4 Avqust 2021 13:09
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

VI çağırış Milli Məclisin buraxılaraq yenidən növbədənkənar seçkilərin təyin olunması ətrafında müzakirələrin aparılması əsassızdır. Qanunverici orqan seçki yolu ilə formalaşır. Parlamentdə təmsil olunan hər bir millət vəkili də öz seçiciləri qarşısında hesabat verir. Amma bütövlükdə hakimiyyətin bir qolu olaraq bu gün qanunverici orqanın fəaliyyətinə diqqət yetirsək görərik ki, VI çağırış Milli Məclis strukturunda, fəaliyyət istiqamətində, əldə etdiyi nəticələrdə kifayət qədər ciddi keyfiyyət dəyişikliyinə imza atıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

O qeyd edib ki, VI çağırış parlament olduqca mürəkkəb bir tarixi mərhələdə fəaliyyət göstərməli oldu: “İlk növbədə parlament fəaliyyətə başlayar-başlamaz pandemiya elan edildi. Belə şəraitdə Milli Məclisin deputatları bu istiqamətdə təşkil edilən mübarizənin təbliğatı və geniş ictimaiyyətin məlumatlandırılması baxımından mühüm vəzifələri yerinə yetirdi. Böhran idarəçiliyinin mahiyyəti, səmərəliliyi haqqında millət vəkilləri intensiv olaraq cəmiyyəti məlumatlandırdı. Qlobal təhlükəsizliyə ciddi təhdid olan pandemiyanın təsirinin lokallaşdırılması üçün Azərbaycan parlamenti bu istiqamətdə mübarizənin effektivliyini şərtləndirəcək maarifləndirmə işləri həyata keçirib”.

Millət vəkili hesab edir ki, Ermənistanın ölkəmizə qarşı təxribatlarının intensivləşdiyi dövrdə Milli Məclis informasiya mübarizə məsələlərində də mühüm töhfə verdi: “Diplomatik mübarizədə parlament öz sözünü deməyi bacardı. Bütün dünya ölkələrinə parlament tərəfindən Ermənistanın təcavüzləri haqqında əsaslandırılmış məlumatlar ünvanlandırıldı. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində təxirəsalınmaz addımlar atıldı”.

Elşad Mirbəşiroğlu vurğulayıb ki, Vətən müharibəsi dövründə dövlətimizin, ordumuzun torpaqlarımızı işğaldan azad etdiyi zamanda parlament proseslərə fəal reaksiya nümayiş etdirdi: “Dünya ictimaiyyətinə həqiqətlər intensiv şəkildə çatdırıldı. Ermənistanın informasiya təxribatlarının təsirlərinin qarşısının alınması istiqamətində Azərbaycan parlamentinin çatdırdığı məlumatlar çox təsirli rol oynadı”.

Deputat VI çağırış Milli Məclisin seçicilərlə münasibətlərin qurulmasının da yeni bir mərhələdə həyata keçirildiyini söyləyib: “Hər bir deputat təmsil etdiyi elektoratla mühüm əlaqələr qurmalıdır. Bu baxımdan Milli Məclisin indiki fəaliyyəti mühüm keyfiyyət göstəricilərini özündə ehtiva edir. Bu, Azərbaycan parlamentarizmi tarixində kifayət qədər uğurlu bir başlanğıcdır. Bütün bunlar parlamentin buraxılması, növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı səslənən fikirlərə heç bir zururətin olmadığı qənaətini yaradır”.


Müəllif: Tapdıq Qurbanlı