Nikol Paşinyanın Moskva son səfərindən bir neçə gün keçdikdən sonra ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon müzakirələri aparması xüsusi diqqət çəkir. Analitiklər də hesab edir ki, Paşinyanın Moskva danışıqlarından dərhal sonra Vaşinqtonla müzakirələr aparması təsadüfi deyil. Müşahidələr göstərir ki, hazırda İrəvan Moskva və Vaşinqton arasında çəkişmə nöqtələrindən birinə çevrilir. Moskva Nikol Paşinyanı təsir dairəsindən çıxmamasını, Vaşinqton isə erməni inqilab liderinin daha azad və sərbəst addımlar atmasını təmin etməyə çalışır.
Mövzu haqqında Teleqraf.com-a danışan politoloq Qabil Hüseynli xatırladır ki, dövlət katibi Blinken müsahibələrinin birində Cənubi Qafqazın ABŞ xarici siyasətinin prioritetlərindən biri olduğunu qeyd edib.
Professor hesab edir ki, dövlət katibi Blinkenin bu ifadələrini ciddi qəbul etmir:
“ABŞ illərdir prioritet hesab etdiyi siyasəti yeritməyə çalışsa da, buna nail ola bilmir. Məsələn, buna qədər deyilir ki, Əfqanıstan da ABŞ-ın xarici prioritet saydığı xətlərdən biridir. Ancaq bu gün əfqan xalqını vətəndaş və daxili qarşıdurmalar içərisində qoyaraq ABŞ meydanı tərk edir. Odur ki, Vaşinqton bir tərəfdən Ermənistanı Rusiyaya qarşı qaldırmağa çalışır, biz Rusiyanı Cənubi Qafqazda əvəz edə bilərik - mesajını verir. Lakin görünən odur ki, Paşinyanın bu cür tədbirlərə gedəcəyi mümkünsüzdür. Paşinyan Moskva səfərində və Putinlə görüşü zamanı açıq elan etdi ki, bundan sonra İrəvan-Moskva münasibətləri daha möhkəm olacaq. Eləcə də Moskvadan müəyyən vədlər alıb. Məsələn, erməni qəzetləri yazır ki, Paşinyan Moskvadan qayıdan kimi öz hökumətini təşkil edərkən irəli sürmək istədiyi Qərbmeyilli şəxslərin üzərindən xətt çəkib. Görünən budur ki, Vaşinqton müxtəlif manevrlərdən istifadə etməyə çalışsa da, Ermənistanı öz tərəfinə çəkə bilməyəcək. Əgər bu gün Ermənistan ərazisində üç böyük rus hərbi bazası varsa, erməni iqtisadiyyatının mühüm sənaye müəssisələri borc müqabilində Rusiyaya verilibsə, deməli, ölkə süverenliyinin böyük bir hissəsindən imtina edərək Rusiyanın quberniyasına çevrilib”.
Qabil Hüseynliqeyd edib ki, indi Qərbin bu istiqamətdə cəhdləri Putinin hakimiyyəti dövründə nəticəsiz olacaq:
“Vaşinqtonun bu istəklərinin indi nəticə verməyəcəyi açıq görünür”.