Teleqraf.com Əfqanıstanda baş verən və regionun stabilliyinə təsir etmək gücündə olan prosesləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədovla müzakirə edib.
Onunla müsahibəni təqdim edirk:
- Fərda müəllim, dünya ABŞ və müttəfiqlərinin Əfqanıstanı tərk etməsi və paralel olaraq əfqan hökumətinin çökməsi, “Taliban”ın ölkədə hakimiyyəti ələ keçirməsinə şahidlik edir. Siz bu mənzərəni, onun arxa planında qurulan ssenarini necə görürsünüz?
- Əvvəlcə baxaq ki, bu hadisələr nəticəsində vəziyyət hansı hala gəldi, ortada nə oldu. Gördüyünüz kimi ABŞ-ın bilavasitə dəstəklədiyi hökumət bir göz qırpımında səhnədən çıxdı. Yəqin ki, bu hökumətin, onun silahlı qüvvələrinin, strukturlarının gücləndirilməsi üçün xeyli vəsait qoyulmuşdu. Avadanlıqlar, silah-sursat, maliyyə-hamısı vardı. Əgər, bu hökumət özünü qorumaq haqqında düşünəcəkdisə, ola bilsin ki, bu Əfqanıstanda yeni bir vətəndaş müharibəsinə gətirib çıxara bilərdi. Əgər, Taliban ABŞ-ın gedişindən sonra qəti hücuma keçmiş olsaydı. Amma bu da baş vermədi. Bəziləri hökumətin səhnədən getməsini faciə kimi görür. Məncə, Əfqanıstan və onun xalqı üçün bu, bəlkə də, hadisələrin ən mülayim inkişafı deməkdir. Çünki belə bir qarşıdurma olmadı, əlavə qan axıdılmadı, yeni qanların tökülməsi üçün imkanlar yaranmadı. Əlbəttə, müxtəlif fikirlər deyilə bilər. "Taliban" nəzarəti ələ almaqla nəyə nail olub? Bütün sosial, illərlə Əfqanıstan hökumətinə verilən texnika, silahlar, avadanlıqlar "Taliban"ın əlində qaldı. Yəni əvvəlki dünyəvilik siyasəti aparan hökumətə qoyulan investisiya faktiki "Taliban"ın əlinə düşdü. Əgər "Taiban"la ABŞ və ya bu prosesin arxasında duran qüvvələr arasında siyasi yaxınlaşma olubsa, bu, o deməkdir ki, bunun maddi təminatı da göz önündədir. Amma bunlar bilavasitə strukturlara verilmədi, sanki "Taliban"ın addımları nəticəsində əlinə keçdi. Nəticə budur. Güman edirəm ki, bu, Taliban hökumətinin inkişafı üçün yaxşı töhfə oldu. Əgər əməkdaşlıq və danışıqlar davam edəcəksə, bu töhfə yeni hökumətin stabilləşməsi üçün amilə çevrilə bilər. Bu o demək deyil ki, "Taliban" tədricən hüquqi dövlət yaradaraq beynəlxalq əlaqələrdə portniyora çevriləcək. Məncə, çox şey onların siyasətindən asılı olacaq. İndilikdə start vəziyyəti belədir.
İkinci maraqlı məsələ isə ondan ibarətdir ki, görünür, ABŞ xarici siyasətində çoxdandır söhbəti gedən və ola bilsin ki, əsasını Trampın qoyduğu siyasi prioritetlər davam etməkdədir. Biz əslində Tramp və Bayden xarici siyasəti arasında böyük uçurum görmürük. Əksinə, ardcıllıq müşahidə edirik. Bu da ondan ibarətdir ki, ABŞ öz dövlət maraqlarını üstün tutub, başqa dövlətin maraqlarını, dövlət quruculuğu problemlərini üzərinə götürmür. Sadəcə onlarla təmasda olaraq beynəlxalq siyasətdə müyyən prinsiplərin bərqərar olması üçün çalışmağa üstünlük verir.
