30 Mart 2021 11:43
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində bütün mülki, dini, mədəni obyektləri dağıdıb. İndi Azərbaycanın erməni vandalizminin mahiyyətinin və törədilmiş hərbi cinayətlərin ifşa edilməsi istiqamətində beynəlxalq miqyasda apardığı işə əngəl olmaq üçün erməni tərəfi dezinformasiyalar yayır. Məqsəd beynəlxalq ictimai rəyi çaşdırmaqdır. Cəbrayıl rayonunda guya “kilsənin yoxa çıxması” məsələsi də buradan qaynaqlanır.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Cəbrayıldakı məlum “ibadətgah” beynəlxalq səviyyədə Azərbaycanın əraziləri kimi tanınan torpaqlarında Ermənistanın 30 illik işğalı dövründə qeyri-qanuni şəkildə inşa edilib: “1993-cü ildə baş vermiş erməni işğalına qədər həmin ərazilərdə yalnız azərbaycanlılar yaşayıb. “İbadətgah” 2017-ci ildə Ermənistanın Cəbrayılda və Azərbaycanın digər işğal olunmuş bölgələrində nəsillər boyu yaşamış azərbaycanlıların evlərini və mədəni irsini dağıtdığı bir dövrdə tikililb”.

Millət vəkili xatırladıb ki, 2017-ci ildə Azərbaycan dövlətinin Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) müraciətindən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri Cəbrayıldakı “ibadətgah”da olublar: “Həmsədrlər bu səfərdən sonra həmin tikilinin Cəbrayıldakı hərbi birləşmənin bir hissəsi olaraq erməni əsgərləri tərəfindən istifadə edilməsi üçün inşa edildiyi qənaətinə gəldilər. Ona görə də, bir neçə il öncə işğalçı ermənilərə xidmət etmək üçün inşa olunan bu tikili mədəniyyət tarixinin bir hissəsi hesab edilə bilməz.

Bütün bunların fonunda UNESKO üzrə Ermənistan Milli Komissiyasının Azərbaycan tərəfindən hər hansı bir “mədəniyyət cinayəti” törədilməsi barədə iddiaları tamamilə qəbuledilməzdr”.

Deputat qeyd edib ki, əslində Ermənistan törətdiyi cinayətlərə görə cavab verməlidir və verəcək: “Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktı törədib. Bütün maddi, mədəni, tarixi və dini abidələr məhv edilib. Azərbaycan xalqının irsi qəsdən hədəf alınıb.

Bir vaxtlar işğal olunmuş ərazilərdə mədəni təmizləmə və çoxsaylı hərbi cinayətlər həyata keçirilib. O cümlədən 927 kitabxana, 70-ə yaxın məscid, 44 məbəd, 473 tarixi məkan, saray və muzeyi dağıdan ölkənin Azərbaycanı ittiham etməyə nə hüquqi, nə də mənəvi haqqı var.

Ermənistan işğalçılıq siyasətini davam etdirdiyi dövrdə beynəlxalq missiyaların Azərbaycanın işğal olunmuş ərazilərini ziyarət etməsinə icazə verməyib. Bu həqiqət 2005-ci ildə nəşr olunan UNESKO-nun Fəaliyyət Hesabatında da açıq şəkildə əksini tapıb. Təəssüf ki, beynəlxalq birlik Ermənistanın bu vandalizminə ciddi reaksiyalar vermir. Bütün bunların fonunda müəyyən xarici dairələr məqsədli şəkildə erməni yalanlarını tirajlayaraq Azərbaycana qarşı qərəzli kampaniyalar aparırlar.

Amma bunlar heç bir nəticə verməyəcək. Azərbaycan Ermənistanın törətdiyi cinayətlərin cəzasını alması üçün bütün lazımi addımları atacaq. Eyni zamanda, Azərbaycan işğaldan azad olunmuş ərazilərində törədilən dağıntıların müvafiq şəkildə sənədləşdirilməsi üçün bu ərazilərə müstəqil və hərtərəfli beynəlxalq missiyanın göndərilməsində ən maraqlı tərəfdir.

Bu baxımdan, UNESKO ilə konstruktiv dialoq aparılır. UNESKO bu məsələdə beynəlxalq hüquqa və qəbul olunmuş konvensiyalara istinad etməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər