azərbaycan hökuməti bir neçə il əvvəl tütünçülüyün inkişafına dair strategiya hazırlamışdı. Prezidentin də bu məsələyə xüsusi diqqəti var idi. Hazırda bu sahədə vəziyyəti necə qiymətləndirmək olar?
- Əvvəla, deyim ki, detallı və proqramlı şəkildə tütünçülüyün inkişafı ilə bağlı layihə hazırlanmışdı. Layihə ilbəil tütünçülüyün inkişafına yönəlib və buna nail olmaq üçün dövlət tərəfindən istənilən şəraiti yaradılıb. Yəni şərait yaradılıb, imkanlar var. Sadəcə olaraq mən 2016-cı ildə öz fikrimi açıqlamışdım, indi də həmin təklifimin üzərində dayanıram. Bu proses proqramlı şəkildə gedirdi, hərtərəfli yanaşma var idi.
- Sizin təklifiniz nə idi?
- Mənim indi də təklifim belədir ki, tütünçülüyün inkişafı üçün metodologiyanı müəyyən qədər dəyişməliyik. Əkib, müştəri axtarmaq deyil, başqa yolla getməyi məqbul sayıram. Bu gün dünyada digər kənd təsərrüfatı məhsulları kimi tütünçülük sahəsində də fəaliyyət göstərən 5-6 şirkət var. Bunlar ildə 100 minlərlə ton tütün alıb, satırlar. Hətta son 10 ildə bu şirkətlər Afrika, Cənubi Amerikada özləri tütün əkməklə məşğuldurlar. Biz gərək əzəldən bu şirkətlərin hamısını bura dəvət etməli idik. Marağı olan gələcəkdi. Hazırda Azərbaycanda 20-25 min ton tütün əldə etmək mümkündür. Düzdür, Ulu öndərin zamanı Azərbaycanda 60 min ton tütün tədarük olunan vaxt olub. Əlbəttə, o zaman qapalı iqtisadiyyat idi və məhsulu satmaq da asan idi. Amma bu gün rəqabətin güclü olduğu bazar iqtisadiyyatı var. Dünya bazarı ilə hamı hesablaşır və ona uyğun məhsulu bazara çıxarır. Məncə, bu sahədə peşəkar fəaliyyət göstərən şirkətləri ölkəmizə dəvət etmək lazımdır. Hamısı da gəlməsə, bir neçəsi gələcək və işi belə qurmaq olar. Bizim 5-6 rayonumuzda tütün əkmək və keyfiyyətli tütün əldə etmək mümkündür. Məncə, həmin şirkətləri bura dəvət etmək, aparıb, həmin torpaqları göstərmək lazımdır. Həm də onlara təklif etmək olar ki, saziş bağlayaq, bu sənədə əsasən onlara lazım olan tütün növlərini müəyyən edək, gələcəkdə alacaqları tütün növlərinin toxumunu özləri gətirsin. Bizə də cəmi 5-6 mütəxəssis lazım olacaq. Bir mütəxəssis əkin vaxtı lazımdır, ikinci mütəxəssis aqronom və aqro-texniki üsullarla işləyəcək, üçüncü mütəxəssis məhsulun yığımı zamanı lazımdır. Yəni bu mütəxəssislər sadəcə yol göstərirlər. Sonda da əldə edilən məhsulun beynəlxalq standartalara uyğun qablaşdırılması baş verir. Bu mütəxəssisləri də onlardan istəyirik. Eyni zamanda Azərbaycanda tütünçülüklə məşğul olan yerli şirkətlər birləşməlidir. Bəli, dövlət öz dəstəyini indiyə qədər verib, bundan sonra da verməyə hazırdır. Biz də dəvət etdiyimiz şirkətlərlə əvvəlcədən qiymət məsələsini həll edək. Yəni gələcəkdə biz bu məhsulu onlara bu qiymətə satdığımızı biləcəyik. Bütün bunlar rəsmi sənədlərlə təsdiq edilməlidir. Sözsüz ki, öncədən məsələni araşdırmaq, qiyməti müəyyən etmək lazımdır. Bu halda biləcəyik ki, tütünün bir kiloqramında nə qədər qazanc olacaq. Bunu mən o zamandan demişəm. Niyə? Çünki biz öz tütünümüzlə rəqabətə girə bilmirik.
- Niyə rəqabətə girə bilmirk?
