17 May 2021 11:49
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezidentin Naxçıvana səfəri, verdiyi mesajlar və bunun ardınca Şuşada, Cıdır düzündə möhtəşəm "Xarıbülbül" festivalının keçirilməsi tarixi, əlamətdar hadisədir. Bu yanaşmalar Azərbaycan dövlətinin gücünü, mədəniyyətə, tolerantlığa nə qədər önəm verməsini isbat etdi. "Xarıbülbül" festivalında Azərbaycanda yaşayan bütün xalqların folklor nümunələri nümayiş olundu. Bu, Azərbaycanın multikultural bir ölkə olduğunu, müxtəlif mədəniyyətlərin bir məkanda dostluq, qardaşlıq şəraitində inkişafını göstərdi.

Bu fikirləri Teleqraf.com-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor bildirib ki, Azərbaycan 44 günlük Vətən zəfərindən sonra Şuşada, Cıdır düzündə mədəni tədbir keçirməklə dünyaya mühüm mesajlar verdi:

“Bu amil yüksək qiymətləndirilir. 30 illik erməni işğalından sonra azad olunmuş ərazilərdə Azərbaycan müsiqisi, muğamı səsləndi. Bu günə qədər Azərbaycanın bütün maddi-mədəniyyət nümunələrini mənimsəməyə çalışan, tarixi, dini abidələrini dağıdan Ermənistanın heç bir mədəniyyət nümunəsi olmayıb. Onlar öz adlarını belə Türk-Azərbaycan adlarından oğurlayıb erməniləşdirib. Bunu onların adlarında da açıq görmək olur. Çünki erməni toplumu bu regiona yaddır. Onlar ordan-burdan bu ərazilərə köçürüldükdən sonra yerli xalqlara məxsus mədəni, dini nümunələri özününküləşdirib. İndi ermənilər iddia edir ki, guya Azərbaycan Sunikə təzə ad tapıb. Tarixi Zəngəzur torpağı, toponimi Azərbaycan xalqına məxsusdur. Zəngəzur nə vaxt Sunik oldu? Bu, ermənilərin növbəti saxtakarlığıdır. 1921-ci ildən bu ərazilər sovet hakimiyyəti dövründə Ermənistana güzəştə gedilib. Ermənistanın özü belə tarixi Azərbaycan torpaqlarında formalaşıb”.

Eldar Quliyev qeyd edib ki, Şuşada "Xarıbülbül" festivalının keçirilməsi bu ərazinin əsl sahiblərinin kim olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi:

“10 illiklər boyu Azərbaycana məxsus bütün ərazilərdə ermənilər tərəfindən etnik təmizləmə, mədəniyyət abidələrinə qarşı soyqırımı siyasəti həyata keçirilib. Sözsüz ki, Şuşada keçirilən mədəni festival ölkəmizin böyük mədəniyyətə sahib olduğunu bir daha təsdiqlədi. Ölkəmizdə yaşayan bütün xalqlar öz mədəniyyətlərini qoruyub saxlayır. Vaxtilə ermənilər də azərbaycanlılarla birlikdə yaşayıb. Amma onların siyasi başbilənləri erməni xalqını xəstə xislətə oyun edib. Uydurma “dənizdən dənizə”, “Böyük Ermənistan” iddiası 10 illiklər boyu erməni xalqını inkişafdan, tərəqqidən saxlayıb”.

Şura sədri bu günlər Azərabaycan-Ermənistan sərhəd xətlərinin müəyyənləşməsi istiqamətində atılan addımlar çərçivəsində Qara göl məsələsi ətrafında baş verən proseslərə də toxunub:

“Qara göl Azərbaycan ərazisidir. 60-ci illərdə bu ərazi qoruq olub. O dövr Qara göl qoruğu ətrafında da bütün işlər Azərbaycan tərəfindən görülüb. Sovetlərin süqutundan sonra 90-cı illərdə ermənilər həmin əraziləri dağıtdılar. Sadəcə olaraq sovet dövrü olduğu üçün konkret sərhəd xətti anlayışı mövcud deyildi. Bugünkü reallıqda isə Azərbaycan öz gücü hesabına BMT-nin qətnamələrini təmin edib. Ölkəmiz dünya birliyi tərəfindən qəbul edilən ərazilərini bərpa edir. Bu istiqamətdə addımlar atılır. Eyni zamanda 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə əldə olunmuş razılaşmalar var. Azərbaycan öz tərəfindən bu razılaşmalara ciddi əhəmiyyət verir. Artıq kommunikasiyaların açılması üçün Azərbaycan tərəfindən zəruri işlər görülür. Zəngəzur dəhlizinin açılması bütövlükdə region və dünya üçün maraqlı olan bir məsələdir. Həmçinin bu dəhlizin açılması iqtisadi cəhətdən çökmüş Ermənistan üçün də əlverişli sayılır. Sadəcə olaraq bir müddət sonra Ermənistanda seçki keçiriləcək. Seçkidə iddialı şəxslər, o cümlədən Nikol Paşinyan mümkün qədər daxili auditoriyaya hesablanan bəyanatlarla gündəmdə qalmağa çalışır. Amma bütün bunların heç bir faydası olmayacaq. Azərbaycan regionda yeni bir reallıq yaradıb. Bu reallıq da Azərbaycan və Türkiyə ilə birgə əməkdaşlıqdan keçir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər