Azərbaycanın yeni iqtisadi rayonlarının yaradılması ilə bağlı cənab Prezidentin Fərmanı siyasi, iqtisadi və sosial əhəmiyyət kəsb edir. İlk növbədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Ermənistanın revanşist qüvvələrinə, onları dəstəkləyən havardara da mesajdır. Həmçinin bu bir göstərişdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Bununla da Azərbaycan öz ərazilərində istədiyi iqtisadi, inzibati bölgüləri aparmaq iqtidarındadır və bu işi görür.
Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.
O qeyd edib ki, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Zəngəzur dəhlizinin açılmasının vacibliyini də gündəmə gətirir: “Bir daha 2020-ci ilin 10 noyabr Bəyannaməsini imzalayan tərəflərə vacib prinsip xatırladılır. Bu addım eyni zamanda tarixi ədalətin bərpasına xidmət edir. Zəngəzurun Şərqinin və Qərbinin qədim Azərbaycan torpaqları olması bir daha gündəmə gəlir”.
Millət vəkili hesab edir ki, iqtisadi cəhətdən yeni rayon bölgülərinin aparılmasının olduqca böyük əhəmiyyəti var: “Tarixi iqtisadi ənənələrə əsaslanaraq iqtisadiyyatın ixtisaslaşmış istiqamət üzrə inkişaf etdirilməsi önəmlidir. Xüsusilə işğaldan azad olunmuş ərazilərin bərpası, quruculuğu, abadlaşdırılması və yenidən məskunlaşdırılması işinə də mühüm töhvə veriləcək. Eyni zamanda böyük məşğulluq imkanlarının genişlənməsi yeni işçi qüvvələrinin bura cəlb olunması iqtisadiyyatın təmərküzləşməsi üçün də vacibdir. Bu baxımdan belə bir bölgünün aparılması çox böyük iqtisadi əhəmiyyətə malikdir”.
Komitə sədri bildirib k, işğaldan azad edilmiş Qarabağ və ətrafındakı rayonların iqtisadiyyatı tarixən müxtəlif sahələr üzrə ixtisaslaşıb: “Burada bağçılıq, bostançılıq, tərəvəzçilik, taxılçılıq, heyvandarlıq, kənd təsərrüfatı ilə yanaşı emal sənayesi, meşəçilik, dağ-mədən sənayesi turizminin də inkişafı üçün olduqca böyük potensial var. Bu sahələrin inkişaf etdirilməsi heç şübhəsiz yeni iş yerlərinin yaranmasına imkan verəcək.
Rayon bölgülərinin aparılması xüsusəncdə iqtisadiyyatın hansı rayonlarda daha səmərli olmasının müəyyənləşdirilməsi, ölkədə kadr hazırlığı işinə olduqca böyük töhvə sayılacaq. Xüsusən bu sahədə çalışacaq kadrların hazırlanması, proqramların tərtib edilməsi, peşə təhsilinin inkişafı üçün də faydalıdır. Rayonların sosial, mədəni inkişafı, təhsilin, mədəniyyətin və digər infrastrukturun yaradılması təbii ki, işçi qüvvəsinə ehtiyac yaradacaq. Bu da ölkədə işsizliklə bağlı məsələlərin həllinə təsir edəcək”.