- Biz son 15-20 ildə tütünü Rusiya və Belarus şirkətlərinə satırdıq. Bizdə olan tütün oriental növdür. Bu sahə ilə kifayət qədər məşğul olduğumdan bilirəm. Məncə, tütünün sortunu dəyişmək də lazımdır. Sözsüz ki, onun becərilməsi, qurudulması, qablaşdırılması, hansı formada saxlanılması planlı şəkildə olmalıdır. Əlbəttə, fermerlərin qazancı bu işdə o qədər də böyük olmur. Bu, bütün növ məhsullara-pambıqdan tutmuş üzümə qədər aiddir. Amma işi düzgün quranda tütünün kiloqramında 15-20 sent qazanc əldə etmək olar. Məncə, bu da normal qiymət sayıla bilər. Lakin öncədən biləsən ki, bunun kəmiyyəti və keyfiyyəti həmin şirkətləri qane edəcək və onlar bunu rahatlıqla alacaq. Bizdə indiki üsulla gedəndə, sözsüz ki, tütün becəririk, lazım gələndə xaricdən mütəxəssis də dəvət edirlər. Amma biz sonda alıcı axtarırıq. Məncə, biz alıcını axtarmamalı, əvvəldən onunla saziş bağlamalıyıq. Dünyanın bir nömrəli marketoloqu Flipp Koter 40 il öncə deyirdi ki, sən istehsal etdiyin malı satma, satılan malı istehsal et. Məncə, bu düzgün yanaşmadır. Yəni işi başlamazdan əvvəl onun alıcısını tapmaq lazımdır. Burada keyfiyyət, kəmiyyət və qiymət əsasdır.
- Hazırda tütünçülüklə bağlı ölkədə real vəziyyət necədir?
- Səhv etmirəmsə, 2020-ci ildə 12 min tona yaxın tütün satılmalı idi. Son hədəf satış olduğundan mən “istehsal olunmalı” idi, demirəm. Aldığım məlumata görə, bu rəqəmi dəf etməmişik. Ola bilsin ki, burada qismən pandemiyanın da təsiri var. Amma pandemiya dövründə siqaret satışı və ya tütünə təlabat azalmayıb. Bəli, Avropa son 5 ildir tütünçülüyün əkilməsi və becərilməsinə qadağa tətbiq edib. Addım-addım qadağalar qoyur, subsidiyaları kəsirlər. Amma Azərbaycan bu rəqəmləri artırır. Yəni dövlətin bu sahəyə dəstəyi kifayət qədərdir.
-Sizcə, ölkə tütünçülükdən nə qədər qazana, xarici valyuta əldə edə bilər?
- 10 min tonu götürün, bunu kiloqrama vurun və hər kiloqramı da 15-20 sentə vurun. Bu, əldə edəcəyimiz qazanc sayıla bilər. Əlbəttə, istehsal artdıqca gəlir də artacaq. Amma burada dövlətin verdiyi subsidiya da var. Əsas odur ki, buna nail olunsun. Məsələn, mən deyəndə ki, daimi subsidiyalar ola bilməz, rəqiblərim bu fikrimi tənqid edirlər. Əslində həmin vəsaiti bir müddətdən sonra innovatik inkişafa yatırmaq daha yaxşıdır. Bu gün kənd təsərrüfatı sahəsində sürətlə inkişaf gedir. Məsələn, şərti götürək ki, dövlət subsidiya verilməsinə görə 1 milyon dollar ayırır. Bu məbləği 4-5 il verirsən, sonra tədricən azaldır və yönləndirirsən yeni texnologiyalara, yeni emal sahələrinə. Və 10 ildən sonra məlum olur ki, subsidiyalara o qədər də ehtiyac yoxdur...
- Azərbaycanda daxili istehsal hesabına siqaretə olan tələbatı ödəmək mümkündürmü?
- Nəzərə almaq lazımdır ki, siqaretə doldurulanda onun içində 7 növdən tutmuş 22 növə qədər tütünlər olur. Ola bilər ki, bir növ tütün 3 başqa ölkədə olsun və onlar bir tam versin. Qalanı isə filtirdə deşilmə və s-dir. Elə növ tütün olur ki, siqareti çəkəndə hava ilə qatılır. Bu da qətranın və nikotinin azalmasına da təsir edir. Ümumiyyətlə, siqaret 27 komponentdən ibarət olur. Odur ki, siz dediyiniz elə də asan məsələ deyil. Azərbaycanda maksimum 1-2 növ, uzağı 3 növ tütün əkmək olar. Yəni siqaretin istehsalında istifadə olunan 10 növ tütündən 2-3-ü Azərbaycanda istehsal oluna bilər. Burada həm də söhbət ondan gedir ki, həmin tütün növləri keyfiyyəti olmalı, yarpaqları böyük olmamalıdır və s. Bütün bunlar texnologiyadır. Biz daxili təlabatı ödəmək üçün standarta uyğun olsa, istehsal olunan tütünün 10-15 faizə qədərini istifadə edə bilərik. Ondan o yana çətin olacaq. Hər halda mən tütünçülüyün inkişafının yolunu qeyd etdiyim kimi görürəm.
- Son illər ölkədə tütün məhsullarının (siqaretin) qiyməti bahalaşıb. Bu, tütünün qiymətinin bahalaşması ilə əlaqədardır, yoxsa?
