Nikol Paşinyanın gözlənilmədən Fransaya səfəri və Emmanuel Makronla səmimi görüşü çoxsaylı sual yaradır. Bu gün erməni müxalifəti də bu barədə ciddi müzakirələr aparır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun fikrincə, diqqətdən yayınmayan məsələ odur ki, Paşinyan süni şəkildə sərhəddə təxribatlar yaratdı:
“Elə bir mənzərə yaratmağa çalışdı ki, Azərbaycan guya 3,5 km məsafədə Ermənistan ərazisinə daxil olub. Məqsəd də o idi ki, formalaşmış vəziyyətdə Azərbaycanı bir növ cəzalandırmağa nail olsun. Paşinyan bu məsələ ilə bağlı öncə Rusiya prezidentinə, sonra KTMK-yə müraciət edərək dəstək almağa çalışdı. Amma hər iki halda o, dəstək ala bilmədi. Rusiya tərəfi açıq şəkildə birgə komisiyya yaradılaraq məsələnin həllini təklif etdi. Məyus olan Paşinyan Fransa prezidenti E.Makrona üz tutdu. 44 günlük müharibə dövründə də Paşinyan 5 dəqiqədən bir Makrona zəng edirdi. İndiki halda isə Paşinyan Fransa prezidentindən hərbi yardım istəyir. Bu isə olduqca absurd bir yanaşmadır. Fransa prezidenti isə həqiqətdən uzaq bəyanatlar səsləndirməklə Ermənistanın yanında olduğunu göstərməyə çalışır”.
Elman Nəsirov hesab edir ki, Paşinyan seçki öncəsi mümkün qədər siyasi manevrlər etmək niyyətindədir:
“Bununla da xaricdən dəstək aldığını göstərməyə çalışır. O, Avropa İttifaqının üzvü olan Fransanın timsalında dəstək aldığını nümayiş etdirir. Amma Paşinyanın üzünü Qərbə tutması Rusiyanın sözsüz narazılığına səbəb ola bilər. Onsuz da ona elə bir etimad yox idi. Bu səbəbdən Paşinyanın iki stolda əyləşməsi çoxdan Moskvaya bəllidir”.
Millət vəkilinə görə, Fransa prezidentinin Paşinyanla görüşündə səsləndirdiyi fikirlər heç bir əsasa malik deyil:
“Hadisələrin gedişi göstərdi ki, E.Makron elə də səriştəli siyasətçi deyil. Bu yaxınlarda Fransada “yüzlərin Makrona müraciəti” adlı bir yazı dərc edildi. Bu "yüzlər" dedikdə Fransanın yüksək rütbəli generallarından söhbət gedir. Onlar hazırkı Fransa prezidentinin fəaliyyətini kəskin şəkildə tənqid ediblər. Ona görə də gedib Makron başqa ölkələrin işinə qarışsın. Cənubi Qafqazda Fransanın heç bir işi ola bilməz. Bu bölgədə Azərbaycan, Türkiyə, Rusiya faktoru var".