29 İyul 2021 20:39
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni mediası bildirir ki, Avropa Şurası Parlament Assambleyasında 2020-ci ilin sentyabr ayında Qarabağda guya Azərbaycanın başlatdığı 44 günlük savaşın humanitar nəticələrini mövzu olaraq ələ alan xüsusi bir hesabat yayinlanması düşünülür. Sənədin gerçəkləri olduğu kimi əks etdirməsi, Azərbaycanın işğal olunmuş ərazilərini beynəlxalq hüquqa uyğun olaraq azad etməsi kimi məqamların xüsusi olaraq vurğulanması, 30 ildə baş verən erməni terrorunun yüzminlərlə insanın həyat faciəsinə çevrilməsi kimi məqamlarla yanaşı, bu hesabatın başlığına da ayrıca diqqət yetirilməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa söyləyib.

Onun sözlərinə görə, erməni mediası bunu “Azərbaycanın başlatdığı savaş” kimi təqdim edirsə, demək ki, narahatlığa əsas var:

“Biz bu adı "Ermənistanın atəşkəsi pozaraq mövqelərimizə atəş açmasından sonra Azərbaycan tərəfi əks-hücuma keçərək düşməni geri çəklməyə məcbur etmişdir" formasına yazdırmaqda israrçı olmalıyıq.

Maraqlıdır ki, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Geqarkunik inzibati bölgəsinə səfəri zamanı ABŞ-ın sərhədləri müəyyənələşdirilməsi prosesində gücdən istifadəni rədd etdiyini vurğulayıb. Amma hörmətli səfir burada bir nüansı qeyd etməyi unudub: 30 ildir erməni həmin gücü Azərbaycanın ABŞ-ın özü tərəfindən tanınmış ərazilərində istifadə edib, indi ərazilərimizdən qovulduğuna görə az da olsa gücdən istifadə imkanı məhz sərhəd zolağında qalıb. Səfiriniz narahat olmasın, elə edəcəyik ki, istifadə etməyə ümumiyyətlə güc qalmasın, o halda barış özlüyündən təmin olunacaq.

Bir yandan da ABŞ Dövlət Departamenti Ermənistan və Qarabağa ediləcək səyahətlər üçün Ermənistanda artan COVID-19 yoluxmalarının və Qarabağdakı həssas hərbi durum səbəbiylə Amerika vətandaşlarının təhlükəsizliyi üçün ciddi risklər doğurduğunu açıqlayıb. Hələ də bunların Azərbaycanın ərazi bütövlüyünə qarşı küstah davranışları davam etməkdədir. Ermənistanı Dağlıq Qarabağsız təsəvvür etmək istəmirlər. Saxtakar həriflər, artıq yavaş-yavaş sərhəddin o tayından boylandıqca bu ifadələri də unudacaqsınız”.

Fazil Mustafa Fransanın İrəvandakı səfirinin fikirlərinə də diqqət çəkib:

“İkiüzlü Fransanın çoxsifətli Ermənistan səfiri Conatan Lakot isə deyir ki, “Ümumiyyətlə məqsədimiz gələcəkdəki bir savaşa hazırlanmaq deyil, savaşdan çəkinməkdir”. Ardınca da həmin səfir Dağlıq Qarabağ məsələsinin çözümü və statusunun müəyyənləşməsi ilə bağlı müzakirələrin yenidən başlanmasına çağırır. Yəni, savaşdan çəkindirməyə çağırış hara, çözüm və status hara? Bu səfir, deyəsən, Makrondan başqa kimsəni oxumur, dinləmir. Azərbaycan Prezidenti İlham Əliyev ötən ilki savaş zamanı Dağlıq Qarabağ məsələsini çözdüyümüzü və Ermənistanla bölgənin statusu haqda müzakirə aparmayacağımızı dəfələrlə bəyan edib. Fikrimcə, ölkə prezidenti bir məsələni franszılarla müzakirə edə bilər. Amma bu başlıq altında: Marseldə Dağlıq Qarabağ adında bir bölgə yaradılır və Qarabağdakı ermənilər təmtəraqla ora köçürülür. Əşyalarının ora daşınması xərcini biz öz üzərimizə götürə bilərik, təki ermənilər fransız xalqı ilə birlikdə kef eləsinlər.
Bu arada Moskvada Ermənistan, Azərbaycan və Rusya müdafiə nazirləri arasındakı üçtərəfli görüşün nəticələri də çox əhəmiyyətlidir. Bunları həm də qorxudan Türkiyə parlamentin sədrinin iyulun 28-də verdiyi açıqlamadır. Hörmətli Mustafa Şəntop Türkiyə və Azərbaycanın ortaq ordu yarada biləcəyini söyləmişdi. İndi oturub qara-qara düşünmələri lazımdır ki, “dəmir yumruğ”un ardından “Osmanlı tokatı” gələ bilər. Bu sizin üçün məlhəm olan farsın fətvası deyil, dərindən tanıdığınız “Osmanlı tokatı”dır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər