“Əfqanıstanda baş verənlər Rusiya üçün bir neçə istiqamətdə təhlükə yaradır. Əvvəla, Rusiyanın müttəfiqi olan Tacikistan və Özbəkistan Əfqanıstanla sərhəddə yerləşir. Rusiya müəyyən mənada məsuliyyət daşıyır ki, Əfqanıstanda baş verənlər öz təsirlərini bu ölkəyə artırmasın”.
Bunu Əfqanıstanda baş verənləri Teleqraf.com-a şərh edən deputat Rasim Musabəyov deyib.
O bildirib ki, heç kəs Talibanın tam şəkildə Əfqanıstana nəzarəti təmin edəcəyini və sonra da Tacikistan, Özbəkistan kimi ölkələrə hücum edəcəyini gözləmir:
“Ancaq o da gözləniləndir ki, Taliban Əfqanıstan ərazisinə tam nəzarəti bərpa edəcəyi təqdirdə buradan azı 500 min insan qaçacaq. Hansılar ki, Talibanla döyüşüb, amerikalılarla əməkdaşlıq ediblər, qaçacaqlar. Bəs hara qaçacaqlar? Tacikistanın heç özlərini saxlamaq imkanları yoxdur. Qırğızıstanın da həmçinin. Bu ölkələrin hər birinin az qala 2 milyon vətəndaşı Rusiyaya qazanc dalınca gediblər. Hətta qaçqın əfqanlara düşərgələr qurulsa belə, kim onları saxlayacaq? Bunların hamısı problem və baş ağrısıdır. Bu mənada Rusiya çalışır ki, proseslər idarə olunan formada davam etsin. Gözləməyin ki, sabah Taliban gedib Kabili ələ keçirsin. İndi Əfqanıstanı tam nəzarətdə saxlamaq üçün mərkəzi hakimiyyətin gücü çatmır. Ancaq lokal və həlledici əraziləri nəzarətində saxlamaq imkanındadır. Ona görə indi əsas mübarizə kimin daha çox əraziyə nəzarət etməsi uğrunda gedir ki, sonradan danışıqlar başlayacağı halda daha üstün mövqedən çıxış edə bilsin”.
Musabəyov qeyd edib ki, Rusiyada böyük regional dövlətdir, özü zamanında Əfqanıstanda 10 ildən çox müharibə aparıb:
“Aydındır ki, kənarda durub prosesləri izləməyəcək. Düşünürəm ki, Pakistan orada idi, Türkiyə oradadır. Daha çox Çin irəliləyəcək. Çoxbucaqlı geopolitik oyunda kimlərin üstün mövqedə olacağını indidən demək çətindir. Hər bir halda Pakistan və Çin bilavasitə sərhəddədir, Rusiyanın maraqları da var. Hiss edilir ki, Qərbi də bu bölgədə Türkiyə təmsil edəcək və müəyyən mənada məsuliyyəti üzərinə götürəcək”.