“Rusiyanın bəzi bölgələrində təbii fəlakətlərin miqyası bənzəri görünməmiş ölçüdədir”.
Teleqraf.com xəbər verir ki, bunu ölkənin Şərqi Sibir bölgəsindəki meşə yanğınları haqda danışan Rusiya Prezidenti Vladimir Putin deyib.
Yanğınların vurduğu ziyanın ən qısa vaxtda hesablanmasının lazım olduğunu vurğulayan Putin söyləyib:
“Yaşayış yerlərinin və sosial əhəmiyyətli obyektlərin bərpası ilə əlaqədar planların ən qısa vaxtda təsdiqlənməsi lazımdır”.
Son vaxtlar ölkəsində artan təbii fəlakətlərə diqqət çəkən Putin bunları deyib:
“Rusiyanın bəzi bölgələrindəki təbii fəlakətlərin miqyasının bənzəri görünməyib. Cənubda bir ay yağması gözlənilən yağış cəmi bir neçə saat davam edir. Şərqdə quraqlıq, güclü və gözlənilməz küləklər artıb. Gələcək üçün iqlim problemi ilə sistemli şəkildə məşğul olmaq lazımdır”.
İyul ayında Rusiyanın Sibir bölgəsində başlayan yanğınlarda indiyə qədər təxminən 3 milyon hektar meşə sahəsi külə çevrilib. Hökumət bölgədə fövqəladə vəziyyət elan edib.