- Dünyada son 10 ildə siqaret dəfələrlə bahalaşıb. Bunun iki səbəbi var. Birincisi odur ki, dünyada siqaret çəkməklə mübarizə deyil, müharibə gedir.
İkincisi, dünya dövlətlərinin büdcəsinə tütün məmulatlarından gələn aksiz və vergi gəlirləri kifayət qədər yüksəkdir. Burada da iki məqsəd güdülür. Birincisi, əhalinin az siqaret çəkməsidir. Əlbəttə, siqaret bahalaşanda bir qrupu nisbətən ucuz siqaretlərə keçir, amma bir qisim insanlar ümumiyyətlə siqareti atır. Həm də son illər dünyada qapalı məkanlarda siqaretin çəkilməməsi üçün fəal mübarizə gedir. Bu da siqaret çəkənlərin sayının azalmasına gətirib çıxarır.
- Tütün məmulatlarından istifadə edənlər azalır, amma tütünün istehsalı artır. Səbəb nədir?
-Ona görə ki, Asiya, Afrika və Latın Amerikası ölkələrində tütün məmulatlarından istifadə edənlərin sayı artır. Çünki əhali də artır. Bu məsələnin bir tərəfidir. Həmin üç qitədə tütün məmulatlarının istifadəsi artıb. Avropa və ABŞ-da isə azalıb.
- Azərbaycanda bu göstərici necədir?
- Təlabat artır. Səbəb odur ki, insanlar cavanlıqdan bunu çəkməyə başlayır. Sovet dövründə ailədə, yaxınların yanında siqaret çəkməyə pis baxırdılar. İndi biz dünyaya inteqrasiya olunuruq, qloballaşma müşahidə edilir. Odur ki, bu şərtlər dəyişir. Mən ağlıma gətirməzdim ki, əmilərimin və dayılarımın yanında siqaret çəkə bilərəm. İndi bu şərtlər əvvəlki qədər işlək deyil. Mən dəqiq deyə bilmərəm, amma ehtimal edirəm ki, 10 il əvvəllə müqayisədə artıb. Burada müsbət hal odur ki, siqaret qaçaqmalçılığı sıfıra yaxınlaşır. Vaxt var idi, Azərbaycanda satılan siqaretin 20-25 faizi qaçaqmalçılıqla gəlirdi. Burada dövlət bir sıra addımlar atdı, bəzi məhdudiyyətlər qoydu. Gürcüstan və Rusiya ilə sərhəddə xüsusi qruplar vardı. O tərəfdən bir qrup insan Azərbaycan tərəfində olan məsələn, 100 adamla danışırdılar. Buradan o tərəfə keçirlər və qayıdanda hər biri qanunla icazə verilən həddə tütün məmulatları gətirirlər. Mən buna qarşı çıxanda rəqiblərim iddia etdilər ki, buna qarşı çıxmaqla insanların həyat şəraitinin, dolanışığının çətinləşməsinə səbəb olarıq. Əslində isə söhbət 20-50 nəfərin dolanmasından gedirsə, bu Azərbaycan xalqının dolanması demək deyil. Əslində bu işin vergi hissəsində görün nə qədər itkilər olur. Başqa sözlə, qanunsuz siqaret qanuni siqaretdən ucuz olacaq, amma burada həm də büdcə, istehsal müəssisələri itirir. Həm də tütün məmulatlarının qaçaqmalçılığına qarşı mübarizəni bütün dünya ölkələri aparır. Məncə, burada ən yaxşı nümunə Türkiyədir. Türkiyə elə qadağa qoyub ki, siqaret fabrikləri gəlib orada öz filiallarını açır, istehsal edirlər.
- Siz hazırda tütünün becərilməsində və ya tütün məmulatlarının istehsalı prosesində hansı formada iştirak edirsiniz?
- Mənim 5 ildən çoxdur ki, bu sahə ilə əlaqəm yoxdur. Təxminən bir neçə il ölkədə ən böyük siqaret fabrikinin rəhbəri olmuşam. İndi daha çox bu sahəni bildiyim üçün məsləhətlər verə, tütünçülüyün inkişafına dair düşüncələrimi paylaşa bilərəm. Özüm birbaşa tütünçülüklə bağlı prosesdə yoxam. Sadəcə təcrübəmi nəzərə alaraq bəzən bu sahədə işləyən müəssisə rəhbərləri, fermerlər nələrləsə bağlı yaxınlaşıb məsləhət alırlar. Mən də mütəxəssis və deputat kimi məsləhətimi verirəm. Mən sadəcə bunun makro yolunu göstərə bilərəm. Texnologiyaya isə qarışmıram, bu işi bilən xüsusi mütəxəssislər, aqronomlar var. Həm də tütünçülük və tütün məmulatlarına dair mütəxəssis kimi media mənə müraciət edir.