Burada tarixi məqam da var. Əlbəttə, Əfqanıstan eksprimentlər ölkəsi oldu. Müxtəlif inkişaf modelləri sanki xaricdən gələrək onların üzərində həyata keçirildi. Bunların hər birini də əfqan xalqı ardıcıl olaraq rədd edib. Onların taleyi, xalqın inkişaf seçimi sanki onların özünə verilir. Çox şey ondan asılıdır ki, bu dövlətdə nəhayətdə daxili dialoq yaratmaq mümkün olacaq, ya yox. Mən optimist olmaq istərdim. Bəlkə də, ilk dəfə müəyyən imkanın olması haqda düşünə bilərik. Çünki bu dəfə "Taliban" sanki mülayim görünür. Digər tərəfdən, onlar Kabili ələ keçirdikdən sonra ilk bəyanatları, sözçülərinin açıqlamaları ilə diqqəti çəkdilər. Onlar qisas almaq niyyətində olmadıqlarını dönə-dönə qeyd edirlər. Hamını dialoqa, dövlət quruculuğuna dəvət edirlər. Bunun belə olub-olmayacağını demək bizim üçün çətindir.
ABŞ kənara çəkilib və hələ ki düşmən obrazındadır. Eyni zamanda görünür ki, müsəlman dünyasında ideoloji, maddi və hərbi güc mərkəzləri yaranır. Onlar çevik və müasir siyasət aparmağa qadirdirlər. İlk növbədə Türkiyədən söhbət gedir. Onun Yaxın və Orta şərqdə artan əhəmiyyəti və təşəbbüskarlığı var. Gözləmək olar ki, beynəlxalq müstəvidə Türkiyənin əhəmiyyəti daha da artacaq. "Taliban"la Türkiyə arasında təmas artdıqca daha etibarlı bir münasibət qurmaq, "Taliban" hökumətini beynəlxalq siyasət mədəniyyətinə qatmaq mümkün ola bilər. Məncə, bu, əslində hamının xeyrinə olan hadisə olardı. İstər ABŞ-ın, istərsə də region dövlətlərinin.
- Bəzi mütəxəssislər hesab edir ki, indi Əfqanıstanda ortaya daha çox Çin, Rusiya və Pakistan çıxacaq. Doğurdanmı, bu bölgədə ABŞ-ın sıradan çıxan nüfuz dairəsi onun rəqiblərinin imkanlarının genişlənməsinə yol açacaq?
-Yəqin hamı düşünür ki, yeni yaranacaq hökumətlə daxildə sabitlik imkanları genişləndikcə münasibət qurmaq hər bir ölkənin seçimi olacaq. İndi əsas qayğı və narahatçılıq nədir? Taliban öz dövlət quruculuğu ilə məşğul olacaq, yoxsa regionda iddialı aqressiv siyasət aparmaqla yeni proseslər yaradacaq. Hələlik bu bilinmədiyi üçün onlarla təmasa can atmaq istəyən qüvvələr çox olacaq. İndilikdə Rusiya bunu nümayiş etdirir. Hətta qeyd edir ki, Kabildə səfirliklərini saxlayırlar, Taliban onları qoruyur.
Çin də sözsüz ki, burada marağı olan qüvvədir. Qədim “İpək Yolu”nun bərpası, Çinin nüfuz dairəsinin genişlənməsi Pekinin strategiyasında yer alan məsələdir. Yəni Çinin nüfuz dairəsinin genişlənməsi strategiyasında Əfqanıstanın tarixən olan yeri də var. Amma mən düşündüyüm qədər məsələ daha çox ABŞ və Qərbin hansı tərəflərlə dil tapıb əməkdaşlıq etməyindən asılıdır. Qərbin məğlubiyyəti, geriyə çəkilməsi və nüfuzunun düşməsi kimi fikirlərlə tam razı ola bilmərik. Biz deyə bilərik ki, təsirli və bilavasitə müdaxiləsi olan Qərb siyasəti burada öz əhəmiyyətini itirir. Ancaq bu o demək deyil ki, onlar burada məsələlərə biganə yanaşaraq vəziyyəti başqa qüvvələrin ixtiyarına verəcək. Burada əlbəttə, Türkiyə və onunla əməkdaşlıq, müttəfiq edən ölkələrin əhəmiyyətinin artmasını gözləyirəm. Zənnimcə, burada Azərbaycan da özünəməxsus yer tutmaqdadır. Bu yaxınlarda Türkiyə, Pakistan və Azərbaycan arasında əməkdaşlıq haqqında sazişlər, qətiyyətli mövqe tutmaları regionun daxilində mərkəzləşməni bildirir. Bu, böyük əhəmiyyəti olan amilə çevrilə bilər.
