Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə cənab Prezident mühüm məsələlərə toxundu. Ölkə başçısı post-münaqişə dövrünün bir sıra reallıqları ilə bağlı ciddi mesajlarla çıxış etdi. Bir daha sübut olundu ki, Azərbaycan münaqişə sonrası vəziyyətin siyasi yollarla tənzimlənməsində maraqlıdır. Regionda sülh və təhlükəsizliyin formalaşması Azərbaycan üçün prioritetdir. Ölkəmiz bu məqsədlə əməkdaşlıq təklif edir. Çünki əməkdaşlığın alternativi yoxdur.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun sözlərinə görə, regionda əməkdaşlığın yeganə alternativi konfrantasiyadır: “Bu da qarşıdurma mühitidir. Bununla region yenidən münaqişə vəziyyətinə qayıda bilər. Azərbaycanın qəti və prinsipial mövqeyi əməkdaşlığa əsaslanır. Bu mövqe hər zaman ifadə olunub”.
Deputatın fikrincə, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası Zəngəzur dəhlizi məsələsini gündəmə gətirir: “Dövlət başçısı da bununla bağlı konkret işlərin görüldüyünü vurğulayıb. Naxçıvan-Ordubad, Horadiz-Ağbənd dəmir yolu xəttinin çəkilişləri artıq başlayıb. Yeganə iki nöqtəni birləşdirən 40 km-lik Zəngəzur dəhlizi məsələsi qalıb. Bu dəhlizin açılması ilə Ermənistan düşdüyü nəqliyyat blokadasından çıxmış olur, Ermənistanın birbaşa İran və Rusiya ilə dəmir yolu əlaqəsi yaranır. Azərbaycan isə özünün ayrılmaz hissəsi Naxçıvan və qardaş Türkiyəyə birbaşa çıxış imkanı əldə edir”.
Elman Nəsirovun fikrincə, Zəngəzur dəhlizinin əhəmiyyəti o qədər böyükdür ki, hətta uzaq Çində onun açılışını səbirsizliklə gözləyirlər: “Artıq Ermənistan tərəfində də son günlər səslənən ritorika dəyişməyə başlayıb. Nikol Paşinyan hökumətin iclasında açıq şəkildə bildirib ki, iki variant mövcuddur. Ermənistan Naxçıvanı birləşdirəcək dəhlizin açılmasına razılıq verdiyi halda, Azərbaycan ona İran və Rusiya ilə əlaqələrin bərpasına imkana yaradacaq. Digər variantda isə Ermənistanla Azərbaycan bir-birinə dəhliz imkanı yaratmır”.
Millət vəkili hesab edir ki, blokada vəziyyətinin qalması Ermənistan üçün acınacaqlı ola bilər: “Paşinyan və onun komandası əməkdaşlığın alternativinin olmadığını artıq görür. Baxmayaraq ki, Paşinyan erməni cəmiyyətinə o qədər də yaxşı qarşılanmayan Zəngəzur dəhlizi terminini işlətməyə çətinlik çəkir. O çalışır ki, başqa terminlərlə bu ifadəni əvəzləsin. Amma mahiyyət dəyişmir. Çünki bu ölkənin başqa yolu yoxdur. Ermənistan Zəngəzur dəhlizinin işləməsinə mane ola bilməyəcək. 20 iyuna qədər isə bu və ya digər səviyyədə Ermənistan siyasi rəhbərliyindən populist bəyanatlar eşidilə bilər. Paşinyanın uğur qazanacağı təqdirdə əməkdaşlıq üçün ciddi addımlar atacağı qaçılmazdır”.