16 Aprel 2021 12:47
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezidentin hər bir çıxışı böyük maraq doğurur. Dövlət başçısının hər çıxışı dövrümüzə, gələcəyə qiymət verən bir yol xəritəsidir. Çox təəəsüf ki, bu gün özünü demokratik adlandıran xaricdəki müəyyən dairələr cənab Prezidentin modern, sabitliyə, mehriban qonşuluğa yönələn çağırışlarını tam qəbul edə bilmirlər.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu faktların özü onların müəyyən problem yaşadığını göstərir:

“Azərbaycan torpaqlarının işğaldan azad etdi. Bu gün Fransanın bu məsələdə gah belə, gah da başqa cür fikir bildirməsi təəccüb doğurur. Elədirsə, Almaniya II Dünya müharibəsində Fransanı işğal edəndə niyə yenidən general Şarl De Qolun rəhbərliyi ilə ölkələrini işğaldan azad etdilər? Və yaxud Luksenburqa nə gəlib ki, bu gün iki işğalçı dövləti müdafiə edir? Bununla da siyasi xal yığmağa çalışır”.

Aydın Mirzəzadə hesab edir ki, bu dövlətlər nə istədiklərinin fərqində deyillər:

“Ermənistan Azərbaycana maddi-mənəvi ziyan vurub. Amma buna baxmayaraq, Azərbaycan qonşuluq siyasəti təklif edir. Dünyada nə vaxt belə hümanist və uzaqgörən çağırışlar olub? Bunun üçün bəzən iki düşmən ölkə arasındakı münasibətlərin bərpa edilməsinə 10 illiklər lazım olur. Azərbaycan isə bu gün özünün dostluq əlini uzadır. Ölkəmiz Ermənistana növbəti bir şans verir. Ermənistan bunu qəbul etməyəcəksə, bu, artıq onun itkisidir. Azərbaycan özü-öz problemlərini Ermənistansız da həll edir və edəcəkdir”.

Deputat Hərbi Qənimətlər Parkının nümunəsinin dünyada qəbul olunmuş bir praktika olduğunu qeyd edib:

“Azərbaycan yeni bir şey etməyib. Dünyada nə varsa, onu tətbiq edib. Bu, işğalçı dövlətlərə, digərlərinin torpağına göz tikən ölkələrə bir dərs olmalıdır ki, nəticə necə olur. Azərbaycan torpaqlarını 30 il işğalda saxlayan Ermənistana da belə bir cavab verilməli idi. Azərbaycan heç nəyi artıq göstərməyib. Nə var olduğu kimi təqdim olunub. Ermənistan bundan nəticə çıxarmaq əvəzinə aqressiv və böhtan xarakterli bəyanatlar verir. Məgər, Ermənistan Xocalı soyqırımının, 1 milyon çox vətəndaşımızın didərgin düşməsinin məsuliyyətini indiyə qədər daşımırmı? Digər tərəfdən vaxtilə işğal etdiyi ərazilərdə azərbaycanlıların avtomobillərindən çıxarılan nömrələrdən lövhə düzəltməmişdilərmi? Şuşaya ilk girən tankların manumentini qoymamışdılarmı? Azərbaycan isə düşməndən götürülmüş qənimətləri nümayiş etdirir. Ermənistan bundan nəticə çıxarmalıdır. Buna siyasi rəng geyindirməməlidir. Bu ölkə 10 illiklərlə yatdığı qəflət yuxusundan oyanmalıdır. Xaricdə müəyyən dairələrin Ermənistandan çox ermənilik etməsi də təəccüb doğurur. Bu da müəyyən səbəblərlə bağlıdır. Amma bu heç də onlara nüfuz gətirmir. Bu gün Azərbaycan öz suveren hüquqlarını bərpa edib. Ölkəmizin ərazi bütövlüyü təmin olunub. Bu istiqamətdə növbəti addımlarını atmaq niyyətindədir. Bundan sonra kənarda kimlərinsə nəsə deməsinin heç bir əhəmiyyəti yoxdur. Azərbaycan dostlarla dostdur. Düşmənçilik bəsləyənlər isə nə etdiklərini özləri düşünsünlər”.


Müəllif: Tapdıq Qurbanlı