- Sİzcə "Taliban" hansı xətti, siyasəti seçəcək?
- Bu, əslində indi müzakirələrin mərkəzində duran sualdır. Hər şey ondan asılıdır ki, "Taliban" öz dövlət quruculuğunu hansı tərzdə və hansı məqsədlər əsasında inkişaf etdirəcək. İlk növbədə "Taliban" hərəkatının daxili münasibətlərini, iç məsələlərini bilmək lazımdır. Mənim bildiyim odur ki, "Taliban" ideoloji və taktiki üstünlüklər baxımından vahid qüvvə kimi görünmür. Onların arasında radikallar, daha mülayim cinah var. Mən onların hökumətinin necə formalaşacağı, hansı qrupların burada üstünlük qazanacağını deməkdə çətinlik çəkirəm.
Əgər daxili siyasətdə nasazılıqlar, narazılıqlar və qarşıdurma artacaqsa, bu halda yenidən düşmənçilik siyasətinə müraciət ola bilər. Yəni hakimiyyətdə olanlar buna əl ata bilər. Yenə də zor gücü, aqressiv siyasət aparmaqla, radikal islamçılıqla insanları bir tərəfdən birləşdirə, digər tərəfdən təsir və nəzarət altına saxlamaq məsələsi ortaya çıxa bilər. Bu sözsüz ki, xoşagəlməz variant olardı. Arzu edərdim ki, əfqan xalqı bu dəfə öz müqəddaratını təyin etmək üçün şans qazanıbsa, bu şansa bir sadiqlik nümayiş etdirsin. Bu mümkün olsa, hamı fayda götürəcək.
- Bu baş verməsə, etnik və milli nüansları nəzərə alaraq ölkədə vətəndaş müharibəsi ola bilərmi?
- Bəli, bunu istisna etmək mümkün deyil. Bir daha qeyd edim milli qarşıdurmalar məsələsi nəzərdən qaçmamalıdır. Silahlı taciklər, özbəklər və digər güclü qruplaşmalar var. Ancaq biz onu müşahidə edirik ki, müxtəlif qruplar vardır ki, əvvəlki ABŞ-ın dəstəklədiyi yerli hökumətlə əməkdaşlıq edirdilər. İndi onlar birmənalı şəkildə "Taliban"la bağlı neytral mövqe tutdular. Söhbət ondan gedə bilər ki, indi bu qüvvələrin vətəndaş cəmiyyəti prosesinə qatılması nə dərəcədə mümkün olacaq. Bu dəfə çətinlik ondadır ki, bu prosesi dəstəkləyən, ona moderatorluq edən qüvvə kimi ABŞ ortada olmayacaq. Daxildə bunu həyata keçirmək üçün liderlik potensialı olan qüvvəni də görmürəm. Bəlkə də onu görənlər var...
- Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai tərəflər arasında körpü yaratmaq niyyətini ortaya qoyub. Onun bu təklifi nə dərəcədə reallaşa bilər?
- Sabiq prezident hələlik simadır. Bu sima ətrafında hamının cəmləşib-cəmləməyəcəyini deyə bilmərəm. Xaricdən isə gördüyünüz kimi Dohadakı danışıqlar sanki prosesə ideoloji implus verir. Doha danışıqları əslində bir neçə tərəflərin təmsilçiliyi ilə baş verir. Burada Ərəb ölkələri bir variantdır. Şübhəsuiz Türkiyə var. Haradasa ərəb dünyasında olan mülayim islamçı qüvvələr bu prosesə yəqin ki, dəstək verir.
