"Qondarma rejimin qondarma quldurbaşı, hərbi cinayətkar, vətən xaini Araik Arutyunyanın Moskvaya səfərə getdiyi bildirilir. Əgər bu həqiqətdirsə, Azərbaycan 10 noyabr razılaşmasından birtərəfli qaydada çıxmağı və separatçı rejimin cinayətkar quldurbaşılarını cəzalandırmaq, Laçın koridorunu bağlamaq hüququnu özündə saxlayır".
Teleqraf.com xəbər verir ki, bu fikirlər Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevə məxsusdur.
Onun sözlərinə görə, ümumiyyətlə, Rusiyanın davranışları çox narahat edir: "İmkan ver ki, öz ərazimizdə özümüz qərar verək. Qondarma rejim hər dəfə vətən, vətən deyəndə başımdan tüstü çıxır. Laçın koridorunu bağlayıb, cinayətkarların boğazını quş boğazı kimi üzək. Bəsdirin, yığdınız bizi boğaza.
Rusiya desin görək Araikin Moskvada nə işi var? Axı niyə Laçın yolunu su yoluna döndərib? Rus sülhməramlıları kimdən xoşları gəlirsə, onları buraxırlar. O hansı pasportla gedib ora, kimlərlə görüşür?
Mütləq Laçın koridorunun statusunu dəyişdirməliyik. Mən partiya sədri olaraq hökumətdən 10 noyabr razılaşmasına əsaslı dəyişikliklər etmək barədə mövqeyini Rusiya tərəfinə bildirməyi tələb edirəm. Rusiya öhdəliklərini yerinə yetirməsə o zaman biz indidən onun vasitəçiliyindən imtina etməliyik.
Sual verirəm? Ermənistan qoşunlarının Azərbaycanın Qarabağ bölgəsində nə ölümü var? Onlar niyə çıxarılmır? O silahlılar, separatçılar bizim torpağımızda niyə atəşkəs xətti yaradıb, niyə səngər qazır? 10 noyabr razılaşmasına görə axı onlar rədd olub getməli idilər".
R.Nurullayevə görə, Xankəndi Azərbaycanın yurisdiksiyasına qayıtmalı, özlərini ayrıca dövlət kimi aparmamalıdır: "Onlar Rusiyadan güc alırlar. Bunlar kimdir ki, Qarabağda rus dilini rəsmi dil elan etsinlər və Rusiya da səsini çıxarmasın?
Rusiya icazə verməz ki, ərazisində ikinci bir dövlət yaransın. Biz də icazə vermərik. Azərbaycan Araiki həbs etmək üçün mütləq əməliyyat keçirməlidir və Laçın koridoru da bizim nızarətimizdə olmalıdır. Başqa yol görmürəm".