“Prezidentlərin 20 iyul Moskva görüşündə Azərbaycan tərəfi qarşısına qoyduğu məqsədlərə çatdı”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Ekspert Azərbaycan və Rusiya liderləri arasında baş tutmuş görüşə münasibət bildirib:
“Moskva görüşündən sonra Qarabağ və Azərbaycan-Ermənistan sərhədində atəş səslərinin dayanması, “təxribatların arxasında Ermənistandakı revanşistlər və Fransa dayanıb” deyənlərin mülahizələrini alt-üst etdi. Əlbəttə ki, məsələ aydın idi və bununla bağlı fikir bildirmişdim. Azərbaycan və Rusiya arasında müəyyən məqamlar var idi, onlar danışıqlarda həllini tapan kimi atəşkəs də təmin edildi. Unutmayaq ki, Ermənistan ordusunda, ələlxüsus Qarabağda heç bir erməni rusun əmrinə qarşı çıxa bilməz.
Rusiyadakı görüşdən sonra mətbuata açıqlamanın verilməməsi, Prezident İlham Əliyev və Vladimir Putin arasında bölgədəki proseslərlə bağlı bir sıra məsələlər üzrə nəticənin əldə edilməsi ilə bağlıdır. Çox güman ki, yaxın vaxtlarda Rusiya tərəfinin Paşinyanla görüşü baş tutacaq”.
Zaur Məmmədov hesab edir ki, Bakı və Moskva bundan sonra da Minsk qrupu və ələlxüsus Fransanı regiondakı proseslərdən uzaq tutmaq barədə ortaq fikir irəli sürüblər:
“Hərçənd Moskva Makron kartından mütamadi olaraq siyasi manipulyasiya kimi istifadə edir. Düşünürəm ki, görüşdə nəqliyyat yollarından ilk növbədə məhz Zəngəzur dəhlizinin açılışına dair fikirlər qeyd olunub. Beləliklə, 20 iyul Moskva görüşündə Azərbaycan tərəfi qarşısına qoyduğu məqsədlərə çatdı və biz bir qədər sonra həmin məqamların səssizcə reallaşmasının şahidi olacayıq”.