Yeri gəlmişkən, bir məqamı burada xatırlatmaq yerinə düşərdi. Ərəb dünyasında olan mülayim islamçı qüvvələrin bir vaxt inkişafı baş verirdi. Amma nədənsə dayandı və ya dayandırıldı. Mən bilmirəm, bu səhv oldu, ya şərtlər belə gətirdi. Mən Misirdəki qısamüddətli Mursi hakimiyyətindən və onun taleyindən gedir. Bəlkə, bu o mənada Əfqanıstanda növbəti mərhələdir və islamçı siyasətin beynəlxalq siyasi səhnəyə tam hüquqlu tərəfdaş kimi gəlməsidir. Məncə, burada Türkiyənin rolu da böyük əhəmiyyət kəsb edə bilər. Əgər Türkiyə bu prosesi incəliklə apara bilsə, deyərdim ki, Yaxın və Orta şərqdə Türkiyə yenidən əhəmiyyətli rol oynaya bilər. Belə olarsa, biz Türkiyə modelinin və təcrübəsinin böyük vüsət almasını görə bilərik. Bunun üçün əslində tarixi zəmin də var.
- İddialar var ki, "Taliban" hakimiyyətdə möhkəmlənə bilsə, bu, Rusiya üçün təhdid yaradacaq. Bu yanaşmanı nə dərəcədə əsaslı hesab etmək olar?
- Mən istəməzdim ki, bu, bilavasitə hərbi təhlükəyə çevrilsin. Amma bir neçə faktorlar var ki, Rusiya üçün yeni çağırış və problemdir. Aydındır ki, Cənubi Qafqazdan və Azərbaycandan fərqli olaraq Orta Asiya rejimləri üçün ən böyük müxalif qüvvə potensialı İslam partiyaları olub. Bu partiyaların həmsərhəd olan Əfqanıstanda güclənməsi və potensialının artması şübhəsiz ki, Orta Asiya ölkələri üçün gərginlik gətirən amil olardı. Əgər Əfqanıstan bu kanalla Orta Asiyadakı hadisələri gərginləşdirmək və beləcə Rusiya sərhədlərində zəncirvari konfliktlərin gərginləşməsinə səbəb olacaq xətti götürəcəksə, Rusiya təsir dairəsinin olduğu bu regiona əlavə gərginlik gətirəcək. Bu rəqabət nəticəsində Rusiya öz güclərini səfərbər etməli olacaq. İstər iqtisadi, istər siyasi, istərsə də hərbi baxımdan. Hərbi əməliyyatlardan söhbət getmir.
- "Taliban" istəsə Əfqanıstanı 50 ildən çoxdur mövcud olan qarşıdurmadan çıxara və bu ölkə tarixində yeni səhifə aça bilərmi?
- Düşünürəm ki, çıxara bilər. Zənnimcə, əsaslı tendensiyasının bünövrəsi qurula və beləcə Əfqanıstan hamı üçün gərginlik ölkəsindən portnyor ölkəyə çevrilə bilər. Bu da əslində beynəlxalq münasibətlərin sağlamlaşmasına da gətirib çıxara bilər. Hələlik təəssüflər olsun ki, İslam qaydası ilə həyatını quran insanlar ancaq orta əsir qaranlıq dövrü ilə assoisasiya edilir. Halbuki, bu ideoloji çərçivədə öz həyatını quran insanlar xeyli dərəcədə mənəvi dəyərlər, insana hörmət, sosial qruplara yardım göstərən strukturlar yaradırlar. Bu mümkün olsa, Əfqanıstan üçün yeni səhifə açılardı. Bir daha qeyd edim ki, bizim gözəl və insanpərvər həyat haqqında təsəvvürlərimiz ola bilər, amma şərt deyil ki, bunu hamı bölüşsün. Başqalarının təsəvvürləri fərqli ola bilər. Əsas odur ki, bu qarşılıqlı hörmətlə müşayiət olunsun. Bu halda ortaya çıxan daha çox oxşarlıqlar olacaq, nəinki fərqlər. Belə vəziyyətdə həm də müxtəlifliyi təmsil edən tərəflər öz faydasını götürə bilər.