"Ermənistan üçtərəfli razılaşmanın bəndlərinin həyata keçirilməsinə əngəllər yaradır".
Teleqraf.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Nikola Selakoviçlə keçirdiyi birgə mətbuat konfransında bildirib.
“İlk üçtərəfli razılaşmanın imzalanmasından artıq müəyyən vaxt keçib. Bu razılaşmanın bəzi bəndləri yerinə yetirilib, bəzilərinin icrası davam edir, müəyyən çətinliklər var. Bu məsələdə Ermənistan tərəfinin mövqeyi üçtərəfli razılaşmanın bütövlükdə həyata keçirilməsinə, regiondakı vəziyyət üçün təhlükədir” – deyə nazir vurğulayıb.
C.Bayramov həm üçtərəfli razılaşma, həm də beynəlxalq hüquq çərçivəsində ərazilərin minalardan təmizlənməsinin, Ermənistan tərəfindən minalanmış ərazilərin xəritəsinin təqdim olunmasının vacibliyini də diqqətə çatdırıb:
“İlk altı ay ərzində Ermənistan minalanmış ərazilərin xəritəsinin mövcudluğunu belə inkar edirdi. 6 ay sonra, beynəlxalq vasitəçilər işə qarışdıqdan sonra minalanmış ərazilərin kiçik hissəsinin xəritəsi Azərbaycana təqdim olundu. Bu nə deməkdir? Xəritələrin təqdim olunması niyə 7-8 ay uzandı? Və niyə həmin ərazilərin yalnız bir hissəsinin xəritəsi təqdim olunub? Halbuki ötən müddət ərzində təkcə Azərbaycan tərəfindən minalardan 150-dən artıq ölən və xəsarət alan oldu. Yəni münasibətlərin yoluna qoyulması, bütövlükdə etimadın yaranması məsələsində Ermənistanın destruktiv mövqeyi göz qabağındadır”.
Nazir xatırladıb ki, yanvar ayında imzalanmış ikinci üçtərəfli razılaşmanın ikinci bəndi nəqliyyat yollarının açılmasını nəzərdə tutur:
“Tərəflərin bununla bağlı öhdəlikləri var. Razılaşma imzalandıqdan sonra aktiv iş başlandı, yanvar – fevral aylarında baş nazir müavinləri səviyyəsində işçi qrupun altı iclası keçirildi, nəticələr də ümidverici oldu. Amma konstruktiv mövqe görmürük. Ermənistan tərəfinin açıqlamaları prosesə ziyan vurur. Ümidvarıq ki, Ermənistan bu prosesin onların özləri üçün nə qədər mühüm olduğunu dərk edər”.
Delimitasiya işlərinin hələ başlamadığını deyən nazir 30 ildir torpaqları işğal altında saxlamış ölkənin öz məsuliyyətini dərk etməsinin vacibliyini dilə gətirib: “Artıq dövlət sərhədləri var. Ermənistan bunu dərk etməlidir. Öhdəliklər var, imzalanmış sənədlər var. Ermənistan keçmiş prinsipləri ilə sülh prosesinə xələl gətirir. Bundan da ən çox elə Ermənistanın özü ziyan çəkəcək. Ümidvarıq ki, gec-tez qarşı tərəfdən real və konstruktiv addımlar görəcəyik”.